Əziz Əliyev

Əziz Məmmədkərim oğlu Əliyev (1 yanvar 1897, İrəvan – 27 iyul 1962, Bakı) — görkəmli dövlət və elm xadimi, həkim, tibb elmləri doktoru, professor.

Görkəmli alim və ictimai xadim Əziz Məmmədkərim oğlu Əliyev 1897-ci ildə yanvar ayının 1-də İrəvan şəhəri yaxınlığında olan Hamamlı kəndində dünyaya göz açıb. İlk təhsilini İrəvanda İbadulla bəy Muğanlinskinin pansionatında alıb. Ona pansionatda Fars Abbasın oğlu, gələcəyin tanınmış dilçi-alimi Cabbar Məmmədzadə dərs deyib. Burada onlar ərəb, fars və rus dilləri ilə yanaşı fransız dilini də öyrənirdilər. Görkəmli tədqiqatçı-alim Əziz Şərif yazır ki, o zaman azərbaycanlı uşaqları gimnaziyaya hazırlaşdırmaq üçün İrəvanda iki pansionat var idi. Bunların birini müəllim Cəfər bəy Cəfərov, ikincisini İbadulla bəy Muğanlinski ilə Cabbar bəy Məmmədov saxlayırdı. Əziz Əliyev pansionatı bitirdikdən sonra 1908-ci ildə İrəvan gimnaziyasında təhsilin davam etdirmişdir.

1917-ci ildə İrəvan gimnaziyasını qızıl medalla bitirib. Lakin ali təhsilini davam etdirmək üçün maddi imkanı olmayıb. Bu məqsədlə məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə məktubla müraciət edib. Hacı Zeynalabdin Tağıyev ona 300 manat pul göndərib. Əziz Əliyev həmin vəsait hesabına Peterburqa gedərək Hərbi-Tibb Akademiyasına daxil olub.

1918-ci ildə ikinci kursda təhsil alarkən Əziz yay tətilini İrəvanda keçirir. Həmin il atasının vəfat etməsi ailənin bütün ağırlığını onun çiyinlərinə qoyur və Əziz Əliyev təhsilini yarımçıq qoymağa məcbur olur. Daşnak fitnəkarlarının baş qaldırması üzündən ailəlikcə əvvəlcə Naxçıvanın Şərur rayonuna, sonra Şahtaxtı kəndinə, oradan isə Cənubi Azərbaycanın Ərəblər kəndinə köçürlər. 1921-ci ildə yenidən Şahtaxtıya qayıdan ailə iki il burada yaşayıb.

1923-cü ilin mayında Əziz Əliyev Bakıya köçüb. Bununla da onun həyatının yeni mərhələsi başlayıb. Bakıda ilk vaxtlar Azərbaycan SSR Xalq Komissarları Şurasında iş icraçısı, həmin idarənin ümumi şöbə müdirinin müavini, katibin müavini və nəhayət, respublika Xalq Komissarları Şurasının katibi vəzifələrində çalışıb. Həmin il Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinin terapevt şöbəsinə qəbul olunub və dörd il sonra universiteti müvəffəqiyyətlə bitirib. Universitetin daxili xəstəliklər kafedrasında saxlanılıb.

Əziz Əliyev 1929-cu ildə Xalq Səhiyyə Komissarlığının müalicə şöbəsinin müdiri, Bakı səhiyyə şöbəsinin müdiri, xalq səhiyyə komissarı vəzifələrində çalışarkən respublikanın bütün rayonlarını qarış-qarış gəzib, səhiyyə sahəsində mövcud problemlərin aradan qaldırılması üçün əməli tədbirlər görüb və namizədlik dissertasiyasını müdafiə edib. 1929-cu ilin oktyabrından respublika xalq səhiyyə komissarının müavini, daha sonra Kliniki İnstitutun direktoru olub. 1932-ci ildə isə Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru təyin edilib.

Rektor olduğu üç il ərzində — 1932–1935-ci illərdə — onun yüksək təşkilatçılığı sayəsində Azərbaycan dilində 45 adda dərslik və dərs vəsaiti hazırlanaraq nəşr olunub. Onların sırasında Əziz Əliyevin “Kliniki-diaqnostik laboratoriya analizi”, K. Balakişiyevin “İnsanın normal anatomiyası”, M. Qəniyevin “Mikrobiologiya kursu”, U. Musabəylinin “Göz xəstəlikləri”, Y. Qazıyevin “Yüngül vərəm” və digər fundamental əsərlər yer alıb.

Əziz Əliyev 1934-cü ilin martında Bakı Şəhər Səhiyyə Şöbəsinin müdiri seçilib və üç aydan sonra yenidən əvvəlki vəzifəsinə — Azərbaycan Tibb İnstitutunun rektoru vəzifəsinə qaytarılıb. O, eyni zamanda Azərbaycan Əczaçılıq İnstitutunun direktoru olub və 1938-ci il iyunun 1-dək hər iki instituta rəhbərlik edib.

1935-ci ildə Əziz Əliyev namizədlik dissertasiyasını müdafiə edib, iki il sonra dosent adına layiq görülüb. Zəhmətkeş alim 1937-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. Onun dissertasiya işi 1938-ci ilin sonunda pul mükafatına layiq görülüb.

Əziz Əliyevin elmi fəaliyyəti onu ictimai fəaliyyətindən heç də təcrid etməyib. O, 1936-cı ildən Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin üzvü olub, 1937-ci ildə isə SSRİ Ali Sovetinə, daha sonra Azərbaycan SSR Ali Sovetinə deputat seçilib.

Bu illər ərzində Əziz Əliyev 20-dən artıq elmi və publisistik məqalə dərc etdirib, Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığına və Azərbaycan Dövlət Universitetinə rəhbərlik edib.

1930-cu illərin sonunda Əziz Əliyev artıq təşkilatçılıq bacarığı ilə respublikada ən çox nəzərə çarpan kadrlardan birinə çevrilib. Getdikcə daha məsul vəzifələrə irəli çəkilib. Əvvəlcə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi, 1941-ci ilin martında isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi seçilib.

İkinci Dünya müharibəsi başlayarkən əldə olunmuş razılığa əsasən, keçmiş Sovet Ordusu İrana daxil olarkən Əziz Əliyev Hərbi Şuranın üzvü kimi oraya göndərilib.

1942-ci ilin sentyabrında Ümumittifaq Kommunist Partiyası Mərkəzi Komitəsi Əziz Əliyevi Dağıstana birinci katib göndərib. Dağıstanda 1942–1948-ci illərdəki fəaliyyəti Əziz Əliyevin həyatında xüsusi mərhələ təşkil edib. Dağıstan ərzağın və neftin eşalonlarla cəbhəyə göndərilməsi üçün cənub respublikaları ilə cəbhə arasında bir növ körpü rolunu oynayırdı. Əziz Əliyev belə ağır şəraitdə fəaliyyətə başlayıb və gərgin əməyi, yorulmadan çalışması sayəsində qarşısında duran çətinliklərin öhdəsindən bacarıqla gəlib.

Əziz Əliyevin Dağıstanın rəhbəri olduğu illərdə burada akademik mərkəz və elmi-tədqiqat bazası yaradılıb, sonralar həmin baza SSRİ Elmlər Akademiyasının filialına çevrilib. Qadınlar İnstitutu və qadınlar məktəbi açılıb. Vilayətin gəncləri təhsil almaq üçün keçmiş SSRİ-nin ali məktəblərinə göndərilib. Əziz Əliyev respublikanın ədəbiyyat və incəsənət xadimlərinə də həmişə qayğı göstərib, onların yaradıcılığı üçün lazımi şərait yaradıb.

Əziz Əliyev Dağıstanda işlədiyi altı il ərzində muxtar respublikada misli görünməmiş dərəcədə böyük işlər görüb. Eyni zamanda həmin ərazidən SSRİ Ali Sovetinə və Dağıstan MSSR Ali Sovetinə deputat seçilib. Xalq arasında “Qurucu Əziz” adı ilə tanınan Əziz Əliyev 1948–1950-ci illərdə ÜİK(b)P MK-nın inspektoru, 1950–1951-ci illərdə isə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışıb.

Uzun müddət öz peşəsindən — həkimlik sənətindən uzaq qalan Əziz Əliyev 1952-ci ildə Azərbaycan SSR Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru təyin olunaraq yenidən öz peşəsinə qayıdıb. Onun rəhbərliyi dövründə institutun beşcildlik elmi əsərləri, 122 elmi iş və metodik xarakterli 13 broşür nəşr olunub.

Əziz Əliyev 1958-ci il aprelin 14-də professor adına layiq görülüb və həmin ildən ömrünün sonunadək — 1962-ci ilədək Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutuna rəhbərlik edib.

Əziz Əliyev 1962-ci il iyulun 27-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub. Azərbaycanda və Dağıstanda bir sıra küçələrə onun adı verilib.

Əziz Əliyevin zəngin irsindən danışarkən onun ailəsinin Azərbaycan elm və mədəniyyətinə verdiyi töhfələri xüsusi qeyd etmək lazımdır. Əziz Əliyev və həyat yoldaşı Leyla xanımın ailəsində Azərbaycan tarixində özünəməxsus iz qoymuş görkəmli şəxsiyyətlər yetişib. Onun övladları arasında görkəmli terapevt-alim, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi Tamerlan Əliyev, dünya şöhrətli oftalmoloq-alim, akademik, Əməkdar elm xadimi Zərifə Əliyeva, tanınmış onkoloq-alim, akademik Cəmil Əliyev və görkəmli musiqişünas, pianoçu, Əməkdar incəsənət xadimi Gülarə Əliyeva kimi Azərbaycan elminə və mədəniyyətinə böyük töhfələr vermiş şəxsiyyətlər olub.

Bu mənada Əziz Əliyevin həyat yolu yalnız onun dövlət və elm sahəsindəki çoxşaxəli fəaliyyəti ilə deyil, həm də Azərbaycan xalqına, elminə və mədəniyyətinə xidmət edən böyük bir ziyalı nəslinin formalaşmasına verdiyi töhfə ilə əlamətdardır. Onun ailə ocağında yaranan elmə, təhsilə, sənətə və xalqa xidmət ənənəsi sonrakı nəsillərdə də davam etdirilərək Azərbaycanın ictimai, elmi və mədəni həyatında parlaq izlər buraxıb.