Qərbi Azərbaycan İcması
Saleh Məşədi Teymur oğlu Güllicinski – (17 sentyabr 1899, İrəvan – 3 yanvar 1938 ) - İrəvanın sayılan ailələrindən olan Məşədi Teymurla Leyli xanımın ailəsində anadan olub.
İrəvandakı Puşkin adına şəhər məktəbini bitirib, 1911-1915-ci illərdə oxuyub və 1916-cı ildə İrəvan Müəllimlər Seminariyasından məzun olub.
5 mart 1916-cı ildən 6 iyun 1918-ci ilə qədər İrəvan dairə məhkəməsində işləyib. Ermənistan Fövqaladə Komisiyasının ilk müstəntiqlərindən olub. İrəvanda yaradılmış ilk partiya təşkilatının üzvlərindən biri olan Saleh Güllücinski 1921-ci ilin əvvəllərində Vedi rayon Hərbi İnqilab Komitəsinin ilk sədri vəzifəsinə göndərilir.
1922-ci ildə Vedi rayon icraiyyə komitəsinin sədri vəzifəsində çalışıb. 1922-ci ilin sonlarında Tiflisə, Zaqafqaziya Universitetinə təhsilini davam etməyə göndərilir. 1924-1926-cı illərdə Tiflisdəki Zaqafqaziya Kommunist Universitetində təhsil alıb.
İctimai xadim Saleh Güllücinski 1930 - 1937 ci illərdə Azərbaycan KP MK yanında Partiya məktəbinin rektoru, Qasım İsmayılov rayonu MTS-da (Maşın Traktor Stansiyası) siyasi şöbə rəisi vəzifələrində çalışıb. 1937-ci ildə Azərbaycan K(b)P MK yanında Kənd Təsərrüfatı Məktəbinin rektoru rektoru olaraq fəaliyyət göstərib və həmin ildə Zaqafqaziyada ilk “Lenin” ordeni ilə təltif olunub. 3 yanvar 1938-ci ildə repressiya qurbanı olub.