Teymur Bünyadov

Teymur Nağdalı oğlu Bünyadov - (25 dekabr 1911, Qafan, Yuxarı Girətağ – 9 aprel 1974, Bakı) — Azərbaycan hərbi xadimi, general-mayor.

Teymur Nağdalı oğlu Bünyadov 25 dekabr 1911-ci ildə Zəngəzur mahalının Qafan rayonunun Girətağ kəndində anadan olub.

1941-ci ildə Qafan Rayon Hərbi Komissarlığından ordu sıralarına çağırılıb. F.E. Dzerjinski adına Artilleriya Akademiyası nəzdində artilleriya birləşmələri üçün komissarlar hazırlayan birillik kursu bitirib. Böyük Vətən müharibəsi illərində Stalinqrad və Cənub-Qərb cəbhələrinin siyasi idarələrində baş təlimatçı vəzifəsində xidmət edib.

1946–1952-ci illərdə müxtəlif rəhbər vəzifələrdə çalışıb. Bu dövrdə “Buzovnaneft” tresti rəisinin müavini, Azərbaycan SSR Yeyinti Sənayesi nazirinin birinci müavini və digər məsul vəzifələrdə işləyib.

1952-ci ildə yenidən hərbi xidmətə çağırılan Teymur Bünyadov diviziyanın siyasi idarəsinin rəisi təyin olunub və 1955-ci ilədək bu vəzifədə xidmət edib.

1955–1960-cı illərdə Azərbaycan SSR Daxili İşlər nazirinin müavini, 1960–1967-ci illərdə Azərbaycan SSR Daxili İşlər Nazirliyində komendant, 1967–1970-ci illərdə isə SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Zaqafqaziya üzrə komendantının birinci müavini vəzifələrində çalışıb. 1970–1974-cü illərdə Azərbaycan SSR Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə fəaliyyət göstərib.

Teymur Bünyadova general-mayor hərbi rütbəsi 1966-cı ildə verilib.

Uzun sürən xəstəlikdən sonra 9 aprel 1974-cü ildə Bakıda vəfat edib. Teymur Bünyadov Fəxri Xiyabanda dəfn olunub.