Xəbərlər

Amasiya kəndləri arasında II mini-futbol çempionatına start verilib
14 sentyabr 2026, 12:05

13 sentyabr 2026-cı il tarixində Qərbi Azərbaycanın Amasiya rayonunun kəndləri arasında II mini-futbol çempionatının açılış mərasimi keçirilib.
Tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin, eləcə də Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra qədim el adətlərinin yaşadılması və milli ruhun nümayiş etdirilməsi məqsədilə qara zurnanın müşayiəti ilə “Ağbaba” yallısı ifa olunub. Tədbir iştirakçıları yallıya qoşularaq bu ənəni böyük coşqu ilə yaşadıblar.
Tədbiri açıq elan edən Amasiya İcmasının sədri, akademik Abel Məhərrəmov belə yarışların Amasiya kəndlərini təmsil edən komandaları bir araya gətirməklə yanaşı, icma üzvləri arasında birlik və həmrəyliyin möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıb. O, çempionatın keçirilməsinin gənclərin idmana marağının artırılması, kəndlər arasında əlaqələrin daha da gücləndirilməsi və icma üzvlərinin bir araya gəlməsi baxımından əhəmiyyət daşıdığını bildirib. Sonra söz Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərliyə verilib.
Əziz Ələkbərli çıxışında Amasiya İcmasının bu təşəbbüsünü yüksək qiymətləndirərək qeyd edib ki, belə tədbirlər Qərbi Azərbaycan həqiqətlərinin yaşadılması, tarixi yaddaşın qorunması və icma üzvlərinin vahid amal ətrafında birləşməsi baxımından mühüm əhəmiyyət daşıyır. İcma sədri Qərbi Azərbaycan həqiqətlərinin təbliğinə göstərilən diqqətə, Qərbi Azərbaycana qayıdış hərəkatının inkişafı üçün yaradılan şəraitə və bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Qərbi Azərbaycan İcması adından təşəkkürünü ifadə edib.
Daha sonra Milli Məclisin deputatı, İcmanın Qadınlar Şurası və Amasiya İcmasının üzvü Tənzilə Rüstəmxanlı çıxış edərək turnirin təşkilini yüksək qiymətləndirib, bu kimi təşəbbüslərin icma üzvləri arasında birlik və həmrəyliyin möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayıb. O, çempionatda iştirak edən kənd komandalarına uğurlar arzulayıb.
Açılış mərasimində Qərbi Azərbaycan İcmasının rəhbərliyi, ziyalılar, müxtəlif rayon icmalarının nümayəndələri, Amasiya icmasının üzvləri və çoxsaylı azarkeşlər iştirak ediblər. İştirakçılar qarşılaşmaları böyük maraqla izləyib, komandaların mübarizəsinə dəstək nümayiş etdiriblər. Çempionatın geniş iştirakla keçirilməsi Amasiya kəndləri arasında birlik və həmrəyliyin nümayişi ilə yanaşı, Qərbi Azərbaycan icmalarının ictimai həyatında bu kimi tədbirlərin əhəmiyyətini də göstərib.
Açılış mərasimindən sonra ilk qarşılaşmalar keçirilib. Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunlarda İlanlı komandası Ellərkənd komandasını 5:4, Qaracanta komandası Düzkənd komandasını 2:1, Daş Körpü Oxçuoğlu komandasını 5-2, Güllübulaq komandası isə Quzukənd komandasını 4:2 hesabı ilə məğlub edib.
Qeyd edək ki, II mini-futbol çempionatında Amasiya rayonunun 14 kəndini təmsil edən komandalar iştirak edir. Çempionat sentyabr-oktyabr ayları ərzində davam edəcək. Yarışların sonunda qalib komandalar mükafatlandırılacaq.