Xəbərlər

Ardanış kəndindən olan universitetə qəbul olunmuş gənclərlə görüş keçirilib
16 oktyabr 2026, 16:56

2026-cı ildə ali təhsil müəssisələrinə qəbul olunan Çəmbərək rayonunun Ardanış kəndindən olan gənclərlə görüş keçirilib.
Tədbir başlamazdan əvvəl Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin, eləcə də Azərbaycan dövlətinin qurucusu və memarı, ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ardanış kəndinin tarixi, mədəniyyəti və keçmişini əks etdirən videoçarx nümayiş olunub.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxışında gənclərin təhsil almasının, milli-mənəvi dəyərlərə bağlılığının və tarixi köklərini unutmamasının əhəmiyyətini vurğulayıb. O, gənclərin qazandıqları uğurların gələcək inkişaf üçün mühüm zəmin yaratdığını bildirib və onlara təhsillərində müvəffəqiyyətlər arzulayıb.
Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü, Çəmbərək rayon İcmasının sədri, iqtisad elmləri doktoru, professor Əvəz Ələkbərov gənclərin cəmiyyətin gələcəyindəki rolundan danışıb. O, ali təhsil almağın bilik və dünyagörüşünün inkişafında mühüm əhəmiyyət daşıdığını qeyd edərək, gəncləri qarşılarına qoyduqları məqsədlərə inamla irəliləməyə çağırıb.
Gənc alim, politoloq, siyasi elmlər doktoru, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının ictimaiyyətlə əlaqələr üzrə müşaviri, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov müasir dövrdə gənclərin elmə, təhsilə və innovasiyalara yiyələnməsinin vacibliyindən bəhs edib. O, gənclərin öz bilik və bacarıqlarını inkişaf etdirərək ölkənin ictimai-siyasi və elmi həyatında fəal iştirak etmələrinin əhəmiyyətini diqqətə çatdırıb.
Ardanış kənd icmasının sədri, professor Məmməd Kərimov isə kəndin zəngin tarixi və təhsil ənənələrindən söz açıb. O, Ardanışdan olan gənclərin ali məktəblərə qəbul olunmasının sevindirici hadisə olduğunu bildirərək, onların gələcək uğurlarının digər gənclər üçün də nümunə olacağına əminliyini ifadə edib.
Ardanış kənd icmasının sədrinin müavini Daşdəmir Əliyev çıxışında ali təhsil müəssisələrinə qəbul olunan gəncləri təbrik edərək, onlara gələcək təhsillərində və fəaliyyətlərində uğurlar arzulayıb.
Görüşdə iştirak edən gənclər onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər. Onlar ali təhsil müəssisələrinə qəbul olunmağın sevincini bölüşərək, gələcəkdə bilik və bacarıqlarını inkişaf etdirmək, qazandıqları uğurlarla doğma kəndlərini layiqincə təmsil etmək əzmində olduqlarını vurğulayıblar.
Görüşün sonunda 2026-cı ildə ali təhsil müəssisələrinə qəbul olunan gənclərə “Ardanışlı tələbə – 2026” təşəkkürnamələri və xatirə hədiyyələri təqdim olunub.
Tədbir gənclərin təhsil uğurlarının qiymətləndirilməsi, onların doğma kəndləri ilə əlaqələrinin möhkəmləndirilməsi və milli-mənəvi dəyərlərə bağlılığının təşviqi baxımından əhəmiyyət daşıyıb.