02 sentyabr 2026, 15:15
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün avqustun 31-də Qırğızıstan Respublikasına başlayan işgüzar səfəri Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişafı baxımından da mühüm əhəmiyyət kəsb edir. Cənab Prezident İlham Əliyevin sentyabrın 1-də “ŞƏT plyus” formatında keçirilən görüşdəki çıxışında Azərbaycan-Qırğızıstan münasibətlərinə xüsusi yer verməsi də təsadüfi deyildi”.
Bu sözləri Prezident İlham Əliyevin Qırğızıstan səfərini Patrul.az-a şərh edən deputat Əziz Ələkbərli deyib.
Deputat bildirib ki, cəmi bir ay əvvəl imzalanmış Müttəfiqlik Münasibətləri haqqında Müqavilə iki ölkə arasında münasibətləri keyfiyyətcə yeni mərhələyə çıxarıb:
“Azərbaycan və Qırğızıstan arasında tarixi, mədəni və mənəvi bağlar bu gün artıq siyasi müttəfiqlik, iqtisadi əməkdaşlıq və qarşılıqlı beynəlxalq dəstək ilə tamamlanır. Başqa sözlə, Azərbaycanla Qırğızıstanı birləşdirən də yalnız müasir diplomatik münasibətlər deyil, ortaq tarix, dil və mədəni yaddaş iki ölkə arasında daha geniş əməkdaşlıq üçün təbii zəmin yaradır.
Bu zəminin üzərində isə artıq yeni nəsil münasibətlər formalaşır: universitetlərarası əlaqələr, tələbə və müəllim mübadiləsi, elmi əməkdaşlıq, mədəni layihələr, biznes əlaqələri və qarşılıqlı investisiyalar.
Bu baxımdan təhsil sahəsində əməkdaşlığın genişlənməsi xüsusilə diqqətçəkəndir. Çünki dövlətlər arasında siyasi müqavilələri liderlər imzalaya bilər, iqtisadi layihələri şirkətlər həyata keçirə bilər, lakin həmin münasibətlərin gələcəkdə davamlı olmasını təmin edən əsas qüvvə insanlardır”.
Müsahib qeyd edib ki, Prezident İlham Əliyev tədbirdəki çıxışında Qırğızıstanın 2027-2028-ci illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini də yüksək qiymətləndirərək, Bişkeklə Bakının beynəlxalq platformalarda bir-birinə daha yaxın mövqedə dayandığını nümayiş etdirib:
“Bişkek görüşlərinin digər mühüm istiqaməti Azərbaycanın Mərkəzi Asiya ilə nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətidir. Orta Dəhliz bu baxımdan sadəcə yük daşınması marşrutu deyil. O, Çin və Mərkəzi Asiyanı Xəzər üzərindən Azərbaycan və Cənubi Qafqaz vasitəsilə Avropaya bağlayan böyük geoiqtisadi xəttdir.
Azərbaycanın burada yerləşməsi ölkəyə yalnız tranzit gəlirləri qazandırmır. Bu mövqe Bakının müxtəlif iqtisadi və siyasi mərkəzlər arasında əlaqələndirici rolunu da gücləndirir”, – deyə deputat vurğulayıb.