Xəbərlər

Basarkeçər kökənli 347 gənc ali məktəblərə qəbul olunub
04 oktyabr 2026, 22:18

4 oktyabr tarixində Basarkeçər İcması 2026-cı ildə ali məktəblərə qəbul olunmuş Basarkeçər əsilli gənclərlə görüş keçirib.

Tədbirdə Basarkeçər rayonunun kənd icmalarının sədrləri, ziyalılar, tələbələr, gənclər, onların valideynləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Basarkeçər rayonundan olan gənclərin 2026-cı il üzrə ali təhsil müəssisələrinə qəbul nəticələri təqdim olunub.

Basarkeçər rayon icmasının sədri, tibb elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Nuru Bayramov hesabat xarakterli çıxışında bildirib ki, bu il Basarkeçər kökənli 347 gənc ölkə daxilində və xaricdə yerləşən müxtəlif ali təhsil müəssisələrinə qəbul olunaraq tələbə adını qazanıb. Qəbul olunanların 181-i oğlan, 166-sı isə qızdır.

Gənclər müxtəlif ixtisas istiqamətləri üzrə təhsil alacaqlar. Onlardan 34-ü tibb, 15-i hüquq, 10-u dövlət idarəçiliyi, 33-ü pedaqoji ixtisaslar, 79-u mühəndislik, 55-i isə iqtisadiyyat sahəsinə qəbul olunub. Digər məzunlar müxtəlif ixtisaslar üzrə ali təhsillərini davam etdirəcəklər.

Qəbul olunanlar arasında xaricdə təhsil alacaq 39 gənc də var. Onlardan 3-ü ABŞ, 3-ü İngiltərə, 12-si Türkiyə, 8-i Rusiya universitetlərinə qəbul olub. Digər gənclər isə müxtəlif xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alacaqlar.

Bu il Basarkeçər kökənli 38 gənc 600-dən yuxarı bal toplayıb. Ən yüksək nəticə Böyük Məzrə kəndindən olan Ayan Niftəliyevaya məxsusdur. O, 676 bal toplayıb. Ayan Niftəliyeva Vətən müharibəsi şəhidi Ceyhun Niftəliyevin övladıdır.

Ali məktəblərə qəbul olunanların kəndlər üzrə bölgüsündə Nərimanlı 64 nəfərlə ilk sırada yer alıb. Zoddan 35, Daşkənddən 30, Böyük Məzrədən 25, Sarıyaqubdan isə 20 gənc tələbə adını qazanıb.

Qəbul nəticələrində diqqət çəkən məqamlardan biri də ən yaşlı tələbənin 58 yaşında olmasıdır. Basarkeçər rayonunun Qaraqoyunlu kəndindən olan, 1968-ci il təvəllüdlü Elbrus Hüseynov Azərbaycan Memarlıq və İnşaat Universitetinə qəbul olub.

Nuru Bayramov çıxışında bu nəticələrin hazırlanmasında və Basarkeçər gənclərinin təhsil göstəricilərinin araşdırılmasında aparılan işlərdən də danışıb. O, yüksək səviyyədə təşkilatlanma və koordinasiya işinə görə Basarkeçər rayonunun kənd icmalarının sədrlərinə təşəkkürünü bildirib, onların gənclərin təhsil uğurlarının sistemləşdirilməsi və təbliğindəki rolunu xüsusi qeyd edib.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov 347 gəncin ali məktəblərə qəbul olunmasını Basarkeçər kökənli gənclərin təhsilə və elmə marağının göstəricisi kimi qiymətləndirib.

Akademik qeyd edib ki, müasir dünyada ölkələrin inkişafını yalnız təbii sərvətlər deyil, ilk növbədə savadlı, yüksəkixtisaslı və dünyagörüşlü insanların yetişdirilməsi müəyyən edir. Əhliman Əmiraslanov Basarkeçər və ümumilikdə Qərbi Azərbaycan mənşəli gənclərin dünyanın nüfuzlu universitetlərində təhsil almalarını, müxtəlif ölkələrdə, o cümlədən tibb sahəsində uğurla fəaliyyət göstərmələrini xüsusi vurğulayıb.

O bildirib ki, Qərbi Azərbaycan kökənli mütəxəssislər, xüsusilə həkimlər xarici ölkələrdə yüksək peşəkarlıq nümayiş etdirirlər. Akademik gənclərə seçdikləri ixtisasa dərindən yiyələnməyi, təhsil illərindən səmərəli istifadə etməyi və gələcəkdə qazandıqları bilikləri cəmiyyətin inkişafına yönəltməyi tövsiyə edib.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxışında 347 gəncin ali məktəblərə qəbul olunmasını Basarkeçər elinin və bütövlükdə Qərbi Azərbaycan icmasının mühüm uğuru kimi dəyərləndirib.

Əziz Ələkbərli bildirib ki, gənclərin əldə etdiyi bu nəticələr yalnız fərdi və ailə uğuru deyil, bütövlükdə cəmiyyət üçün əhəmiyyətli göstəricidir. O, tələbələrə universitet illərində seçdikləri sahə üzrə dərin bilik və bacarıqlar qazanmağı, vaxtlarından səmərəli istifadə etməyi və öz üzərlərində daim işləməyi tövsiyə edib.

İcma sədri vurğulayıb ki, Azərbaycanın və Qərbi Azərbaycanın gələcəyində təhsilli, peşəkar və milli dəyərlərinə bağlı gənclərin mühüm rolu olacaq. O, gənclərin öz tarixlərini, doğma kəndlərinin və rayonlarının keçmişini dərindən öyrənmələrinin vacibliyini qeyd edib.

Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxışında belə tədbirlərin Qərbi Azərbaycan həqiqətlərinin gənc nəsil arasında tanıdılması baxımından əhəmiyyətini vurğulayıb.

Məlahət İbrahimqızı qeyd edib ki, tədbirdə iştirak edən gənclərin böyük əksəriyyəti Qərbi Azərbaycanda doğulmayıb, onların bir qisminin valideynləri belə həmin torpaqlarda dünyaya gəlməyib. Bu baxımdan gənclərin ailələrinin, valideynlərinin, babalarının və nənələrinin Qərbi Azərbaycandakı həyat hekayələrini öyrənməsi və gələcək nəsillərə çatdırması vacibdir.

Deputat gənclərə sosial media imkanlarından da səmərəli istifadə etməyi, doğma kənd və rayonlarının adlarını, ailə tarixlərini və Qərbi Azərbaycanla bağlı məlumatları müxtəlif platformalarda tanıtmağı tövsiyə edib. O bildirib ki, bu cür təşəbbüslər milli yaddaşın qorunmasına və Qərbi Azərbaycan həqiqətlərinin daha geniş auditoriyaya çatdırılmasına töhfə verir.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü, Milli Məclisin deputatı Sahib Alıyev, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini, Milli Məclisin deputatı Qaya Məmmədov, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının sədr müavini Səbinə Xasayeva və Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü, Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Rizvan Nəbiyev də çıxış edərək gəncləri ali məktəblərə qəbul olmaları münasibətilə təbrik ediblər. Çıxışlarda təhsilin, elmin, yüksəkixtisaslı kadr hazırlığının və gənclərin qarşısında duran yeni imkanların əhəmiyyəti qeyd olunub. Deputatlar tələbələrə seçdikləri ixtisaslarda uğur qazanmağı, bilik və bacarıqlarını daim artırmağı, Azərbaycanın inkişafına öz töhfələrini verməyi arzulayıblar.

Eyni zamanda, Basarkeçər rayonunun Azərbaycan elminə, təhsilinə, ictimai və mədəni həyatına bəxş etdiyi görkəmli şəxsiyyətlərdən söz açılıb, bu ənənənin yeni nəslin uğurları ilə davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Tədbirdə ali məktəblərə qəbul olunan tələbələr və onların valideynləri çıxış edərək göstərilən diqqət və dəstəyə görə təşəkkürlərini bildiriblər.

Sonda ali məktəblərə qəbul olunan gənclərə Basarkeçər İcmasının təbriknamələri təqdim edilib və tədbir iştirakçıları ilə xatirə fotosu çəkilib.