09 sentyabr 2026, 21:52
09 sentyabr 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasının inzibati binasında 2026-cı ilin qəbul prosesində ölkəmizin ali təhsil müəssisələrinə 600-dən çox balla qəbul olmuş, habelə xarici ölkələrin universitetlərinə təqaüdlə və ya yüksək qəbul nəticələri ilə qəbul olmuş Çəmbərək rayonundan olan gənclərlə görüş keçirilib.
Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev, habelə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, ardınca Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Görüşdə Azərbaycan gənclərinin inkişafı və ölkənin ictimai həyatında rolu ilə bağlı videoçarx nümayiş etdirilib. Həmçinin Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclər siyasəti ilə bağlı çıxışlarından nümunələr tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli yeni tələbə adını qazanan gəncləri təbrik edib və onlara gələcək təhsil həyatlarında uğurlar arzulayıb. Əziz Ələkbərli bildirib ki, gündən-günə inkişaf edən, getdikcə dünyada nüfuz qazanan, regionda söz sahibi olan Azərbaycanın dayanıqlı inkişafında, siyasi və mədəni həyatında, cəmiyyətin aparıcı qüvvəsi sayılan gənclik mühüm rol oynayır. Azərbaycan gəncləri dövlət quruculuğunda, ictimai-siyasi həyatda, ordu quruculuğunda, elm və təhsil sahələrində fəal iştirak edir, ürəkaçan uğurlar qazanırlar. İcma sədri qeyd edib ki, Qərbi azərbaycanlı gənclərin yüksək səviyyədə təhsil alması xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, gələcəkdə Qərbi azərbaycanlıların öz doğma yurdlarına ləyaqətli şəkildə, sülh yolu ilə qayıtması ideyasının yaşadılması və bu istiqamətdə görülən işlərin davam etdirilməsi missiyasında məhz gənclər mühüm rol oynayacaqlar.
Çəmbərək Rayon İcmasının sədri, professor Əvəz Ələkbərov da çıxışında gəncləri təbrik edib, onlara gələcək təhsil fəaliyyətlərində uğurlar arzulayıb. O, gənclərə təhsil həyatları ilə bağlı tövsiyələrini verib. Əvəz Ələkbərov qeyd edib ki, ölkəmizin parlaq gələcəyi, müstəqilliyimizin daha da möhkəmlənməsi məhz savadlı, geniş dünyagörüşünə malik və vətənpərvər gənclərlə təmin olunacaq. Çəmbərək Rayon İcmasının gənclərinin bu il qəbul imtahanlarında yüksək nəticələr əldə edərək böyük uğura imza atdıqlarını vurğulayan icma sədri səmimi təbriklərini gənclərə, onların valideynlərinə və müəllimlərinə çatdırıb.
Çəmbərək Rayon İcması sədrinin birinci müavini Aynurə Məhəmmədova Çəmbərək Rayon İcması üzrə bu il ali təhsil müəssisələrinə qəbul olmuş gənclərlə bağlı məlumatları tədbir iştirakçılarına çatdırıb.
Bildirilib ki, 2026-cı ildə ümumi tələbə adını qazanmış 221 gəncdən 21-i 600-dən çox balla ölkəmizin müxtəlif universitetlərinə qəbul olub. 11 nəfər isə Avropanın — Böyük Britaniya və Almaniyanın, Şərqi Asiyanın — Çinin, eləcə də Türkiyənin universitetlərinə təqaüdlə və yüksək nəticələrlə qəbul olub.
Çəmbərək Rayon İcması üzrə ən yüksək nəticə göstərən Toxluca kəndindən Həsənli Zəfər İlqar oğlu 697,5 bal toplayaraq Bakı Ali Neft Məktəbinə daxil olub.
Tədbirdə iştirak edən Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü, millət vəkili Arzuxan Əlizadə də gəncləri təbrik edib. O, çıxışında müasir dünyada ən böyük gücün elm və intellekt olduğunu bildirib. Millət vəkili Arzuxan Əlizadə gənclərə seçdikləri peşənin sirlərinə mükəmməl yiyələnməyi, daim öyrənməyi, irəli baxmaqdan qorxmamağı, dövlətimizə və millətimizə layiqli mütəxəssislər kimi yetişməyi tövsiyə edib, onlara səmimi və xoş arzularını çatdırıb. Arzuxan Əlizadə qeyd edib ki, təhsilə böyük dəyər verən gənclər, şübhəsiz ki, Vətənə və millətə də layiqli xidmət göstərəcəklər. Millət vəkili vurğulayıb ki, Azərbaycan gəncləri Vətən müharibəsində olduğu kimi, gələcəkdə qarşıda duran milli məsələlərin həllində də mühüm rol oynayacaqlar. Onun sözlərinə görə, Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıdışının təmin olunması istiqamətində həyata keçirilən fəaliyyətlərdə gənclər müstəsna əhəmiyyət kəsb edəcəklər.
Tədbirdə Çəmbərək Rayon İcması sədrinin müavini, Gölkənd kənd icmasının sədri Tanrıverdi Mustafayev, Qaraqaya kənd icmasının sədri Rüxsarə Həsənova, Çəmbərək Rayon İcmasında Beynəlxalq əlaqələr və Ziyalılar üzrə məsul şəxs Həqiqət Hacıyeva, "İncəsənətin tərəqqisinə dəstək" İB-in rəhbəri Turanə Orucova da çıxış ediblər.
Digər çıxışçılar gəncləri təbrik edərək onların təhsil alacaqları ali məktəblərdə də bu əzmi, elmə və təhsilə marağı qoruyub saxlayacaqlarına, hər zaman milli-mənəvi dəyərlərə sadiq qalacaqlarına, yüksək bilikli, savadlı və gələcəkdə peşəkar mütəxəssis kimi ölkəmizin inkişafına öz töhfələrini verəcəklərinə əminliklərini ifadə ediblər.
Valideynlər adından Akif Musayev və Validə Ağamalıyeva çıxış edərək Çəmbərək Rayon İcması tərəfindən gənclərə göstərilən diqqətə və dəyərə görə təşəkkürlərini bildiriblər.
Tədbirin sonunda ən yüksək nəticə göstərən gənclərdən Həsənli Zəfər — 697,50 bal və Məmmədova Nilufər — 660 bal — çıxış edərək əldə etdikləri uğurun sirlərindən, gələcək planlarından və qarşıya qoyduqları hədəflərdən bəhs edib, tədbirin təşkilatçılarına təşəkkürlərini bildiriblər.
Görüşün sonunda yeni tələbə adını qazanan gənclərə fəxri fərmanlar və xatirə hədiyyələri təqdim olunub. Tədbir gənc ifaçıların milli musiqi nömrələrindən ibarət bir neçə ifası ilə yekunlaşıb.












