05 avqust 2026, 14:41
Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri
Tarix salnaməmizin səhifələrini vərəqlədikcə xalqımızın əzəmətini, dövlətçilik ənənələrinin dərin köklərini və hər bir qarış torpağımız, hər bir su hövzəmiz uğrunda aparılan mübarizənin miqyasını bir daha dərindən dərk edirik. Bu gün – avqust ayının 5-i Azərbaycanda Hərbi Dəniz Qüvvələri Günü kimi qeyd olunur və bu əlamətdar tarix Azərbaycan hərbi dənizçiliyinin düz 107 illik şərəfli keçmişinə – şanlı Azərbaycan Xalq Cümhuriyyəti dövrünə gedib çıxır. Min bir zəhmətlə, 1919-cu ilin avqustunda əsası qoyulan milli hərbi donanma bu gün Xəzər dənizində Azərbaycanın suverenliyinin, qüdrətinin və sarsılmaz təhlükəsizliyinin mühüm dayaqlarından biri kimi qürurla dalğalanır. Bu tarix yalnız hərbi donanmanın sadəcə yaranma təqvimini deyil, həm də qüdrətli Azərbaycanın dəniz dövləti kimi öz təhlükəsizliyini qorumaq əzminin bir əsrlik zaman kəsiyində nümayiş etdirdiyi iradənin təntənəsidir.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra gənc və müstəqil dövlətin qarşısında duran ən müqəddəs vəzifələrdən biri milli ordunun, o cümlədən etibarlı silahlı qüvvələrin formalaşdırılması idi. Lakin Azərbaycanın təhlükəsizliyi heç də yalnız quru sərhədlərinin müdafiəsi ilə məhdudlaşmırdı, çünki Xəzərin ən mühüm və əzəmətli liman şəhərlərindən biri olan Bakı ölkənin döyünən ürəyi idi. Azərbaycanın zəngin neft sənayesi, geniş xarici iqtisadi əlaqələri baxımından Xəzər dənizi müstəsna strateji əhəmiyyət daşıyırdı və bu reallıq yeni dövlətin öz hərbi donanmasına sahib olmasını qaçılmaz zərurətə çevirirdi. 1919-cu ilin avqustunda ingilis qüvvələri Azərbaycanı tərk etdikdən sonra Xəzərdəki hərbi gəmilərin bir hissəsi Azərbaycan hökumətinin sərəncamına verildi və məhz bu tarixi addımla Azərbaycan milli hərbi donanmasının formalaşması başlandı. O dövrdə yaradılan ilk milli donanmanın tərkibində qəhrəmanlıq rəmzinə çevrilən “Ərdahan” və “Kars” kanoner gəmiləri xüsusi yer tutur, həmçinin “Astrabad”, “Göytəpə”, “Araz”, “Nargen” xidməti və köməkçi gəmiləri, “Oryol” nəqliyyat gəmisi, silahlı “Puşkin” paroxodu və müxtəlif katerlər Azərbaycan donanmasının sərəncamında xidmətə başladılar. Beləcə, cəmi bir il əvvəl öz müstəqilliyini bütün dünyaya bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyəti qısa zaman kəsiyində Xəzərdə öz əzəmətli hərbi qüvvələrini yaratmağa müvəffəq oldu. Lakin Cümhuriyyət qurucularının planları təkcə hərbi gəmilər əldə etməklə bitmirdi, çünki yeni donanmanın qarşılaşdığı ən böyük çətinliklərdən biri peşəkar hərbi dənizçi kadrların çatışmazlığı idi və bu səbəbdən Bakı Dəniz Aviasiyası məktəbinin bazasında xüsusi hərbi-dəniz aviasiyası məktəbinin yaradılması istiqamətində gərgin işlər aparıldı. Tarixə qızıl hərflərlə yazılan həmin günlərdə – 1919-cu il oktyabrın 14-də xüsusi dəniz aviasiyası dəstəsi yaradıldı ki, bu fakt unikal əhəmiyyət kəsb edir, çünki XX əsrin əvvəllərində hərbi aviasiya hələ dünyanın özündə belə yenicə addımlar atır, yeni inkişaf etməyə başlayırdı, lakin Azərbaycan Xalq Cümhuriyyəti məhdud imkanlarına rəğmən hərbi donanma ilə aviasiyanın vəhdətdə inkişaf etdirilməsinin nə qədər həyati əhəmiyyət daşıdığını çox gözəl anlayırdı. Hökumət Xəzərdə daha qüdrətli və əzəmətli hərbi donanma yaratmaq üçün böyük planlar qurur, 1919-cu ilin sonunda Baş Qərargahın nəzdində xüsusi hərbi dəniz şöbəsi yaradır, donanmanın silah və texnika ilə təmin olunması üçün dünyanın aparıcı dövlətləri ilə əlaqələr qururdu. Lakin təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü qısa oldu və 1920-ci ilin aprelində bolşevik Rusiyasının XI Qırmızı Ordusunun Azərbaycanı işğal etməsi ilə müstəqil dövlət quruculuğunun bütün sahələri kimi milli hərbi donanmanın da inkişafı qəddarlıqla dayandırıldı, Azərbaycanın Xəzərdə müstəqil hərbi güc yaratmaq ideyası isə onilliklər sonra – dövlət müstəqilliyinin bərpasından sonra yenidən həyata keçirilməyə başladı.
Müstəqilliyin bərpası ilə birlikdə donanma da yenidən ucaldı və 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini yenidən əldə etdikdən sonra qarşıda duran ən başlıca vəzifələrdən biri milli silahlı qüvvələrin, o cümlədən Hərbi Dəniz Qüvvələrinin formalaşdırılması oldu. Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində 1996-cı ildə imzalanan tarixi fərmana əsasən, avqustun 5-i Azərbaycanda Hərbi Dəniz Qüvvələri Günü kimi təsis edildi və bununla da müasir Azərbaycan hərbi donanması ilə 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı milli donanma arasındakı qırılmaz tarixi varislik xətti qürurla bərpa olundu.
Bu gün isə Müzəffər Ali Baş Komandan, Qalib Lider İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində Azərbaycan Silahlı Qüvvələri, o cümlədən Hərbi Dəniz Qüvvələri yeni, misli görünməmiş qüdrət zirvəsinə ucalmışdır. 44 günlük şanlı Vətən müharibəsində qazanılmış tarixi Zəfər və Müzəffər Ali Baş Komandanın dəmir yumruq siyasəti bütün sahələrdə olduğu kimi, hərbi dənizçiliyimizin də inkişafına yeni nəfəs, yeni geostrateji güc verdi. Qalib millətin müzəffər ordusu Xəzərin su hövzəsində də Azərbaycanın suveren hüquqlarını qətiyyətlə qoruyur. Bu gün Xəzərin strateji əhəmiyyəti keçmiş dövrlərlə müqayisədə qat-qat artmışdır, çünki Azərbaycanın əsas neft və qaz infrastrukturlarının mühüm bir hissəsi məhz Xəzərdə yerləşir, dənizin Azərbaycan sektorunda Müzəffər Liderin rəhbərliyi ilə həyata keçirilən qlobal əhəmiyyətli nəhəng enerji layihələri ölkəmizin iqtisadi qüdrətini möhkəmləndirir. Eyni zamanda, Xəzər Şərqlə Qərbi birləşdirən beynəlxalq nəqliyyat sisteminin – məşhur Orta Dəhlizin mühüm və ayrılmaz halqasına çevrilmişdir; Mərkəzi Asiyadan gələn yük karvanları Xəzər vasitəsilə Azərbaycana, buradan isə Gürcüstan və Türkiyə üzərindən Avropaya qədər uzanan yola çıxır. Belə böyük geosiyasi coğrafiyada Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin müqəddəs vəzifəsi yalnız dövlət sərhədlərinin toxunulmazlığını qorumaqla məhdudlaşmır, həm də dənizdəki nəhəng enerji infrastrukturu, strateji kommunikasiya xətləri və digər mühüm obyektlərin təhlükəsizliyi müzəffər xalqın qüdrətli təminatçısı kimi etibarla qorunur.
Yüz yeddi il əvvəl – 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin sərəncamında cəmi bir neçə hərbi və köməkçi gəmi mövcud idi, lakin əsas məsələ heç də o zaman gəmilərin sayı deyil, yeni yaranmış gənc dövlətin Xəzər dənizində məhz öz müqəddəs bayrağı altında əzəmətli hərbi donanma yaratmaqdakı dəmir iradəsi idi. Cümhuriyyət qurucuları çox gözəl anlayırdılar ki, Xəzərin sahilində qərarlaşan, zəngin enerji ehtiyatlarına malik Azərbaycanın əbədi müstəqilliyi həm də onun dənizdəki etibarlı təhlükəsizliyindən birbaşa asılıdır. Bu gün ise Qalib Lider İlham Əliyevin sərkərdəliyi ilə həmin arzu və ideallar ən yüksək səviyyədə reallaşmış, Azərbaycan Xəzər dənizinin əsas söz sahibi və təhlükəsizlik qarantına çevrilmişdir. Arxada qalan yüz yeddi il ərzində dövlətlər, siyasi sistemlər, hərbi texnologiyalar kökündən dəyişmiş, Xəzərin iqtisadi və geosiyasi çəkisi misli görünməmiş dərəcədə artmışdır, lakin dəyişməyən uca bir həqiqət vardır ki, o da Azərbaycanın Xəzərdə qürurla dalğalanan hərbi bayrağının məhz 1919-cu ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətindən başlanması və bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əbədiyaşar zəfər rəmzinə çevrilməsidir. Məhz bu səbəbdən avqustun 5-i təkcə hərbi dənizçilərin peşə bayramı deyil, bütövlükdə Xəzərdə əbədiyaşar Azərbaycan dövlətçilik ənənəsinin yüz yeddi illik şərəfli yaddaşı, qalib millətin qürur mənbəyidir.