Xəbərlər

Gənclər Şurasının 2026-cı ilin ilk yarımilliyinin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib
08 iyul 2026, 15:13

8 iyul 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının 2026-cı ilin ilk yarımilliyinin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib.

Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının və Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov Şuranın 2026-cı ilin ilk yarımilliyi ərzində həyata keçirdiyi layihələr, gənclərin təşkilatlanması istiqamətində görülən işlər, beynəlxalq platformalarda aparılan təbliğat fəaliyyəti və qarşıdakı dövr üçün müəyyən edilmiş hədəflər barədə ətraflı hesabat təqdim edib.

Daha sonra rayon icmaları və nümayəndəliklərin gənclər üzrə məsul şəxsləri hesabat xarakterli çıxışlar edərək təmsil etdikləri qurumlarda ilk yarımillik ərzində görülən işlər, əldə olunan nəticələr və qarşıda duran vəzifələr barədə məlumat veriblər.

Böyük Qarakilsə rayon icmasının gənclər üzrə məsul şəxsi Murtuz Qazıyev, İrəvan şəhər icmasının gənclər üzrə məsul şəxsi Lalə Cəfərova, Zəngibasar rayon icmasının gənclər üzrə məsul şəxsi Kənan Heydərli, Vedibasar rayon icmasının gənclər üzrə məsul şəxsi Abbas Pənahov, Basarkeçər rayon icmasının gənclər üzrə məsul şəxsi Aynur Rüstəmova, Barana rayon icmasının gənclər üzrə məsul şəxsi Hidayət Qaraca və Sumqayıt şəhər nümayəndəliyinin gənclər üzrə məsul şəxsi Fuad Məmmədov çıxış edərək təmsil etdikləri rayon və nümayəndəliklərdə ilk yarımillik ərzində həyata keçirilən fəaliyyət, gənclərin Qərbi Azərbaycan həqiqətlərinin təbliğinə cəlb olunması istiqamətində görülən işlər, təşkil olunan maarifləndirici tədbirlər, görüşlər və qarşıdakı dövr üçün nəzərdə tutulan layihələr barədə məlumat veriblər.

Daha sonra Qərbi Azərbaycan İcması Aparatının böyük koordinatoru, Aparatın gənclərlə iş üzrə məsul şəxsi Cəmilə Fəyyaz çıxış edərək Gənclər Şurasının fəaliyyətinin daha da səmərəli təşkili, rayon icmaları arasında koordinasiyanın gücləndirilməsi, gənclərin təşəbbüslərinin dəstəklənməsi və qarşıdakı dövr üzrə fəaliyyət istiqamətləri ilə bağlı fikirlərini bölüşüb, müvafiq tövsiyələrini diqqətə çatdırıb.

İclas gənclərin sualları, təklifləri və fikirləri ətrafında aparılan interaktiv müzakirələr və geniş fikir mübadiləsi ilə davam edib.