Xəbərlər

Görkəmli dövlət və siyasi xadim, Milli Məclisin I çağırış deputatı İbrahim Qafarovun anadan olmasının 90 ili tamam olur
23 noyabr 2026, 13:22

Əslən Qərbi Azərbaycanın Zəngibasar rayonunun Hacı Elyaz kəndindən olan İbrahim Qafarov 1948–1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından deportasiyasının qurbanı olmuş, ömrünü dövlətə və xalqa xidmətə həsr etmiş şəxsiyyətlərdən biridir.

1936-cı il noyabrın 23-də dünyaya gələn İbrahim Qafarov orta təhsilini Sabirabad şəhərində alıb. Daha sonra Gəncə Kənd Təsərrüfatı İnstitutunun aqronomiya fakültəsində ali təhsilini başa vuraraq əmək fəaliyyətinə başlayıb. Bu yol onu müxtəlif məsul vəzifələrə gətirib. Rayon Partiya Komitəsində təlimatçı, taxıl məhsulları satış bazasının direktoru, kolxoz sədri, Sabirabad Kənd Təsərrüfatı Texnikumunun direktoru kimi çalışan İbrahim Qafarov 1981-ci ildən Sabirabad Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində fəaliyyət göstərib.

İbrahim Qafarovun ictimai-siyasi fəaliyyətində Ümummilli Lider Heydər Əliyevlə sıx əlaqələri və birgə fəaliyyəti xüsusi yer tutub. O, Ulu Öndərin siyasi xəttini dəstəkləyən, Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində onunla eyni mövqedən çıxış edən dövlət xadimlərindən olub. Azərbaycanın müstəqilliyinin ilk illərində dövlətçilik naminə nümayiş etdirdiyi qətiyyət və Heydər Əliyevin siyasi fəaliyyətinə verdiyi dəstək onun siyasi bioqrafiyasının mühüm səhifələrindəndir.

1995-ci ildə parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi kimi 83 saylı Sabirabad-Salyan seçki dairəsindən Milli Məclisə deputat seçilən İbrahim Qafarov Aqrar siyasət daimi komissiyası sədrinin müavini olub. Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü kimi də fəaliyyət göstərib. Dövlət qarşısında xidmətləri yüksək qiymətləndirilən İbrahim Qafarov 1974-cü ildə “Əmək igidliyinə görə” medalı, 1982-ci ildə isə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunub. O, 2018-ci il sentyabrın 26-da, 81 yaşında vəfat edib.

İbrahim Qafarovun zəngin həyat yolu, dövlət və xalq qarşısındakı xidmətləri, siyasi fəaliyyəti və yüksək insani keyfiyyətləri onu tanıyanların yaddaşında yaşayır. Anadan olmasının 90 illik yubileyi münasibətilə Yeni Azərbaycan Partiyasının Sabirabad rayon təşkilatında da anım tədbiri keçirilib. Tədbirdə onun ölkənin ictimai-siyasi həyatında oynadığı rol, dövlətçiliyə sədaqəti və Sabirabad rayonunun inkişafına verdiyi töhfələr ehtiramla yad edilib. Qeyd olunub ki, İbrahim Qafarovun mənalı ömür yolu və fəaliyyəti gələcək nəsillər üçün örnəkdir.

Qərbi Azərbaycan İcması da görkəmli dövlət və siyasi xadim İbrahim Qafarovun 90 illik yubileyini dərin ehtiramla qeyd edir, onun əziz xatirəsini yad edir. Tarixi Zəngibasar torpağından deportasiyanın ağrı-acısını yaşamış, sonrakı həyatını Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə və xalqına xidmətə həsr etmiş bu görkəmli şəxsiyyətin həyat yolu Qərbi azərbaycanlıların iradəsinin, vətənə bağlılığının və dövlətçilik əqidəsinin nümunəsidir. Onun dövlət və xalq qarşısındakı xidmətləri, Ulu Öndər Heydər Əliyevlə birgə fəaliyyəti və zəngin siyasi irsi daim ehtiramla xatırlanacaq.