04 avqust 2026, 09:12
Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Cənubi Qafqazda onilliklər boyu davam etmiş status-kvonu köklü şəkildə dəyişdirdi. Azərbaycanın öz ərazi bütövlüyünün bərpası istiqamətində qazandığı tarixi qələbə regionda tamamilə yeni siyasi, hərbi və geostrateji reallıq yaratdı. 2023-cü ilin sentyabrında suverenliyin bütün ölkə ərazisində tam təmin olunması ilə bu proses mühüm bir mərhələyə çatdı. Beləliklə, uzun illər regionun inkişafına mane olan münaqişə amilinin aradan qaldırılması üçün prinsipial zəmin yarandı.
Yaranmış bu reallıq təkcə Azərbaycanla Ermənistan arasındakı münasibətlərin deyil, bütövlükdə Cənubi Qafqazın yeni siyasi arxitekturasını müəyyənləşdirən əsas amilə çevrilib. Əgər əvvəlki onilliklərdə region haqqında danışarkən əsas anlayışlar işğal, qarşıdurma və təhlükəsizlik böhranı idisə, indi gündəliyə sülh, kommunikasiyaların açılması, iqtisadi inteqrasiya, tranzit imkanları və regional əməkdaşlıq məsələləri çıxır.
Bu transformasiyanın başlıca xüsusiyyəti Azərbaycanın artıq yalnız proseslərə reaksiya verən deyil, regional gündəliyi formalaşdıran aparıcı dövlət kimi çıxış etməsidir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin ən mühüm nəticələrindən biri də budur. Azərbaycan hərbi-siyasi müstəvidə yaratdığı yeni reallığı diplomatiya vasitəsilə möhkəmləndirərək uzunmüddətli sülh modelinə çevirməyə çalışır. Bakı hərbi qələbəni daimi qarşıdurma vasitəsinə çevirmək əvəzinə, onu yeni regional əməkdaşlıq sisteminin başlanğıc nöqtəsi kimi təqdim etdi. Sülh strategiyasının mahiyyəti də məhz bundan ibarətdir: münaqişə səhifəsi qapanmalı, münasibətlər beynəlxalq hüququn universal prinsiplərinə uyğun qurulmalı və Cənubi Qafqaz qarşıdurma meydanından iqtisadi əməkdaşlıq məkanına çevrilməlidir.
Cənab Prezident İlham Əliyevin xarici siyasət uğurunu şərtləndirən əsas amillərdən biri də milli maraqlarla praqmatik diplomatiya arasındakı tarazlıqdır. Azərbaycan müxtəlif güc mərkəzləri ilə münasibət qurarkən öz strateji maraqlarına əsaslanan müstəqil xətt yürütməkdədir. Türkiyə ilə müttəfiqlik münasibətlərinin dərinləşməsi və Şuşa Bəyannaməsi Cənubi Qafqazın təhlükəsizlik sisteminin mühüm elementinə çevrilib. Eyni zamanda, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq, Avropa İttifaqı ilə enerji və iqtisadi əlaqələr, Mərkəzi Asiya, Çin və digər Asiya ölkələri ilə genişlənən tərəfdaşlıq bu çoxşaxəli diplomatiyanın istiqamətləridir. Türk dünyası daxilində artan rol ölkənin Avrasiya məkanındakı mövqeyini daha da möhkəmləndirib.
Azərbaycanın xarici siyasətinin digər mühüm qolu enerji diplomatiyasıdır. Bakı–Tbilisi–Ceyhan, Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi layihələr ölkənin Avropanın enerji təhlükəsizliyindəki rolunu zirvəyə qaldırıb. Lakin geoiqtisadi əhəmiyyət təkcə enerji ilə məhdudlaşmır. Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Xəzər üzərindəki logistika infrastrukturu və Orta Dəhlizin inkişafı Azərbaycanı Şərqlə Qərb arasında əsas nəqliyyat qovşaqlarından birinə çevirib. Cənab Prezident İlham Əliyevin illər ərzində həyata keçirdiyi bu siyasət coğrafi mövqenin real siyasi və iqtisadi üstünlüyə çevrilməsinin ən bariz nümunəsidir. Coğrafiya özlüyündə üstünlük yaratmır; onun infrastruktura və etimada çevrilməsi üçün məhz uzunmüddətli dövlət strategiyası tələb olunur.
Cənubi Qafqazda sülhün təmin olunması bu imkanları qat-qat artıra bilər. Sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiya xətlərinin açılması regionun iqtisadi xəritəsini kökündən dəyişəcək. Bu perspektiv Ermənistan üçün də böyük şansdır. Uzun illər davam edən təcrid İrəvanın iqtisadi inkişafını məhdudlaşdırıb. İndi Ermənistan qarşısında prinsipial bir seçim durur: ya keçmişin revanşist düşüncələrinə bağlı qalmaq, ya da regionda formalaşan yeni iqtisadi əməkdaşlıq sisteminə qoşulmaq. Daxili təzyiqlərə baxmayaraq, iqtisadi inkişaf, yeni nəqliyyat yollarına çıxış və xarici investisiyaların cəlb edilməsi birbaşa Ermənistanın da uzunmüddətli maraqlarına cavab verir.
Azərbaycanın mövqeyi birmənalıdır: gələcək münasibətlər keçmiş münaqişənin ideoloji yükü üzərində deyil, beynəlxalq hüquq və qarşılıqlı suverenlik prinsipi əsasında qurulmalıdır. Ərazi bütövlüyünə hörmət, qarşılıqlı ərazi iddialarından imtina edilməsi bu siyasətin təməlidir. Müasir dünyada qlobal rəqabətin kəskinləşdiyi, enerji və nəqliyyat marşrutları uğrunda mübarizənin genişləndiyi bir dövrdə Azərbaycanın öz müstəqil xəttini qoruyub saxlaması ölkənin siyasi subyektliyini gücləndirir.
Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi, Türk Dövlətləri Təşkilatındakı fəallığı və xüsusilə 2024-cü ildə Bakıda ev sahibliyi etdiyi COP29 konfransı ölkənin beynəlxalq diplomatiyadakı çəkisini nümayiş etdirdi. COP29 Azərbaycanın ənənəvi enerji ixracatçısı olmaqla yanaşı, həm də qlobal enerji keçidi, yaşıl inkişaf və iqlim diplomatiyası mərkəzinə çevrildiyini bütün dünyaya göstərdi.
Bütün bunlar ayrı-ayrı uğurlar deyil; enerji, təhlükəsizlik, nəqliyyat və diplomatiyanın bir-birini tamamladığı kompleks dövlət strategiyasının nəticəsidir. Hərbi qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa işləri – şəhər və kəndlərin yenidən qurulması, avtomobil və dəmir yollarının, hava limanlarının tikintisi həmin torpaqların ölkənin ümumi iqtisadi sisteminə sürətli inteqrasiyasını təmin edir. Bir zamanlar münaqişənin episentri olmuş Qarabağ və Şərqi Zəngəzur bu gün regional əməkdaşlığın mühüm qovşağına çevrilməkdədir.
Tarix göstərir ki, qalıcı sülh yalnız siyasi bəyanatlarla yaranmır; bunun üçün hüquqi təminatlar, iqtisadi maraqların əlaqələndirilməsi və qarşılıqlı fayda sistemi lazımdır. Azərbaycanın təqdim etdiyi sülh gündəliyi təkcə iki ölkənin münasibətlərini tənzimləmir, həm də bütün Cənubi Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir. Azərbaycan əvvəlcə iqtisadi və enerji müstəqilliyini təmin etdi, güclü tərəfdaşlıq şəbəkəsi qurdu, suverenliyini bərpa etdi və yalnız bundan sonra sülh təşəbbüslərini irəli sürdü. Bu ardıcıllıq aparılan siyasətin nə qədər strateji və uzaqgörən olduğunun sübutudur.
Əgər İrəvan keçmişin qarşıdurma modelindən imtina edərək Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini birmənalı qəbul edərsə, Cənubi Qafqaz üçün yeni tarixi mərhələ başlaya bilər. Region böyük güclərin rəqabət məkanından Avrasiyanın əsas iqtisadi və nəqliyyat qovşaqlarından birinə çevrilər. Azərbaycan öz tranzit potensialını genişləndirər, Ermənistan regional kommunikasiyalara çıxış əldə edər, Gürcüstan isə iqtisadi imkanlarını artırar. Nəticədə sülh bütün region xalqlarının rifahına xidmət edən reallığa çevrilər.
Azərbaycan öz seçimini edib: güclü dövlət, müstəqil xarici siyasət, milli maraqların qorunması və beynəlxalq hüquqa əsaslanan davamlı sülh. İndi növbə Ermənistanın bu tarixi fürsəti düzgün dəyərləndirməsindədir.