05 noyabr 2026, 17:25
5 noyabr 2026-cı il tarixində Lənkəran Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Milli yaddaşın zəfəri, tarixi qayıdışın məramı” mövzusunda elmi konfrans keçirilib.
Konfransda Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədr müavini, millət vəkili Hikmət Babaoğlu, İdarə Heyətinin üzvləri – professor Mahirə Hüseynova və tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahimqızı, Gənclər Şurasının sədri, millət vəkili Şahin İsmayılov, eləcə də Milli Məclisin deputatı Tamam Cəfərova və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Daha sonra Lənkəran Dövlət Universitetində Qərbi Azərbaycan irsinin tədqiqi və təlimi mərkəzinin açılış mərasimi keçirilib. Sayca 14-cü olan mərkəzin açılışında elm, təhsil və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdən sonra qonaqlar mərkəzdə yaradılan şəraitlə tanış olub, burada Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəni irsi və milli-mənəvi dəyərlərinin öyrənilməsi istiqamətində həyata keçiriləcək işlər barədə məlumat alıblar.
Ardınca Lənkəran Dövlət Universitetinin Elmi kitabxanasında elmi konfrans öz işinə başlayıb. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov tədbiri giriş sözü ilə açaraq belə maarifləndirici tədbirlərin gənclərin vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlərə hörmət və dövlətçiliyə sədaqət prinsipləri əsasında yetişməsində mühüm rol oynadığını bildirib. O, Qərbi Azərbaycan İcmasının bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirib.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Keşkənd rayon İcmasının sədri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova çıxışında İcmanın çoxşaxəli fəaliyyətindən danışıb. Elm və təhsil müəssisələrində təşkil olunan tədbirlərin gənclərin milli kimlik və vətənpərvərlik ruhunda formalaşmasına töhfə verdiyini vurğulayıb. Tarixi faktlara və elmi mənbələrə istinad edən professor Qərbi Azərbaycanın Azərbaycan xalqının tarixi torpaqları olduğunu bildirib və tarixi qayıdışın reallaşacağına inamını ifadə edib.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədr müavini, millət vəkili Hikmət Babaoğlu konfransların əsas məqsədinin milli tarixi yaddaşın gənc nəslə ötürülməsi olduğunu qeyd edib. Tarixi həqiqətlərin araşdırılması, toponimlərin öyrənilməsi və saxtalaşdırılmış məlumatların elmi faktlarla təkzib edilməsinin qayıdış məramına xidmət edən mühüm addımlar olduğunu diqqətə çatdırıb. O, Qərbi Azərbaycan toponimlərinin mənşəyi və Azərbaycan xalqına mənsubluğunu təsdiqləyən tarixi faktlardan danışıb.
Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahimqızı müharibənin başa çatması və sülh dövrünün başlamasının Vətənə xidmətin sonu demək olmadığını vurğulayıb. O bildirib ki, Qərbi Azərbaycana qayıdış uğrunda mübarizə silahla deyil, elm, tarixi faktlar və beynəlxalq hüquq müstəvisində, sülh yolu ilə davam etdirilməlidir. Bu prosesdə gənclərin üzərinə mühüm vəzifələr düşdüyünü diqqətə çatdırıb.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası direktorunun müşaviri, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa Ermənistan tərəfindən tarixin saxtalaşdırılması cəhdlərinə toxunub. Cənubi Qafqazın tarixi keçmişinə dair faktları diqqətə çatdıraraq Qərbi Azərbaycanın Azərbaycan xalqının tarixi torpaqları olduğunu elmi mənbələr əsasında əsaslandırıb.
Qərbi Azərbaycan İcması Gənclər Şurasının sədri, millət vəkili Şahin İsmayılov Azərbaycanın tarix boyu üzləşdiyi torpaq itkilərindən danışıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpasının xalqımızın tarixi ədalətə nail olmaq əzmini daha da gücləndirdiyini bildirib. O, Qərbi Azərbaycana qayıdışın da reallaşacağına əminliyini ifadə edib.
Milli Məclisin deputatı Tamam Cəfərova Qarabağ müharibəsi dövründə nümayiş etdirilən milli həmrəyliyi xatırladıb. Qarabağı görməyən gənclərin torpaqlarımızın azadlığı uğrunda mübarizə apardığını qeyd edən deputat bu gün də gənc nəslin Qərbi Azərbaycana qayıdış ideyasının gerçəkləşməsi və tarixi yaddaşın qorunması istiqamətində fəal olmasının vacibliyini vurğulayıb.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, professor Afət Abbasova gənclərə müraciət edərək onları Vətənə sevgini daim uca tutmağa, seçdikləri ixtisasa dərindən yiyələnməyə çağırıb. Vətənə xidmətin hər bir vətəndaşın bilik və bacarığından, məsuliyyətindən başladığını qeyd edib.
Tarix üzrə fəlsəfə doktoru Dəyanət Musayev çıxışında Qərbi Azərbaycanın tarixi keçmişinin araşdırılmasının və bu həqiqətlərin gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən danışıb. Tarixi mənbələrin sistemli şəkildə öyrənilməsinin, elmi tədqiqatların genişləndirilməsinin və milli yaddaşın qorunmasının tarixi qayıdış ideyasının təbliğində mühüm rol oynadığını bildirib.
Konfrans bədii hissə ilə davam edib.

































