Qərbi Azərbaycan İcması
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad filialında “Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərs keçirilib.
Tədbirdə ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü professor Mahirə Hüseynova, Prezident Kitabxanasının direktoru professor Afət Abbasova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Simnar Məmmədov, ADPU-nun Cəlilabad filialının direktoru dosent Xudayar Sultanlı, ADPU-nun Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova, Müasir Azərbaycan dili kafedrasını müdiri professor Könül Səmədova, Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının müdiri dosent Dəyanət Musayev, Elm və Təhsil Nazirliyinin əməkdaşları Rövşən Ağayev və Hilal Salmanov, dosent, şair-publisist Şərəf Cəlilli, filialın professor-müəllim heyəti, struktur bölmə rəhbərləri və əməkdaşları, eləcə də müxtəlif ixtisasların tələbələri iştirak ediblər.
Giriş sözü ilə çıxış edən filialın direktoru dos. X.Sultanlı qonaqları salamlayaraq tədbirin çox aktual bir mövzuya həsr olunduğunu vurğulayıb və filialın tarixi barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Çıxış edən ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru prof. M.Hüseynova Qərbi Azərbaycanın tarixi yaddaşımızı əks etdirən maddi-mədəniyyət abidələri, toponim və hidronimləri barədə məlumat verib.
Sonra Prezident Kitabxanasının direktoru prof. A.Abbasova, Elm və Təhsil Nazirliyinin əməkdaşı R.Ağayev, şair-publisist Ş.Cəlilli mövzu ətrafında çıxış ediblər.
Daha sonra filialın müəllim və tələbələri öz fikirlərini bildirərək suallarını ünvanlayıblar.
Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd tələbələrin Qərbi Azərbaycanın tarixi və mədəni irsi barəsində məlumatlarının genişləndirilməsi, gənclərin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda maarifləndirilməsidir.
Açıq dərs tələbələrin suallarının cavablandırılması və qarşılıqlı diskussiya ilə davam edib.
Sonda ADPU-nun Calilabad filialında Qərbi Azərbaycan Mərkəzinin yaradılması barədə razılığa gəlinib.