Qərbi Azərbaycan İcması
Amasiya Rayon İcmasının təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Qərbi Azərbaycandan olan müəllimlərin fəaliyyəti, onların gənc nəslin formalaşmasında rolu və təhsil sahəsində göstərdikləri xidmətlər barədə fikir mübadiləsi aparılıb. Görüşdə Amasiya Rayon İcmasının sədri, akademik Abel Məhərrəmov, kənd icmalarının rəhbərləri, Amasiya rayonundan olan müəllimlər, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən akademik Abel Məhərrəmov təhsil sahəsində çalışanları Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, onlara möhkəm cansağlığı və fəaliyyətlərində uğurlar arzulayıb. O, Qərbi Azərbaycandan olan müəllimlərin hər zaman peşəkarlıqları ilə seçildiyini vurğulayıb. Qeyd edib ki, müəllimlər gələcəkdə Qərbi Azərbaycana qayıdış prosesində də mühüm rol oynayacaqlar.
Çıxışlarda Ulu Öndər Heydər Əliyevin təhsil sahəsinə və müəllimlərin əməyinə göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs olunub. Bildirilib ki, təhsil millətin gələcəyini müəyyən edən əsas amillərdən biridir və müəllimlər gənc nəslin intellektual, mənəvi və fiziki inkişafında mühüm rol oynayırlar.
Əməkdar jurnalist Aftandil Ağbaba, professor Aslan Bayramov, fəlsəfə doktoru Şahbaz Balakişiyev, şair-publisist Şəmsi Qoca və Amasiya Rayon İcmasının sədr müavini İmran Güllübulaqlı çıxış edərək müəllimlərin cəmiyyətin inkişafındakı rolundan, onların gənc nəslin yetişdirilməsinə verdikləri töhfələrdən danışıblar.
Tədbirin əsas məqsədinin gələcək nəsillərin yetişməsində mühüm rol oynayan müəllimlərin əməyinə diqqət göstərmək və onlara təşəkkür etmək olduğu bildirilib.
Sonda təhsil sahəsində fərqlənən müəllimlərə fəxri diplom təqdim olunub.