Anar Nağıyev: “Qayıdış milli yaddaşı bərpa edir, milli yaddaş isə qayıdışsız mümkün deyil”
24 iyun 2026, 16:50

Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların hüquqlarına və Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbirdə çıxış edən Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev Qərbi Azərbaycana qayıdışın yalnız hüquqi və siyasi deyil, həm də milli-mənəvi məsələ olduğunu bildirib.

Rektor qeyd edib ki, qayıdış hər bir insan üçün doğma ata-baba yurdlarına dönmək, uşaqlıq və gənclik illərinin xatirələrini yenidən yaşamaq imkanıdır. Onun sözlərinə görə, insanın mənəvi bütövlüyü doğulub böyüdüyü torpaqlarla bağlıdır:

“İnsan öz bütövlüyünü təmin etmək üçün hər zaman doğulub böyüdüyü yerlərlə təmasda olmalı, oranın havasını udmalı, suyunu içməli, əzizlərinin məzarlarını ziyarət etməlidir. Bu, insanın mənəvi bütövlüyünü təmin edən əsas amillərdəndir”.

Anar Nağıyev vurğulayıb ki, qayıdış beynəlxalq hüququn təsbit etdiyi fundamental hüquqlardan biri olmaqla yanaşı, bütöv bir xalqın tarixi ədalətə qovuşması deməkdir. O bildirib ki, bu məsələ yalnız fərdlərin deyil, kollektiv hüquqların təmin olunması baxımından da mühüm əhəmiyyət daşıyır.

Rektor çıxışında Qərbi Azərbaycana qayıdışın regional geosiyasi proseslərə təsirindən də danışıb. Onun sözlərinə görə, Vətən müharibəsindən sonra Azərbaycanın yaratdığı yeni reallıqlar bölgənin siyasi mənzərəsini dəyişdirdiyi kimi, Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdışı da regionda yeni münasibətlər sisteminin formalaşmasına töhfə verəcək.

Milli yaddaş məsələsinə toxunan Anar Nağıyev bildirib ki, tarixi yaddaşın qorunması qayıdışla birbaşa bağlıdır: “Biz Qarabağa qayıdandan sonra bir daha gördük ki, qayıdış milli yaddaşı bərpa edir, milli yaddaş isə qayıdışsız mümkün deyil”.

O qeyd edib ki, Azərbaycan xalqı işğal dövründə də Qarabağın və Şuşanın milli-mənəvi kimliyini qoruyub saxlaya bilib: “Düşmən 30 il ərzində Şuşanı özününküləşdirə bilmədi, onun milli-mənəvi mahiyyətini dəyişə bilmədi. Şuşanın azadlığı uğrunda aparılan mübarizə bir daha göstərdi ki, xalqın tarixi yaddaşını silmək mümkün deyil”.

Çıxışı zamanı qayıdış ideyasının mənəvi tərəflərinə də diqqət çəkən rektor, süni intellekt vasitəsilə Qərbi Azərbaycana qayıdış mövzusunda hazırlanan poetik misraları tədbir iştirakçıları ilə bölüşüb:

“Qəribəm, sazımın telində həsrət,

Könlümdə göyərir minillik qeyrət.

Qayıdış bir yoldur, bir ülvi niyyət,

Aparar insanı öz yaddaşına.”

Anar Nağıyev bildirib ki, bu gün Azərbaycan cəmiyyəti artıq Qarabağa qayıdış mərhələsini yaşayır və yeni strateji hədəf Qərbi Azərbaycana qayıdışdır:

“Bu gün artıq Qarabağa deyil, Qərbi Azərbaycana qayıdışımızdan danışırıq. Qərbi Azərbaycana qayıdışımız milli-mənəvi yaddaşımızın bərpası deməkdir”.

Rektor vurğulayıb ki, Qərbi Azərbaycandakı tarixi-mədəni irsin, qəbiristanlıqların və maddi-mədəniyyət nümunələrinin qorunması və bərpası tarixi yaddaşın yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır.

Çıxışının sonunda Anar Nağıyev əminliyini ifadə edib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi ardıcıl siyasət nəticəsində Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı təmin olunacaq:

“Qərbi Azərbaycana qayıdış tarixin zərurətidir”.

Sonda rektor tədbirin təşkilatçılarına təşəkkür edib, iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.