Qərbi Azərbaycan İcması
Əziz Ələkbərli.
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri
Müasir müstəqil Azərbaycan Respublikasının həyata keçirdiyi çoxvektorlu, müstəqil və prinsipial xarici siyasət kursunun təməli ötən əsrin 90-cı illərində Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu Öndərin uzaqgörən strategiyası nəticəsində Azərbaycan qlobal geosistemdə sadəcə enerji resurslarının təchizatçısı deyil, həm də bölgədə sülhün, təhlükəsizliyin və sabitliyin əsas qarantına çevrilmişdir. Bu gün dahi liderin müəyyən etdiyi strateji xətt Prezident İlham Əliyev tərəfindən böyük qətiyyətlə, uğurla və zamanın çağırışlarına adekvat şəkildə davam etdirilir. Azərbaycanın qlobal güc mərkəzləri, xüsusilə Avropa İttifaqının aparıcı dövlətləri ilə bərabərhüquqlu və qarşılıqlı etimada əsaslanan münasibətləri məhz bu uğurlu siyasətin bariz nümunəsidir.
Bunun təsdiqi olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 21-də Almaniya Federativ Respublikasına rəsmi səfəri və Federal Kansler Fridrix Merts ilə birgə mətbuata verdiyi bəyanat ikitərəfli münasibətlərdə yeni və keyfiyyətcə fərqli bir mərhələnin əsasını qoymuşdur.
Cənab Prezident İlham Əliyevin mətbuata bəyanatında və jurnalistlərin suallarının cavablandırılması zamanı səsləndirdiyi fikirlər Azərbaycanın regional və beynəlxalq miqyasdaki rolunu hərtərəfli şəkildə nümayiş etdirdi.
Dövlət başçısı Almaniya ilə əlaqələrin yeni səviyyəyə – strateji dialoq müstəvisinə yüksəldiyini vurğulamışdır. İmzalanan Birgə Bəyannamə və yaradılması nəzərdə tutulan işçi qrupları iqtisadi, siyasi və ticari əlaqələrin daha da dərinləşməsinə güclü təkan verəcəkdir. Azərbaycanda 200-dən çox Almaniya şirkətinin uğurla fəaliyyət göstərməsi qarşılıqlı etimadın göstəricisidir.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu bəyanatda xüsusi yer tutmuşdur. Prezident qeyd etmişdir ki, bu ildən etibarən Azərbaycan təbii qazını Almaniyaya ixrac etməyə başlayıb və bununla da ölkəmiz Aİ-yə üzv 10 dövlətin enerji təchizatına mühüm töhfə verir. Eyni zamanda, xam neft ixracı və gələcəkdə yaşıl enerjinin Avropa məkanına çatdırılması əməkdaşlığın miqyasını daha da genişləndirir. Dövlət başçısı mövcud infrastrukturun genişləndirilməsi və maliyyələşmə məsələlərində Avropa banklarının yaşıl gündəlik çərçivəsində neft-qaz layihələrinə yanaşmalarını yenidən nəzərdən keçirməsinin vacibliyini diqqətə çatdırmışdır.
Azərbaycanın Avropa ilə Asiya arasında etibarlı körpü rolunu oynadığı vurğulanmışdır. Ölkəmizin nəqliyyat infrastrukturunu təkmilləşdirməsi və Orta Asiya məşvərət formatına tamhüquqlü üzvlüyü qlobal ticarət yollarındakı əhəmiyyətini durmadan artırır.
Cənab Prezident İlham Əliyev Azərbaycanın öz gücü ilə ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini, BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra etdiyini xatırlatmışdır. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə, sülh sazişinin paraflanmasına toxunan dövlət başçısı Azərbaycanın sülh təşəbbüslərinə sadiq olduğunu qeyd etmiş, eləcə də postmünaqişə dövründə Ermənistana göstərilən humanitar və praktiki dəstəyi (benzin, dizel yanacağı təchizatı, tranzit yüklərin daşınması) diqqətə çatdırmışdır.
Nəticə etibarilə, cənab Prezident İlham Əliyevin Almaniyaya səfəri və mətbuat konfransındakı qətiyyətli, uzaqgörən çıxışı Azərbaycanın beynəlxalq nüfuzunun növbəti təntənəsi oldu. Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında formalaşan və bu gün milli maraqlarımıza tam cavab verən xarici siyasət kursu ölkəmizi həm Cənubi Qafqazın lider dövləti, həm də qlobal miqyasda vazkeçilməz tərəfdaşa çevirmişdir. Berlində imzalanan strateji sənədlər və aparılan müzakirələr bir daha sübut edir ki, Azərbaycanın yürütdüyü siyasət regionda davamlı sülhə, iqtisadi tərəqqiyə və qarşılıqlı faydalı əməkdaşlığa xidmət edir. Gələcəyə inamla baxan müasir Azərbaycan qlobal çağırışları uğurla dəyərləndirərək öz milli hədəflərinə doğru inamla irəliləyir.
https://amasiya.az/xeberler/berlinden-baslayan-qlobal-terefdasliq-ve-sulh-kursu-316