Qərbi Azərbaycan İcması
Qərbi Azərbaycan İcması sülhün, təhlükəsizliyin və regional əməkdaşlığın tərəfdarıdır. Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarını dəstəkləyirik. Eyni zamanda hesab edirik ki, Ermənistan rəhbərliyi Qərbi azərbaycanlıların doğma evlərinə qayıdış hüququnu qəbul etməli və bu prosesə mane olmamalıdır.
Bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli "Qərbi Azərbaycana qayıdış: Tarixi ədalətin bərpası və insan hüquqları" adlı tədbir çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
O deyib ki, Ermənistanla Azərbaycan arasındakı sülh danışıqlarının şərti kimi Qərbi Azərbaycan qaçqınlarının da öz ata-baba yurdlarına qayıtması məsələsinə aydınlıq gətirilməlidir: “Bu, onların təkcə insanlıq haqqı deyil, eyni zamanda, beynəlxalq hüquqa söykənən haqqıdır. Bizim istər beynəlxalq təşkilatlara, istər Ermənistan rəhbərliyinə etdiyimiz müraciətlər hələ də cavabsız qalmaqdadır. Amma Ermənistan rəhbərliyi birdəfəlik bilməlidir ki, regionda yaranmış, Azərbaycan dövləti və Prezidenti tərəfindən yaradılmış bu reallıqlarla hesablaşmağa məcburdur. Çünki sülhün əsas təminatı birgəyaşayışdır. Erməni və Azərbaycan xalqları əgər bu birgə yaşayışa qoşulmayacaqlarsa, bu insanlar öz ata-baba yurdlarına qayıtmayacaqlarsa, təbii ki, bu sülhün də davamlı olacağını düşünmək bir qədər absurd olardı”.
Əziz Ələkbərli bildirib ki, Qərbi Azərbaycan İcması Azərbaycan və Ermənistan arasında gedən bu sülh danışıqlarını alqışlayır: “Amma Ermənistan rəhbərliyi bu insanların öz doğma evlərinə qayıdışını da qəbul etməlidir, razılaşmalıdır. Bizim qayıdış konsepsiyamızda bu qayıdışın bütün detalları öz əksini tapıb. Bu detallara tam uyğun şəkildə, yəni dinc şəraitdə, ləyaqətli şəkildə, oraya qayıdan insanların təhlükəsizliyini təmin etməklə və bütün hüquqlarını bərpa etməklə bu insanların öz doğma evlərinə qayıdışı təmin olunmalıdır”, - deyə o qeyd edib.
https://azertag.az/xeber/eziz_elekberli_ermenistan_rehberliyi_qerbi_azerbaycanlilarin_dogma_evlerine_qayidis_huququnu_qebul_etmeli_ve_bu_prosese_mane_olmamalidir-4281323