Əziz Ələkbərli: "Fransa insan hüquqlarından danışırsa, Qərbi azərbaycanlıların deportasiya hüququnu da görməlidir!"
19 noyabr 2026, 13:06

Fransa son illər Cənubi Qafqazda baş verən proseslərə münasibətdə özünü tərəfsiz müşahidəçi kimi deyil, Ermənistanın siyasi maraqlarını müdafiə edən tərəf kimi aparır. Parisin Azərbaycanla bağlı bəyanatlarında bir qayda olaraq Ermənistanın mövqeyinə geniş yer verilir, Azərbaycanın tarixi, təhlükəsizlik maraqları və üzləşdiyi humanitar problemlər isə ya diqqətdən kənarda saxlanılır, ya da birtərəfli şəkildə təqdim olunur. Xüsusilə Fransanın insan hüquqları və beynəlxalq hüquq məsələlərində nümayiş etdirdiyi bu seçicilik ciddi suallar doğurur.

Məsələnin ən ağrılı tərəflərindən biri budur ki, Fransa Ermənistan ərazisindən deportasiya edilmiş azərbaycanlıların taleyinə, onların doğma yurdlarına qayıtmaq hüququna münasibətdə eyni fəallığı göstərmir. İnsan hüquqları coğrafiyaya, milliyyətə və siyasi maraqlara görə dəyişməməlidir. Əgər Paris doğrudan da bu prinsiplərin müdafiəçisidirsə, onda Qərbi azərbaycanlıların hüquqlarını da görməli və onların səsinin beynəlxalq səviyyədə eşidilməsinə mane olmamalıdır.

Bu fikirləri Deprtasiya.az-a Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli müsahibə layihəsi çərçivəsində bildirmişdir.

Deputat daha sonra qeyd etmişdir ki, Fransanın Azərbaycana qarşı münasibətində diqqət çəkən əsas xüsusiyyət siyasi yaddaşın birtərəfli işləməsidir. Paris Ermənistanın maraqlarına toxunan hadisələri dərhal beynəlxalq gündəmə gətirməyə çalışır, lakin azərbaycanlıların onilliklər ərzində üzləşdikləri deportasiyalar, dağıdılmış yurd yerləri, talan edilmiş əmlakları və pozulmuş fundamental hüquqları barədə danışmağa tələsmir. Belə münasibət beynəlxalq hüquqa sədaqət deyil, siyasi maraqların hüquqi prinsiplərdən üstün tutulmasıdır.

Əziz Ələkbərli bildirmişdir ki, Fransa özünün müstəmləkəçilik tarixindən nəticə çıxarmadan başqa xalqlara demokratiya və insan hüquqları dərsi keçmək iddiasındadır. Vaxtilə Afrika və dünyanın müxtəlif bölgələrində xalqların taleyinə müdaxilə etmiş, onların siyasi və iqtisadi müstəqilliyinə mane olmuş bir dövlətin bu gün beynəlxalq münasibətlərdə özünü ali mənəvi hakim kimi təqdim etməsi qəbuledilməzdir. Fransa anlamalıdır ki, dünya artıq əvvəlki dünya deyil. Heç bir dövlət öz siyasi nüfuzuna arxalanaraq başqa xalqların taleyi barədə hökm vermək hüququna malik deyil.

Deputat xüsusilə vurğulamışdır ki, Qərbi Azərbaycan məsələsi Fransa üçün də bir prinsipiallıq sınağıdır. Əgər bu ölkənin siyasi rəhbərliyi insan hüquqlarını həqiqətən universal dəyər hesab edirsə, onda Ermənistandan deportasiya edilmiş azərbaycanlıların qayıdış hüququna da münasibət bildirməlidir. Söhbət hansısa siyasi güzəştdən və ya kiminsə lütfündən getmir. Söhbət insanların öz ata-baba torpaqlarına qayıtmaq, evlərinin yerini görmək, doğulduqları kəndlərdə yaşamaq və öz tarixi-mədəni irsləri ilə əlaqəni bərpa etmək hüququndan gedir.

Ə.Ələkbərli qeyd etmişdir ki, Qərbi azərbaycanlıların qayıdış məsələsinə susmaqla Ermənistanın mövqeyini qorumağa çalışan dairələr əslində özlərinin insan hüquqları barədə söylədikləri fikirlərin səmimiliyini şübhə altına alırlar. Bir xalqın deportasiya tarixini görməzlikdən gəlib başqa bir xalqın hüquqlarını müdafiə etmək universal hüquq prinsiplərinə uyğun deyil. İnsan hüquqları bölünməzdir və bu hüquqların müdafiəsində ikili ölçü tətbiq etmək olmaz.

Deputat daha sonra bildirmişdir ki, Fransanın Cənubi Qafqaz siyasətindəki ən ciddi yanlışlıqlardan biri regionun mürəkkəb reallıqlarını Parisdən baxaraq qiymətləndirməsidir. Azərbaycan bu regionun əsas dövlətlərindən biridir, öz suverenliyini və milli maraqlarını qorumaq iqtidarındadır. Ermənistanla münasibətlərin gələcəyini də kənar dövlətlərin siyasi istəkləri deyil, iki ölkə arasında əldə olunacaq razılaşmalar və qarşılıqlı öhdəliklər müəyyən etməlidir. Fransa regionda sülh istəyirsə, tərəflərdən birinin yanında dayanmaq əvəzinə, obyektiv və məsuliyyətli mövqe nümayiş etdirməlidir.

Ə.Ələkbərli hesab edir ki, Fransa hakimiyyətinin Azərbaycana münasibətdə nümayiş etdirdiyi siyasi ritorika iki ölkə arasındakı münasibətlərin inkişafına da mənfi təsir göstərir. Azərbaycan Fransa ilə normal, qarşılıqlı faydalı münasibətlərin qurulmasında maraqlı ola bilər. Ancaq belə münasibətlərin təməlində bərabərlik, suverenliyə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsipi dayanmalıdır. Azərbaycanı öz siyasi baxışlarına uyğun davranmağa məcbur etmək cəhdləri heç bir nəticə verməyəcək.

Əziz Ələkbərli sonda qeyd etmişdir ki, Fransa rəsmiləri bir məsələni yaxşı anlamalıdırlar: Qərbi azərbaycanlıların haqq səsi nə siyasi bəyanatlarla susdurula, nə də beynəlxalq gündəmdən kənarda saxlanıla bilər. Biz öz torpaqlarından zorla qovulmuş insanların hüquqlarından danışırıq və bu hüquqların müdafiəsindən geri çəkilmək fikrində deyilik. Fransa insan hüquqlarından danışmaq istəyirsə, əvvəlcə bu prinsipləri öz siyasi münasibətlərində də tətbiq etməlidir. Öz gözündəki tiri görmədən başqasının gözündə tük axtarmaqla nə ədalət qurmaq, nə də beynəlxalq etimad qazanmaq mümkündür.