FÜZULİ YENİDƏN DOĞULUR
17 oktyabr 2026, 13:43

Əziz Ələkbərli

Milli Məclisin deputatı,

Qərbi Azərbaycan

İcması İdarə Heyətinin sədri

 

Bəzi şəhərlərin taleyi onların küçələrindən, meydanlarından, binalarından böyükdür. Füzuli də belə şəhərlərdəndir. Onun tarixində xalqımızın ağrısı da var, mübarizəsi də, Zəfəri də. Füzuli yurd həsrətinin, sınmayan iradənin və doğma torpağa bağlılığın rəmzidir.

İllərlə bu torpaqdan uzaq düşən füzulililər doğma evlərinin həsrəti ilə yaşadılar. Evlər dağıldı, həyətlər boş qaldı, tarixi abidələrimiz vandalizmə məruz qaldı. Lakin insanlarımız yurd sevgisini itirmədilər. Çünki torpağı işğal etmək mümkündür, amma xalqın yaddaşını və qayıdış əzmini məhv etmək mümkün deyil.

Qədim tarixi, zəngin mədəni irsi ilə seçilən Füzuli Azərbaycan torpağının ayrılmaz parçasıdır. Babı kəndindəki XIII əsrə aid Şeyx Babi Yaqub türbəsi, Aşağı Veysəllidəki Mirəli türbəsi və digər tarixi abidələr bu diyarın əsrlərin dərinliyindən gələn yaddaşını yaşadır. Bu torpaq təkcə təbiəti və tarixi ilə deyil, onu Vətən bilən insanların mənəvi gücü ilə də əzizdir.

1993-cü ilin avqustunda Füzuli şəhərinin və rayonun böyük hissəsinin işğalı minlərlə insanın taleyində ağır izlər buraxdı. Şəhidlər verdik, əsir və itkin düşənlərimiz oldu, ailələr doğma yurdlarından didərgin düşdü. Ancaq Füzulililərin qəlbində qayıdış ümidi heç vaxt sönmədi. Həmin ümid 2020-ci il oktyabrın 17-də gerçəyə çevrildi. Azərbaycan Ordusu Füzulini işğaldan azad etdi və xalqımızın Zəfər salnaməsinə yeni bir səhifə yazdı.

Bu tarixi qələbədə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi və siyasi iradəsi mühüm rol oynadı. Dövlət başçısının Azərbaycan Ordusunun gücləndirilməsinə yönəlmiş ardıcıl siyasəti, milli maraqlarımızın qətiyyətlə müdafiəsi və xalqımızın birliyi Vətən müharibəsində tarixi Zəfərin əsas dayaqlarından oldu. Füzulinin azad edilməsi həm də Qarabağın digər ərazilərinin azadlığına aparan yolda mühüm strateji mərhələ idi.

Bu qələbənin arxasında Azərbaycan əsgərinin qəhrəmanlığı, şəhidlərimizin müqəddəs qanı və xalqımızın sarsılmaz iradəsi dayanır. Füzuli uğrunda döyüşən qəhrəmanlarımızın fədakarlığı heç vaxt unudulmayacaq. Bu gün şəhərdə həyatın yenidən canlanması, evlərin tikilməsi, yolların çəkilməsi və məktəblərin açılması onların bizə əmanət qoyduğu torpaqda yeni gələcəyin qurulması deməkdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Füzulidə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, Zəfər yolunun və digər avtomobil yollarının açılması, enerji və sosial infrastrukturun yaradılması şəhərin inkişafına möhkəm zəmin formalaşdırıb. Yeni yaşayış məhəllələri salınır, təhsil müəssisələri tikilir, müasir şəhər mühiti qurulur.

Lakin bütün bu işlərin ən böyük mənası insanların doğma yurda qayıtmasıdır. Böyük Qayıdış Proqramı çərçivəsində Füzuliyə köçən ailələrimiz illərlə həsrətində olduqları torpaqda yeni həyat qururlar. Boş qalmış evlərin yenidən işıqlanması, küçələrdə uşaqların səsinin eşidilməsi Zəfərin gündəlik həyata çevrilməsidir. Çünki qələbə yalnız torpağı azad etməklə deyil, həmin torpaqda həyatı bərpa etməklə tamamlanır.

Qardaş Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəb inşa etməsi, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılmasına töhfə verməsi türk xalqları arasında dostluğun və həmrəyliyin gözəl nümunəsidir. Bu layihələr Füzulinin gələcəyinə, burada böyüyən nəslin təhsilinə və inkişafına xidmət edir.

Qarşıda görüləsi işlər də var. Minalanmış ərazilərin təmizlənməsi, tarixi irsin qorunması və infrastrukturun bərpası Füzulinin təhlükəsiz və davamlı inkişafı üçün vacibdir. Dövlətimizin ardıcıl siyasəti və insanların zəhməti ilə bu torpaqlarda həyat daha da canlanacaq.

Füzulinin tarixində iki böyük mərhələ bir-birini tamamlayır: torpağın qəhrəmanlıqla azad edilməsi və dövlət iradəsi ilə yenidən qurulması. Birinci mərhələdə Azərbaycan əsgəri öz qanı ilə Zəfər tarixini yazdı. İkinci mərhələdə isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq və Böyük Qayıdış siyasəti həmin qələbəni möhkəmləndirir. Bu gün Füzulidə ucalan hər bina, açılan hər məktəb və qurulan hər yeni ocaq Azərbaycanın gücünü, xalqımızın iradəsini və gələcəyə inamını ifadə edir.

17 oktyabr münasibətilə bütün füzulililəri ürəkdən təbrik edir, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizə minnətdarlığımı bildirirəm. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə Füzulinin azad olunmasında və dirçəldilməsində göstərdiyi qətiyyətli rəhbərliyə görə təşəkkürümü ifadə edirəm.

Füzuli azadlığın qəhrəmanlıqla qazanıldığı, quruculuqla möhkəmləndirildiyi şəhərdir. Bu gün o, öz insanları ilə birlikdə yenidən doğulur. Qoy Füzulinin hər evində ocaq yansın, hər məktəbində uşaqların səsi eşidilsin, hər yeni səhəri sülhün və firavanlığın müjdəsi olsun. Füzuli daim azad, abad və Azərbaycanlı qalsın!