Qərbi Azərbaycan İcması
Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri
Bəzən bir diplomatik dəvətin arxasında bütöv bir siyasi mənzərə dayanır. ABŞ Prezidenti Donald Trampın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi 14–15 dekabr 2026-cı ildə Mayamidə keçiriləcək G20 Liderlər Sammitinə dəvət etməsi də məhz belə hadisələrdəndir. Azərbaycan G20-nin üzvü deyil, buna görə də bu dəvət adi iştirak dəvəti kimi qiymətləndirilə bilməz. Azərbaycanın adı ABŞ sədrliyinin G20 üzrə rəsmi dəvətlilər siyahısında yer alıb və cənab Prezident İlham Əliyev də avqustun 8-də Donald Trampla telefon danışığında bu dəvətə görə təşəkkür edərək onu Azərbaycana qarşı dost münasibətin göstəricisi kimi dəyərləndirib.
G20 dünyanın aparıcı iqtisadiyyatlarının bir araya gəldiyi əsas platformalardan biridir və belə bir toplantıya üzv olmayan ölkənin liderinin dəvət olunması həmin ölkəyə qlobal gündəmdə söz demək imkanı yaradır.
Bəs Azərbaycan niyə dəvət olundu?
Bu sualın cavabını yalnız bir hadisədə axtarmaq düzgün olmazdı. Son illərdə Azərbaycan xarici siyasətdə ardıcıl və çoxistiqamətli xətt həyata keçirib. Ölkəmiz bir tərəfdən enerji təhlükəsizliyinin mühüm iştirakçısına çevrilib, digər tərəfdən Avropa ilə Asiyanı birləşdirən nəqliyyat və logistika layihələrində mövqeyini gücləndirib. Azərbaycanın COP29-a ev sahibliyi etməsi isə ölkənin qlobal iqlim və enerji gündəliyində daha geniş görünməsinə imkan verdi. Bütün bunlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində yalnız regional hadisələrin iştirakçısı deyil, müxtəlif qlobal məsələlər üzrə mövqeyi dinlənilən dövlət kimi formalaşmasına xidmət edib.
Amma bugünkü mənzərədə daha bir mühüm amil var: Azərbaycanın sülh diplomatiyası.
2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh gündəliyi ilə bağlı əldə olunan mühüm razılaşmalar regionda yeni siyasi mərhələnin başlanğıcını qoydu. 2026-cı ilin avqustunda cənab İlham Əliyev və Donald Tramp arasında keçirilən telefon danışığında da həmin proses xüsusi qeyd edildi. Azərbaycan Prezidentinin rəsmi saytının məlumatına görə, Tramp İlham Əliyevin sülh prosesindəki rolunu yüksək qiymətləndirib, tərəflər regionda sülh və sabitliyin qorunmasından məmnunluqlarını bildiriblər. Eyni söhbətdə Azərbaycan-ABŞ münasibətlərinin strateji xarakter qazandığı vurğulanıb.
Burada Prezident İlham Əliyevin siyasi xəttinin mühüm xüsusiyyəti üzə çıxır. Azərbaycan uzun illər ərzində öz milli maraqlarını qorumaqla yanaşı, müxtəlif güc mərkəzləri ilə münasibətlər qurmağa çalışıb. Bu siyasətin əsas mahiyyəti kiminsə qarşısında seçim etməkdən daha çox, Azərbaycanın özünü seçim edilən tərəfə çevirməkdir. Bu gün G20 kimi mühüm beynəlxalq platformaya dəvət də həmin siyasətin nəticələrindən biri kimi qiymətləndirilə bilər.
Çünki Azərbaycan artıq yalnız “Cənubi Qafqaz ölkəsi” kimi təqdim olunan dövlət deyil. Azərbaycanın enerji resursları Avropanın enerji təhlükəsizliyi ilə əlaqəlidir. Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhliz ölkəni Avrasiya nəqliyyat xəritəsində mühüm mövqeyə çıxarır. Xəzər üzərindən keçən marşrutların əhəmiyyəti artdıqca Azərbaycanın geoiqtisadi çəkisi də artır. Regional sülhün əldə olunması istiqamətində atılan addımlar isə ölkənin siyasi çəkisini daha da möhkəmləndirir.
Bütün bunların üzərinə ABŞ-la münasibətlərin yeni mərhələsini əlavə etmək lazımdır. Avqustun 8-də keçirilən telefon danışığında Azərbaycan-ABŞ strateji tərəfdaşlığının tarixi hadisə olduğu vurğulanıb. Tərəflər münasibətlərin keyfiyyətcə daha yüksək səviyyəyə çatdığını və bunun daha geniş regionda sülh və sabitliyə töhfə verdiyini bildiriblər.
Belə bir fonda G20 dəvətinin siyasi mənası daha aydın görünür.
Bu dəvət, əlbəttə, cənab Prezident İlham Əliyevin şəxsiyyətinə verilən qiymətlə bərabər Azərbaycan dövlətinin son illərdə qazandığı siyasi etimadın göstəricisidir. Lakin dövlətin beynəlxalq nüfuzu ilə onun liderinin diplomatik fəaliyyəti arasında da ayrılmaz əlaqə var. Xüsusilə mürəkkəb geosiyasi şəraitdə ölkənin maraqlarını müxtəlif güc mərkəzləri arasında qorumaq, yeni əməkdaşlıq imkanları yaratmaq və Azərbaycanın sözünü beynəlxalq platformalarda eşitdirmək siyasi liderlik tələb edir.
Cənab İlham Əliyevin xarici siyasətində son illərdə diqqət çəkən məqamlardan biri də budur ki, Azərbaycan yalnız mövcud reallıqlara reaksiya verməyə çalışmır, bir sıra hallarda gündəliyin formalaşmasına da təsir göstərir. Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələnən proses, ardınca regionda sülh gündəliyinin önə çıxarılması, enerji və nəqliyyat layihələrinin genişləndirilməsi, COP29 kimi möhtəşəm beynəlxalq tədbirin Bakıda keçirilməsi bu siyasi xəttin müxtəlif istiqamətləridir.
İndi isə qarşıda G20 platforması dayanır.
Bu platformada Azərbaycanın iştirakı üçün ən mühüm məsələ sadəcə salonda görünmək deyil. Azərbaycan üçün əsas məsələ öz gündəliyini ortaya qoymaqdır. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, rəqəmsal transformasiya, iqlim siyasəti, ərzaq təhlükəsizliyi, regional sülh və inkişaf kimi məsələlərdə ölkəmizin mövqeyi üçün belə bir platforma ciddi imkanlar yaradır.
Əslində, G20 dəvətinə bir başqa prizmadan da baxmaq olar. Azərbaycan uzun müddət beynəlxalq münasibətlərdə özünü tanıtmaq üçün müxtəlif platformalardan istifadə edib. Bu gün isə artıq həmin platformaların bəziləri Azərbaycanın özünə doğru açılır. Bu, diplomatik baxımdan mühüm irəliləyişdir. G20 kimi dünyanın ən mühüm siyasi-iqtisadi formatlarından birinə dəvət olunmaq Azərbaycanın beynəlxalq sistemdə artan görünürlüyünü və tərəfdaş kimi əhəmiyyətinin yüksəldiyini göstərən mühüm siyasi siqnaldır.
Azərbaycanın bugünkü beynəlxalq mövqeyi bir gündə yaranmayıb. Bu mövqenin təməlində ilk növbədə Ulu Öndər Heydər Əliyevin uzaqgörən dövlətçilik siyasəti dayanır. Məhz Heydər Əliyevin rəhbərliyi ilə 1990-cı illərin ortalarından Azərbaycanın enerji strategiyasının əsasları müəyyənləşdirildi, “Əsrin müqaviləsi” imzalandı və ölkəmizin dünya enerji xəritəsində özünəməxsus mövqe qazanmasının əsası qoyuldu. Sonrakı illərdə cənab Prezident İlham Əliyev bu strateji xətti yeni layihələrlə zənginləşdirərək Azərbaycanın enerji diplomatiyasını daha geniş geosiyasi və geoiqtisadi əməkdaşlıq platformasına çevirdi. Bu gün Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi layihələr Azərbaycanın yalnız enerji ixracatçısı deyil, həm də Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş olduğunu göstərir.
Azərbaycanın qarşısında indi daha böyük imkanlar açılır. G20 dəvəti də həmin imkanlardan biridir. Ölkəmizin bundan nə qədər səmərəli istifadə edəcəyi artıq növbəti mərhələnin məsələsi olacaq. Azərbaycan özünün enerji, nəqliyyat, sülh və regional əməkdaşlıq təcrübəsini qlobal gündəmlə düzgün birləşdirə biləcək və bu platformadan ölkəmizin siyasi və iqtisadi imkanlarını daha geniş auditoriyaya çatdırmaq üçün mühüm vasitə kimi istifadə edəcək. Bu baxımdan G20 platforması Azərbaycanın yalnız qazandığı uğurları təqdim etdiyi deyil, həm də gələcək təşəbbüslərini ortaya qoyduğu mühüm beynəlxalq tribuna olacaq.
Və bu tribunaya Azərbaycanı aparan yolun əsas memarlarından biri, şübhəsiz ki, cənab Prezident İlham Əliyevin son illərdə həyata keçirdiyi ardıcıl və məqsədyönlü xarici siyasətdir. G20 dəvəti də həmin siyasətin nəticələrindən biri kimi Azərbaycan dövlətinin qazandığı etimadın, artan nüfuzun və beynəlxalq tərəfdaşlıq imkanlarının yeni göstəricisidir.