Qərbi Azərbaycan İcması
Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri
1993-cü il Azərbaycan tarixinin ən mürəkkəb və taleyüklü dövrlərindən biri idi. Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan ağır siyasi, iqtisadi və hərbi böhranla üz-üzə qalmışdı. Ölkədə siyasi qarşıdurma dərinləşir, dövlət idarəçiliyində ciddi problemlər yaşanır, müxtəlif silahlı qruplaşmaların fəaliyyəti dövlət hakimiyyətinin dayaqlarını zəiflədir, cəbhədəki vəziyyət isə getdikcə ağırlaşırdı. Belə bir şəraitdə 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkiləri Azərbaycanın sonrakı inkişaf istiqamətinin müəyyənləşməsi baxımından mühüm hadisəyə çevrildi. Xalq böyük səs çoxluğu ilə Ümummilli Lider Heydər Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi.
Ümummilli Lider Heydər Əliyevin prezident seçilməsindən sonra qarşıda duran əsas məsələ yalnız hakimiyyətin dəyişdirilməsi deyildi. Söhbət müstəqilliyini yenicə əldə etmiş dövlətin qorunub saxlanmasından, onun hüquqi və siyasi əsaslarının möhkəmləndirilməsindən, ölkədə sabitliyin təmin edilməsindən və dövlət idarəçiliyinin yenidən qurulmasından gedirdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlət idarəçiliyinin möhkəmləndirilməsi, qeyri-qanuni silahlı dəstələrin zərərsizləşdirilməsi, dövlət çevrilişlərinin qarşısının alınması və vətəndaş müharibəsi təhlükəsinin aradan qaldırılması istiqamətində mühüm tədbirlər həyata keçirildi.
Əslində, dövlətçiliyin möhkəmləndirilməsi həmin dövrdə bütün digər proseslərin başlanğıc nöqtəsi idi. Sabitliyin olmadığı şəraitdə iqtisadi siyasətin həyata keçirilməsi, dövlət institutlarının formalaşdırılması, beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqeyinin gücləndirilməsi və uzunmüddətli inkişaf strategiyasının hazırlanması mümkün deyildi. 1993-cü ildən sonra siyasi sabitliyin təmin edilməsi ilə Azərbaycan dövlət quruculuğunun yeni mərhələsinə qədəm qoydu.
Bu mərhələnin mühüm istiqamətlərindən biri dövlətin hüquqi əsaslarının yaradılması idi. 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının Konstitusiyasının ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi müstəqil Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişafının əsaslarını müəyyənləşdirdi. Hakimiyyət bölgüsü prinsipi, insan hüquq və azadlıqlarının təmin olunması və dövlət idarəçiliyinin hüquqi çərçivəsinin yaradılması sonrakı dövlət quruculuğu üçün mühüm baza formalaşdırdı. Məhkəmə sisteminin yenidən qurulması, Konstitusiya Məhkəməsi və Ombudsman təsisatlarının yaradılması, ölüm hökmünün ləğvi və senzuranın aradan qaldırılması da həmin dövrün mühüm islahatları sırasında idi.
Ümummilli Lider Heydər Əliyevin dövlətçilik siyasətində azərbaycançılıq ideologiyası da xüsusi yer tuturdu. Azərbaycançılıq milli kimliyin, tarixi yaddaşın, dilin, mədəniyyətin və milli-mənəvi dəyərlərin qorunmasını dövlətçilik anlayışı ilə birləşdirən ideoloji xətt kimi formalaşdırıldı. 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi isə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların vahid milli ideya ətrafında birləşdirilməsi baxımından mühüm hadisə oldu.
Müstəqil dövlətin möhkəmləndirilməsinin mühüm dayaqlarından biri də iqtisadi inkişaf strategiyası idi. Müstəqilliyin ilk illərində iqtisadi böhran və maliyyə çətinlikləri ölkənin qarşısında ciddi problemlər yaradırdı. Ulu öndər Heydər Əliyevin siyasətində bazar iqtisadiyyatına keçid, sahibkarlığın inkişafı, investisiyaların cəlb edilməsi və enerji resurslarından səmərəli istifadə əsas istiqamətlərdən birinə çevrildi. 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın enerji strategiyasının əsasını qoydu. Sonrakı illərdə Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallaşdırılması ölkənin iqtisadi və beynəlxalq imkanlarını genişləndirdi.
Ümummilli Lider Heydər Əliyevin xarici siyasət kursunda Azərbaycanın milli maraqlarının müdafiəsi, beynəlxalq əlaqələrin genişləndirilməsi və ölkənin dünya iqtisadi-siyasi sistemində mövqeyinin möhkəmləndirilməsi əsas istiqamətlərdən idi. Böyük İpək yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi və enerji layihələri Azərbaycanın beynəlxalq əməkdaşlıq imkanlarını artırdı. Qarabağ məsələsinin beynəlxalq gündəmdə saxlanılması, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi və işğal olunmuş torpaqların azad edilməsi məqsədi isə dövlət siyasətinin əsas məsələlərindən biri olaraq qalırdı.
Ulu Öndər Heydər Əliyevin dövlətçilik siyasətinin əsas xüsusiyyətlərindən biri onun gələcəyə hesablanması idi. Siyasi sabitlik, hüquqi dövlət quruculuğu, iqtisadi inkişaf, enerji strategiyası, milli ideologiya, ordu quruculuğu və xarici siyasət ayrı-ayrı istiqamətlər olsa da, onların hamısı müstəqil Azərbaycan dövlətinin gücləndirilməsi məqsədinə xidmət edirdi.
Bu siyasi kurs cənab Prezident İlham Əliyev tərəfindən də ardıcıl şəkildə davam etdirildi. Ölkənin iqtisadi və hərbi potensialının gücləndirilməsi, müdafiə qabiliyyətinin artırılması, beynəlxalq mövqelərin möhkəmləndirilməsi və diplomatik fəaliyyət Azərbaycanın qarşısında duran əsas milli məqsədlərin həyata keçirilməsi üçün yeni imkanlar yaratdı. Nəticədə 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu işğal altında olan ərazilərin böyük hissəsini azad etdi. 2023-cü ildə isə Azərbaycanın bütün ərazisi üzərində suverenliyi bərpa olundu.
Beləliklə, müasir Azərbaycan dövlətçiliyinin tarixində Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs ilə cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət arasında ardıcıl bağlılıq formalaşdı. Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın dövlətçilik təməllərini möhkəmləndirdi, siyasi və iqtisadi dayaqlarını yaratdı, ölkənin gələcək inkişafı üçün mühüm strategiyalar müəyyənləşdirdi. Cənab Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə bu siyasi xətt yeni mərhələdə davam etdirilərək Azərbaycanın hərbi, iqtisadi və diplomatik imkanlarının gücləndirilməsinə, ən başlıcası isə ərazi bütövlüyünün və suverenliyinin bərpasına gətirib çıxardı.
1993-cü ildə qarşıda duran əsas məsələ müstəqil Azərbaycan dövlətini qorumaq və möhkəmləndirmək idisə, sonrakı mərhələdə bu dövlətin ərazi bütövlüyünün bərpası qarşıya qoyulan ən mühüm məqsədlərdən birinə çevrildi. Bu baxımdan Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsi ilə cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət Azərbaycanın müasir tarixində bir-birini tamamlayan iki mühüm mərhələ kimi qiymətləndirilə bilər.