İrəvan Qazılığının fəaliyyəti üçün ayrılmış ofisi ziyarət edilib
16 fevral 2026, 23:13

Qərbi Azərbaycan İcmasının nümayəndə heyəti Qafqaz Müsəlmanları İdarəsində (QMİ) İrəvan Qazılığının fəaliyyəti üçün ayrılmış ofisi ziyarət edib.

Nümayəndə heyətinə ofis şəraiti, inzibati struktur və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, İrəvan Qazılığı tarixi ənənələrə əsaslanan dini-institusional qurum kimi Qərbi Azərbaycan mənşəli soydaşlarımızın dini-mənəvi irsinin araşdırılması, sənədləşdirilməsi və təbliği istiqamətində sistemli iş aparır.

Görüş zamanı İcma rəhbərliyi Qazılığın fəaliyyəti, arxiv sənədlərinin toplanması, tarixi mənbələrin tədqiqi, eləcə də İrəvan mahalı və ümumilikdə Qərbi Azərbaycanda mövcud olmuş dini abidələrə dair materialların sistemləşdirilməsi prosesi ilə yaxından tanış olub. Qeyd olunub ki, deportasiyalar nəticəsində fəaliyyətini dayandırmış dini idarəçilik ənənələrinin elmi əsaslarla bərpası və ictimaiyyətə təqdim olunması prioritet istiqamətlərdəndir.

İrəvan qazısı Bəxtiyar Nəcəfov görülən işlər, hazırlanmaqda olan elmi nəşrlər və arxiv materialları əsasında aparılan tədqiqatlar barədə məlumat verib. O bildirib ki, əsas məqsəd İrəvan Qazılığının tarixi irsinin qorunması, sənədləşdirilməsi və gələcək nəsillərə çatdırılmasıdır.