Məlahət İbrahimqızı: "Qərbi Azərbaycan qadınları Qayıdış Konsepsiyasının aparıcı qüvvəsidir"
29 iyun 2026, 21:31

29 iyun 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasının inzibati binasında Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının 2026-cı ilin ilk yarımilliyinə dair hesabat yığıncağı keçirilib.

Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı rəhbərlik etdiyi Şuranın 2026-cı ilin ilk altı ayı ərzində gördüyü işlər barədə geniş hesabat məruzəsi ilə çıxış edib.

Məlahət İbrahimqızı bildirib ki, son dörd il ərzində Qərbi Azərbaycan məsələsinin beynəlxalq müstəvidə tanıdılması istiqamətində mühüm uğurlar əldə olunub. O qeyd edib ki, fəaliyyətin ilk illərində "Qərbi Azərbaycan" ifadəsinin beynəlxalq platformalarda səsləndirilməsi belə çətin olduğu halda, bu gün artıq Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın hüquqları, onların təhlükəsiz, ləyaqətli və sülh yolu ilə qayıdış hüququ beynəlxalq təşkilatların gündəliyində yer alır. Prezident İlham Əliyevin müəyyən etdiyi siyasi kurs nəticəsində Qərbi Azərbaycan məsələsinin beynəlxalq leksikona daxil olduğunu vurğulayan Məlahət İbrahimqızı bildirib ki, bu istiqamətdə əldə edilən nəticələr qarşıdakı mərhələdə qayıdışın hüquqi və praktiki mexanizmlərinin formalaşdırılmasına zəmin yaradır.

Çıxışında xalq birliyinin vacibliyini xüsusi qeyd edən Məlahət İbrahimqızı vurğulayıb ki, Qarabağın azadlığı uğrunda Azərbaycan xalqı necə Prezident İlham Əliyevin ətrafında sıx birləşmişdisə, Qərbi Azərbaycana Qayıdış məsələsində də eyni milli həmrəylik nümayiş etdirilməlidir. O bildirib ki, Qərbi Azərbaycana qayıdış təkcə Qərbi azərbaycanlıların deyil, bütün Azərbaycan xalqının ümummilli məqsədidir.

Şura sədri Qərbi azərbaycanlıların Azərbaycan dövlətçiliyinə və Vətən müharibəsində qazandığı Zəfərə verdiyi töhfələrdən də danışıb. Bildirib ki, yüzlərlə Qərbi Azərbaycan əsilli soydaşımız Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olub və onların əziz xatirəsi daim ehtiramla yad edilir. O vurğulayıb ki, Qərbi Azərbaycana qayıdış məhz sülh, ləyaqət və beynəlxalq hüquq prinsipləri əsasında təmin olunacaq.

Məlahət İbrahimqızı çıxışında Qadınlar Şurasının fəaliyyətinə də geniş yer ayıraraq bildirib ki, Şura fəaliyyətini Qərbi Azərbaycan İcmasının Nizamnaməsi və təsdiq edilmiş fəaliyyət planına uyğun qurur. O qeyd edib ki, Qadınlar Şurası İcmanın digər şuraları ilə vahid komanda şəklində çalışır və Qayıdış Konsepsiyasının həyata keçirilməsinə öz töhfəsini verir.

O bildirib ki, Qərbi Azərbaycan qadınları Qayıdış Konsepsiyasının aparıcı qüvvəsidir. Məhz buna görə də dövlət başçısı Qərbi Azərbaycan qadınlarının potensialına böyük etimad göstərərək Qadınlar Şurasının yaradılmasına xüsusi önəm verib. Məlahət İbrahimqızı vurğulayıb ki, bu etimad Qərbi Azərbaycan qadınlarının üzərinə böyük məsuliyyət qoyur və hər bir qadın bu müqəddəs amala xidmət etməlidir.

Məruzədə qeyd olunub ki, 2023-cü ildən fəaliyyətini genişləndirən Qadınlar Şurasının hazırda 1000-dən çox rəsmi qeydiyyatdan keçmiş üzvü var və bu proses davamlı xarakter daşıyır. Müntəzəm olaraq yeni qadınlar İcmaya və Qadınlar Şurasına qoşulur, məlumat bazası zənginləşdirilir, Qərbi Azərbaycan həqiqətlərinin təbliği istiqamətində yeni təşəbbüslər irəli sürülür.

Çıxış zamanı bildirilib ki, Qadınlar Şurasının fəaliyyəti yalnız tədbirlərin təşkili ilə məhdudlaşmır. İl ərzində dövlət əhəmiyyətli tarixi günlər, anım mərasimləri, konfranslar, dəyirmi masalar, maarifləndirici və sosial layihələr ardıcıl şəkildə həyata keçirilir. Eyni zamanda Qərbi Azərbaycanın tanınmış ziyalı qadınlarının irsinin təbliği, eləcə də beynəlxalq platformalarda qadınların fəallığının artırılması istiqamətində sistemli iş aparılır.

Məlahət İbrahimqızı vurğulayıb ki, Qərbi Azərbaycan İcmasının fəaliyyəti dövlətin müəyyən etdiyi siyasi xəttə uyğun şəkildə həyata keçirilir və görülən hər bir iş Qayıdış Konsepsiyasının məqsədlərinə xidmət edir.

Topantıda Qadınlar Şurasının 2026-cı ilin ilk yarımili ərzində həyata keçirdiyi tədbirlər və görülən işləri əks etdirən video təqdimatla hesabat nümayiş etdirilib.

Ardınca hesabat ətrafında müzakirələr aparılıb.

Qərbi Azərbaycan İcmasının mətbuat katibi, Qadınlar Şurasının üzvü Lamiyə Əhmədova çıxışında Qadınlar Şurasının fəaliyyətinin informasiya təminatının gücləndirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, həyata keçirilən layihə və tədbirlər öz əhəmiyyətinə uyğun şəkildə media və sosial şəbəkələrdə daha geniş işıqlandırılmalı, hər bir üzv informasiya təbliğatında fəal iştirak etməlidir. Lamiyə Əhmədova xüsusilə Çəmbərək, Amasiya və Basarkeçər icmalarının sosial media fəallığını müsbət nümunə kimi dəyərləndirib, rayon icmalarında media ilə işləyən məsul şəxslərin müəyyənləşdirilməsini, gənc xanımların informasiya fəaliyyətinə daha fəal cəlb olunmasını təklif edib. O, həmçinin bildirib ki, Qərbi Azərbaycan Televiziyası Qayıdış ideyasının təbliği istiqamətində fəaliyyət göstərən bütün qadınların üzünə açıqdır və xanımları televiziya ilə sıx əməkdaşlığa, eləcə də kanalın sosial media platformalarını izləyərək informasiya dəstəyini gücləndirməyə çağırıb.

Daha sonra Sabunçu Tibb Mərkəzi PHŞ direktor müavini; 2 nömrəli doğum evinin rəhbəri, Qadınlar Şurasının Sosial layihələr üzrə rəhbəri Səadət Şamilova, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü, ADU-nun kafedra müdiri, Azərbaycan Dillər Universitetində Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri Həqiqət Hacıyeva, Qərbi Azərbaycan İcması Aparatının böyük koordinatoru Cəmilə Fəyyaz və Azərbaycan Yazıçılar Birliyinin üzvü Sona İsmayılova çıxış edərək Qadınlar Şurasının fəaliyyəti, milli-mənəvi dəyərlərin qorunması, Qayıdış Konsepsiyasının təbliği və qadınların ictimai fəallığının artırılması ilə bağlı fikirlərini bölüşüblər.

Müzakirələr zamanı Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü, Şuranın mətbuat və sosial media üzrə işçi qrupunun rəhbəri Günay Ağamalı çıxış edərək Qərbi Azərbaycana Qayıdış ideyasının təbliğində sosial medianın imkanlarından daha səmərəli istifadənin vacibliyini vurğulayıb. O, Qadınlar Şurasının üzvlərini rəqəmsal platformalarda daha fəal olmağa, həyata keçirilən tədbir və layihələrin geniş auditoriyaya çatdırılması istiqamətində informasiya fəaliyyətini gücləndirməyə çağırıb.

İclas çərçivəsində icmalar üzrə qadın koordinatorlarının fəaliyyətinə dair yeni proqram təsdiqlənib. Qərbi Azərbaycan qadınlarının sosial media fəaliyyətinin gücləndirilməsi və qarşıdakı dövr üçün nəzərdə tutulan vəzifələr müzakirə olunub.

Sonda cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər nəzərə alınaraq müvafiq qərarlar qəbul edilib.