Mini-futbol turniri və bilik yarışmasının qaliblərinin mükafatlandırma mərasimi keçirilib
08 may 2026, 22:41

Mayın 8-də Qərbi Azərbaycan İcmasında İcmanın Xəzər rayon nümayəndəliyinin təşkilatçılığı ilə keçirilmiş mini-futbol turniri və bilik yarışmasının qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli, Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Elşən Qurbanov, Bakı Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşı Sirac Axundov, Xəzər rayonu üzrə iştirakçı məktəblərin rəhbərləri, idmançılar və icma nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli qonaqları salamlayaraq bildirib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılan milli dövlətçilik ideyaları bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O qeyd edib ki, Qərbi Azərbaycana qayıdış ideyası milli yaddaşın, tarixi ədalətin və azərbaycançılıq məfkurəsinin mühüm tərkib hissəsidir.

Əziz Ələkbərli çıxışında qeyd edib ki, İcmanın Xəzər rayon nümayəndəliyi ötən illərdə də bu kimi vətənpərvərlik ruhunda tədbirlər həyata keçirib. O, göstərilən dəstəyə görə Xəzər Rayon İcra Hakimiyyətinin başçısına və qurumun əməkdaşlarına təşəkkürünü bildirib, daha sonra sözü Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Elşən Qurbanova verib.

Elşən Qurbanov çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Xəzər rayonunda silsilə tədbirlər keçirilir və İcmanın Xəzər rayon nümayəndəliyinin təşkil etdiyi bu tədbir də həmin layihələrin tərkib hissəsidir. O vurğulayıb ki, Xəzər Rayon İcra Hakimiyyəti Qərbi Azərbaycan məsələsinin təbliği istiqamətində həyata keçirilən tədbirlərə daim həssaslıqla yanaşır və gələcəkdə də bu fəaliyyətə dəstəyini davam etdirəcək.

Daha sonra İcmanın Xəzər rayon nümayəndəsi Alı Alıyev görülən işlərlə bağlı hesabat xarakterli çıxış edib. O, həyata keçirilən layihələr, gənclərlə aparılan maarifləndirici fəaliyyət və təşkil olunan yarışlar barədə məlumat verib, bu işdə fəallıq göstərən müəllimləri, məktəb rəhbərlərini və təşkilati dəstək göstərən şəxsləri iştirakçılara təqdim edərək hər kəsə təşəkkürünü bildirib.

Digər çıxış edənlər də Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edərək bildiriblər ki, Ulu Öndərin əsasını qoyduğu dövlətçilik siyasəti bu gün Azərbaycanı daha güclü və nüfuzlu dövlətə çevirib. Çıxışlarda Qərbi Azərbaycan məsələsinin ümummilli məsələ olduğu vurğulanıb, tarixi torpaqlarımıza qayıdış ideyasının milli həmrəyliyin və dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğu qeyd edilib.

Bildirilib ki, 03 may 2026-cı il tarixində Bakı Şəhər Gənclər və İdman İdarəsinin və Qərbi Azərbaycan İcmasının dəstəyi, İcmanın Xəzər rayon nümayəndəliyi və “Qarabağ” FK-nın birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş Xəzər rayonunun kəndləri arasında keçirilən mini-futbol turnirində ümumilikdə 8 komanda — “Məkan”, “Mərdəkan”, “QRES”, “Şüvəlan”, “Binə 117 nömrəli məktəb”, “Buzovna”, “Binə” və “Çeşmə” komandaları iştirak edib.

Final görüşünün nəticələrinə əsasən, “Binə” komandası I yerə, “Şüvəlan” komandası II yerə, “Buzovna” komandası isə III yerə layiq görülüb.

Bilik yarışında isə I yerə 322 saylı, II yerə 26 saylı, III yerə 206 saylı məktəbi təmsil edən iştirakçılar layiq görülüblər.

Tədbirdə eyni zamanda təşkilati dəstəyə görə 234 saylı məktəbin müəllimi Xeyrulla Haqverdiyev və 181 saylı məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Venera Əliyeva da təltif olunublar.

Daha sonra yarışların qaliblərinə diplom, medal və hədiyyələr təqdim olunub. Mini-futbol yarışında fərqlənən komandalar və iştirakçılar xüsusi mükafatlarla təltif ediliblər. Bilik yarışmasının qalibləri də təşkilatçılar tərəfindən mükafatlandırılıb.

Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.