Qərbi Azərbaycan İcması
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 oktyabr 2026-cı il tarixli Sərəncamı ilə görkəmli alim, professor, fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü, Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Cumail oğlu Mərdanov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmi-pedaqoji sahədə böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib.
Qeyd edək ki, 3 oktyabr 2026-cı ildə görkəmli alim, professor, fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü, Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Cumail oğlu Mərdanovun 80 illik yubileyidir.
Misir Mərdanov 1946-cı ildə Qərbi Azərbaycanın Karvansaray rayonunun Göyərçin kəndində ziyalı ailəsində anadan olub.
O, uzun illər Azərbaycan elm və təhsilinin inkişafına mühüm töhfələr verib. Bakı Dövlət Universitetində müxtəlif vəzifələrdə çalışan Misir Mərdanov 1996–1998-ci illərdə universitetin rektoru, 1998–2013-cü illərdə isə Azərbaycan Respublikasının təhsil naziri olub. 2013-cü ildən Riyaziyyat və Mexanika İnstitutuna rəhbərlik edib. Hazırda Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində kafedra müdiri vəzifəsində çalışır.
Alimin elmi fəaliyyəti əsasən optimal idarəetmənin riyazi üsulları, diferensial tənliklər, gecikən arqumentli və diskret sistemlər üzrə tədqiqatları əhatə edir. Misir Mərdanov təhsil tarixi və riyaziyyat üzrə çoxsaylı fundamental əsərlərin müəllifidir. Onun müəllifliyi ilə “Azərbaycan təhsil tarixi” fundamental dördcildliyi, “1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar” adlı fundamental çoxcildlik, təhsillə bağlı 10 kitab və 120 məqalə, həmçinin riyaziyyata dair beş monoqrafiya, 150 elmi məqalə, orta məktəblər üçün 20 dərslik və dərs vəsaiti, Azərbaycanın görkəmli şəxsiyyətləri haqqında 64 məqalə ərsəyə gəlib. Elmi məqalələrinin 40-ı Clarivate Analytics-in indeksləşdirdiyi jurnallarda dərc olunub.
Misir Mərdanov beynəlxalq elmi və akademik fəaliyyəti ilə də seçilir. 2000-ci ildən Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, 2005-ci ildən Rusiya Təhsil Akademiyasının xarici üzvü, 2011–2014-cü illərdə Türk Dünyası Riyaziyyat Cəmiyyətinin prezidenti, 2014-cü ildən həmin cəmiyyətin fəxri prezidenti olub.
2014-cü ildən pedaqoji təhsil üzrə Beynəlxalq Elmlər Akademiyasının (Moskva) akademikidir. O, eyni zamanda bir sıra nüfuzlu elmi jurnalların redaksiya heyətlərində təmsil olunur, “AMEA Riyaziyyat və Mexanika İnstitutunun əsərləri” jurnalının baş redaktorudur.
Misir Mərdanovun çoxşaxəli fəaliyyətində Qərbi Azərbaycan mövzusu və Qərbi Azərbaycana Qayıdış məsələsi də xüsusi yer tutur. Qərbi Azərbaycandan olan ziyalı kimi o, doğma yurdun tarixi yaddaşının qorunmasına, bu irsin araşdırılmasına və gələcək nəsillərə çatdırılmasına böyük önəm verir. Qərbi Azərbaycan İcmasın Müşahidə Şurasının sədri kimi İcmanın fəaliyyətində yaxından iştirak edən Misir Mərdanov Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdış hüququnun müdafiəsi, Qərbi Azərbaycanın tarixi və mədəni irsinin öyrənilməsi, eləcə də Qayıdış ideyasının elmi, ictimai və beynəlxalq müstəvidə əsaslandırılması istiqamətində fəaliyyət göstərir.
Misir Mərdanov 2013-cü ilə qədər Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin, 2020-ci ilədək isə Siyasi Şurasının üzvü olub.
Elmi və ictimai fəaliyyətinə görə Misir Mərdanov “Əməkdar elm xadimi” fəxri adına, “Şöhrət” və 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenlərinə layiq görülüb.
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmi-pedaqoji sahədə böyük xidmətlərinə görə Misir Cumail oğlu Mərdanov “Şərəf” ordeni ilə təltif edilib.
Qərbi Azərbaycan İcması olaraq görkəmli alim və ziyalı Misir Mərdanovu 80 illik yubileyi və “Şərəf” ordeni ilə təltif olunması münasibətilə münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, elmi fəaliyyətində yeni uğurlar, ictimai fəaliyyətində isə davamlı nailiyyətlər arzulayırıq.