Qərbi Azərbaycan İcması
Elm və Təhsil Nazirliyinin Geologiya İnstitutunun əməkdaşı, geologiya-mineralogiya elmləri doktoru, professor Ayvaz Alı oğlu Xələfli vəfat edib.
Ayvaz Xələfli 1942-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Krasnoselsk rayonunun Cil kəndində anadan olub. 1959-cu ildə Ardanış kənd orta məktəbini bitirdikdən sonra Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olub və 1965-ci ildə ali təhsilini başa vurub.
Elmi fəaliyyətinə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda başlayan Ayvaz Xələfli paleomaqnetizm və Yer maqnetizmi istiqamətində tədqiqatlar aparıb. Aspirantura təhsilini Leninqradda davam etdirib, elmi fəaliyyətini bir müddət burada davam etdirdikdən sonra 1977-ci ildə Bakıya qayıdaraq Geologiya İnstitutunda elmi tədqiqatlarını davam etdirib.
O, Azərbaycanda paleomaqnit tədqiqatlarının inkişafına mühüm töhfələr verib, Azərbaycan və Qafqaz ərazisinin paleotektonik bərpası istiqamətində fundamental araşdırmalar aparıb.
Alim 100 çap vərəqindən çox elmi əsərin, o cümlədən 6 monoqrafiya və 90-dan artıq elmi məqalənin müəllifidir. Uzunillik elmi fəaliyyəti ərzində sıravi elmi işçidən geologiya-mineralogiya elmləri doktoru və professor elmi dərəcəsinə qədər yüksəlib.
Ayvaz Xələflinin vəfatı Azərbaycan elmi ictimaiyyəti, həmkarları, doğmaları və yaxınları üçün ağır itkidir.
Qərbi Azərbaycan İcması mərhumun doğmalarına, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin! Ruhu şad olsun!