Qadınlar Şurasının nümayəndə heyəti Ankarada bir sıra görüşlər keçirib
05 iyun 2026, 16:01

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının nümayəndə heyəti Ankarada bir sıra görüşlər keçirib.

4-5 iyun 2026-cı il tarixlərində Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının “Ortaq Türk mirası: Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyəti” layihəsi çərçivəsində Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində bir sıra tədbirlər keçirilib.

Tədbirlər çərçivəsində Ankarada səfərdə olan Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının nümayəndə heyəti müxtəlif görüşlər keçirərək Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, Azərbaycan-Türkiyə əməkdaşlığının daha da möhkəmləndirilməsi və ortaq tarixi-mədəni irsin təbliği istiqamətində müzakirələr aparıb.

Səfər çərçivəsində nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisində Sağlıq, Ailə, Çalışma və Sosial İşlər Komissiyasının sədri, AK Parti millət vəkili Vedat Bilginlə görüş keçirib. Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə iki qardaş ölkə arasında gündən-günə inkişaf edən əməkdaşlıq münasibətlərindən bəhs olunub. Həmçinin parlamentlərarası dostluq qruplarının fəaliyyəti, qarşılıqlı əlaqələrin genişləndirilməsi və Qərbi Azərbaycan mövzusunda birgə fəaliyyət imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Ankarada keçirilən tədbirlərdə Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı, layihənin və nümayəndə heyətinin rəhbəri Məlahət İbrahimqızı, İdarə Heyətinin üzvü, ADPU-nun prorektoru, professor Mahirə Hüseynova, Qadınlar Şurasının üzvü, beynəlxalq əlaqələr üzrə koordinator, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı, Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun üzvü, deputat Səbinə Salmanova, Qadınlar Şurasının sədr müavini, ADPU-nun dekanı, dosent Könül Həsənova, Ziyalılar Şurasının üzvü, ADU-nun kafedra müdiri və Qərbi Azərbaycan Araşdırmaları Mərkəzinin rəhbəri, dosent Həqiqət Hacıyeva, BDU-nun dosenti, Qadınlar Şurasının üzvü Xatirə Mehdiyeva, Azərbaycan Milli Tarix Muzeyinin departament rəhbəri, etnoqraf alim, dosent Gülzadə Abdulova və Qadınlar Şurasının üzvü Ülviyyə Allahverdiyeva təmsil olunublar.