Qərbi Azərbaycan İcması
Azərbaycan-Özbəkistan münasibətləri son illərdə sadəcə diplomatik əlaqələrin deyil, həm də yeni regional əməkdaşlıq modelinin nümunəsinə çevrilib. Prezident İlham Əliyevin avqustun 23–24-də Özbəkistana rəsmi səfəri bu münasibətlərin strateji mahiyyətini bir daha ortaya qoydu. Daşkənddə imzalanan sənədlər, iqtisadi və nəqliyyat əməkdaşlığı ilə bağlı razılaşmalar, eləcə də “Əbədi dostluq haqqında Müqavilə” iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçdiyini göstərir. Bu səfər həm də Azərbaycanın Mərkəzi Asiya ilə Avropa arasında formalaşan yeni iqtisadi və nəqliyyat xəritəsində rolunun getdikcə artdığını nümayiş etdirir.
Həmin səfərlə bağlı Milli Məclisin deputatı Əziz Ələkbərli Patrul.az-a açıqlama verib. O bildirib ki, avqustun 23-ü və 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistan Respublikasına rəsmi səfəri illərdən bəri Azərbaycanla Özbəkistan arasındakı dostluq və qardaşlıq münasibətinin məntiqi nəticəsidir:
“Bu səfərin siyasi əhəmiyyəti imzalanan sənədlərin sayından daha böyükdür. Çünki söhbət artıq təkcə iki qardaş ölkənin münasibətlərindən deyil, həm də Azərbaycanla Mərkəzi Asiya arasında yeni iqtisadi, nəqliyyat və geosiyasi bağlantının formalaşmasından gedir. Azərbaycanın Mərkəzi Asiya ilə münasibətləri artıq ikitərəfli əməkdaşlıq çərçivəsindən çıxaraq daha geniş regional layihələrin mühüm elementinə çevrilir. Özbəkistanla münasibətlər isə bu prosesin ən güclü dayaqlarından biridir. Azərbaycan və Özbəkistanın münasibətlərində son illərdə baş verən dəyişiklik ilk növbədə siyasi etimadın iqtisadi əməkdaşlığa çevrilməsi ilə xarakterizə olunur. Əvvəllər əsasən diplomatik və humanitar əlaqələrlə yadda qalan münasibətlər indi iqtisadi həyatın, demək olar ki, bütün sahələrini əhatə edir.
İndi qarşıda daha böyük hədəf var: iki ölkənin imkanlarını regional əməkdaşlığın daha geniş platformasına çevirmək. Bu mənzərədə nəqliyyat məsələsi xüsusi əhəmiyyət daşıyır. Mərkəzi Asiyanın zəngin resursları və istehsal potensialı Xəzər üzərindən Azərbaycan vasitəsilə Qərb bazarlarına çıxa bilər”.
Deputat qeyd edib ki, Azərbaycan isə öz növbəsində Mərkəzi Asiya üçün Avropa istiqamətində mühüm nəqliyyat və logistika platformasına çevrilir:
“Bu baxımdan Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Trans-Xəzər marşrutu və digər layihələr artıq ayrı-ayrı infrastruktur obyektləri deyil, böyük bir regional iqtisadi sistemin elementləridir. Belə bir şəraitdə Azərbaycan–Özbəkistan münasibətlərinin siyasi tərəfi ilə iqtisadi tərəfi bir-birindən ayrılmaz hala gəlir. Siyasi etimad investisiyanı asanlaşdırır, iqtisadi maraqlar siyasi münasibətləri möhkəmləndirir, nəqliyyat bağlantıları isə bütün bu prosesləri vahid sistemə çevirir. Daşkənd görüşünün diqqətçəkən məqamlarından biri də ticarət dövriyyəsinin artırılması ilə bağlı hədəfdir. Azərbaycanın logistika, enerji, maliyyə və nəqliyyat imkanları ilə Özbəkistanın sənaye, kənd təsərrüfatı, tekstil, avtomobil və digər istehsal potensialı bir-birini tamamlayır.
Azərbaycan–Özbəkistan münasibətlərinin ən təsirli tərəflərindən biri bu əməkdaşlığın Qarabağda özünü göstərməsidir. Özbəkistan Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra Qarabağın yenidən qurulması prosesində iştirak edən ilk qardaş ölkələrdən biri oldu. Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikilməsi və Xankəndidə tikiş fabrikinə investisiya yatırılması bunun parlaq nümunələridir”.
Müsahibin sözlərinə görə, Daşkənd səfərinin ən mühüm nəticələrindən biri isə Əbədi dostluq haqqında Müqavilənin imzalanmasıdır:
“Şübhəsiz ki, Azərbaycan və Özbəkistan arasında münasibətlərin kökündə ortaq tarix, dil və mədəni yaxınlıq, türk dünyasının ümumi dəyərləri dayanır. Amma müasir dövlət münasibətlərinin gücü yalnız tarixi yaxınlıqla ölçülmür. Bu yaxınlıq konkret iqtisadi layihələrə, investisiyalara, nəqliyyat xətlərinə, sənaye müəssisələrinə və siyasi koordinasiyaya çevriləndə daha böyük gücə malik olur. Daşkənddə baş verən də məhz budur. Dünyanın geosiyasi xəritəsi dəyişir. Şərqlə Qərb arasındakı iqtisadi əlaqələrdə yeni marşrutlar meydana çıxır. Mərkəzi Asiya getdikcə daha böyük strateji əhəmiyyət qazanır. Xəzər dənizi isə bu yeni əlaqələr sistemində mühüm körpüyə çevrilir.
Azərbaycan və Özbəkistanın bugünkü əməkdaşlığı göstərir ki, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni bir məkan artıq formalaşmaqdadır. Bu baxımdan, Daşkənddə verilən mesaj kifayət qədər aydındır: formalaşmaqda olan yeni dünya xəritəsinin qurulmasında Azərbaycan da, Özbəkistan da kənardan baxan deyil, prosesin əsas iştirakçıları olmaq niyyətində olan ölkələrdir”.