Qərbi Azərbaycan İcması
Bakı Dövlət Universitetinin “Optika və molekulyar fizika” kafedrasının məsləhətçi professoru, fizika-riyaziyyat elmləri doktoru, tanınmış alim və pedaqoq, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Niftalı Mehralı oğlu Qocayevin 90 illik yubileyi qeyd olunur.
Qərbi Azərbaycanın Karvansara (keçmiş Dilican) rayonunun Göyərçin kəndinin yetirməsi olan Niftalı Qocayev ömrünü elmə, təhsilə və gənc nəslin yetişdirilməsinə həsr etmiş, Azərbaycan fizika elminin və milli fizika məktəbinin inkişafına mühüm töhfələr vermişdir. 18 oktyabr 1936-cı ildə anadan olan Niftalı müəllim 1953-cü ildə Gölkənd kənd orta məktəbini qızıl medalla bitirmiş, həmin il Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olmuş, 1958-ci ildə universiteti fərqlənmə diplomu ilə başa vurmuşdur. 1959–1961-ci illərdə Leninqradda Yüksəkmolekullu Birləşmələr İnstitutunun aspiranturasında təhsil almış, 1961-ci ildə biofizika ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alaraq ilk azərbaycanlı biofizik alim olmuşdur.
Niftalı Qocayev əmək fəaliyyətinə 1958-ci ildə Bakı Dövlət Universitetinin “Optika və molekulyar fizika” kafedrasında laborant kimi başlamış, 1961–1962-ci illərdə baş laborant, 1963–1964-cü illərdə müəllim, 1964–1966-cı illərdə baş müəllim vəzifələrində çalışmışdır. 1965–1967-ci illərdə İttifaq Ali Məktəbləri Müəllimlərinin İxtisasını Artırma fakültəsinin dekanı olmuş, 1968–1984-cü illərdə BDU-nun “Optika və molekulyar fizika” kafedrasına rəhbərlik etmişdir. 1980–2005-ci illərdə universitetin Molekulyar biofizika elmi-tədqiqat problem laboratoriyasının müdiri, 2005–2018-ci illərdə isə Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun “Nəzəri fizika” şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1993–1998-ci illərdə Türkiyənin Ərzurum Atatürk və İstanbul universitetlərində professor olmuş, 2001–2016-cı illərdə Qafqaz Universitetində elmi işlər üzrə prorektor vəzifəsini icra etmişdir. Hazırda Bakı Dövlət Universitetinin “Optika və molekulyar fizika” kafedrasının məsləhətçi professorudur.
Niftalı Qocayevin çoxşaxəli elmi fəaliyyəti molekulyar biofizikanın mühüm problemlərinin, DNT və zülal molekullarının quruluşunun, onların quruluş-funksiya əlaqələrinin tədqiqini əhatə edir. Onun elmi rəhbərliyi ilə 20 nəfər tədqiqatçı namizədlik və doktorluq dissertasiyalarını müdafiə etmiş, alimin müəllifi olduğu 400-dən artıq elmi məqalə, 20-dən çox dərslik, dərs vəsaiti və monoqrafiya elm və təhsil ictimaiyyətinin istifadəsinə verilmişdir. “Mexanika”, “Molekulyar fizika” və “Optika” dərslikləri, eləcə də türk dilində nəşr olunan əsərləri onun elmi-pedaqoji irsinin dəyərli nümunələridir. Alimin “Optika” dərsliyi keçmiş SSRİ universitetlərinin tələbələri üçün tövsiyə edilmiş və 2016-cı ildə yenidən nəşr olunmuşdur.
Niftalı Qocayev elmi və ictimai fəaliyyəti ilə də seçilmişdir. 1998-ci ildə Azərbaycan Biofizika Cəmiyyətinin prezidenti seçilmiş, 1967–1994-cü illərdə Azərbaycan Respublikası Elm Cəmiyyətinin Fizika seksiyasının üzvü, 1980–1984-cü illərdə Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının Fizika və astronomiya seksiyasının sədri, 1989–1993-cü illərdə isə Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri olmuşdur. 2001–2016-cı illərdə “Journal of Qafqaz University” elmi jurnalının baş redaktoru, 2016-cı ildən isə “Journal of Baku Engineering University” elmi jurnalının baş redaktorudur.
Alimin uzunillik səmərəli fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, 2016-cı ildə “Əməkdar müəllim” fəxri adına layiq görülmüş, 2019-cu ildə “BDU-nun 100 illiyi (1919–2019)” yubiley medalı və 3-cü dərəcəli “Əmək” ordeni ilə, 2024-cü ildə isə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif olunmuşdur.
Qərbi Azərbaycan İcması bu əlamətdar yubiley münasibətilə görkəmli alim və pedaqoq Niftalı Mehralı oğlu Qocayevi səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun və mənalı ömür, ailə səadəti, firavanlıq və yeni-yeni uğurlar arzulayır.
90 illik yubileyiniz mübarək olsun!