Qərbi Azərbaycan İcmasında Qafan rayonundan ali məktəblərə qəbul olmuş gənclərlə görüş keçirilib
12 sentyabr 2026, 09:50

Qərbi Azərbaycan İcmasında Qafan rayonundan bu il ali məktəblərə qəbul olmuş gənclərlə görüş keçirilib. Gənclərin əldə etdikləri yüksək nəticələrin, onların təhsil uğurlarının və qarşıdakı hədəflərinin diqqətə çatdırıldığı tədbirdə Qərbi Azərbaycan İcmasının rəhbərliyi, Qafan rayon İcmasının nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.

Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Qərbi Azərbaycan İcması Qafan rayon İcmasının sədri, professor Eldar Abbasov tədbiri açıq elan edərək gənclərin əldə etdikləri uğurlardan məmnunluğunu ifadə edib. O, Qafan rayonundan olan gənclərin təhsilə, elmə və inkişafa göstərdikləri marağın yüksək qiymətləndirilməli olduğunu vurğulayıb.

Eldar Abbasov çıxışında gənclərin öz doğma yurdlarının tarixi və mədəni irsi ilə bağlı biliklərinin artırılmasının, milli yaddaşın qorunmasının və bu irsin gələcək nəsillərə ötürülməsinin vacibliyindən danışıb. O, Qafan rayonundan olan gənclərin ali məktəblərə qəbul zamanı göstərdikləri yüksək nəticələri xüsusi qeyd edib. Bildirib ki, gənclərin təhsil sahəsində qazandıqları uğurlar onların fərdi nailiyyəti olmaqla yanaşı, dövlətin gənclərə və təhsilə göstərdiyi diqqət və qayğının da mühüm nəticələrindəndir.

Ardınca söz Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərliyə verilib. O, bu il 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olan 153 Qərbi Azərbaycan əsilli gəncin olduğunu diqqətə çatdırıb. Əziz Ələkbərli yüksək nəticə göstərərək tələbə adını qazanan Qafan rayon gənclərini təbrik edib, onların uğurlarının həm ailələri, həm də Qərbi Azərbaycan İcması üçün qürur mənbəyi olduğunu bildirib.Əziz Ələkbərli qeyd edib ki, Qərbi Azərbaycan gənclərinin yüksək ballarla ali məktəblərə qəbul olması onların təhsilə və elmə böyük önəm verdiyini göstərir. Onun sözlərinə görə, bu uğurlar eyni zamanda Qərbi Azərbaycanın ziyalı ənənələrinin bu gün də davam etdiyini nümayiş etdirir.

İcma rəhbəri gənclərə qarşıdakı təhsil mərhələsində uğurlar arzulayaraq onların öz üzərlərində daim işləmələrinin, bilik və dünyagörüşlərini inkişaf etdirmələrinin vacibliyini vurğulayıb. O, gənclərə milli-mənəvi dəyərlərimizi qorumağı, dövlətçilik ənənələrinə sadiq qalmağı və gələcək fəaliyyətlərində Qərbi Azərbaycan gənclərini layiqincə təmsil etməyi tövsiyə edib.

AMEA-nın müxbir üzvü, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri, professor Misir Mərdanov da görüşdə çıxış edərək ali məktəblərə qəbul olmuş gəncləri əldə etdikləri yüksək nəticələr münasibətilə təbrik edib. O bildirib ki, qarşıda gəncləri kifayət qədər çətin, eyni zamanda maraqlı yeni mərhələ gözləyir. Misir Mərdanov ali təhsilin orta təhsildən daha çox çalışmağı, oxumağı və insanın öz üzərində daim işləməsini tələb etdiyini vurğulayıb.

Misir Mərdanov gənclərə universitet illərində həm bilik, həm də dünyagörüşü baxımından inkişaf etməyi, seçdikləri ixtisasları dərindən öyrənməyi və gələcəkdə Qərbi Azərbaycan gənclərini layiqincə təmsil etməyi tövsiyə edib. O, gənclərin ilk növbədə ana dilini və tariximizi yaxşı bilməsinin vacibliyini qeyd edib, xarici dillərə, xüsusilə ingilis dilinə yiyələnməyin əhəmiyyətini vurğulayıb.

Müşahidə Şurasının sədri, həmçinin informasiya və kommunikasiya texnologiyalarının öyrənilməsinin müasir dövrdə mühüm əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, yaxın gələcəkdə bu texnologiyalardan daha səmərəli istifadə etməyi bacaran insanların uğur qazanmaq imkanları daha çox olacaq. Misir Mərdanov gənclərə süni intellekt sahəsini də öyrənməyi tövsiyə edib və bu texnologiyanın gələcəyin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. O qeyd edib ki, gənclər süni intellektin imkanlarından düzgün və səmərəli istifadə etməyi bacarmalıdırlar.

Tədbirdə Qafan rayonundan olan gənclərin ali məktəblərə qəbul göstəriciləri barədə də məlumat səsləndirilib. Bildirilib ki, bu il yüksək bal toplayaraq tələbə adını qazanan gənclər arasında Azərbaycan Tibb Universitetinə 655 balla qəbul olan Qurbanov Saleh Vüqar oğlu, 638 balla Bakı Dövlət Universitetinə qəbul olan Vəlizadə Qismət Qürbət oğlu və 635 balla Bakı Dövlət Universitetinə qəbul olan Vəriyev Fərid Həsən oğlu da yer alıb.

Görüşdə ali məktəblərə qəbul olmuş gənclərə də söz verilib. Qurbanov Saleh Vüqar oğlu, Vəlizadə Qismət Qürbət oğlu və Vəriyev Fərid Həsən oğlu əldə etdikləri nəticələr, seçim etdikləri ixtisaslar və qarşıdakı məqsədləri barədə fikirlərini bölüşüblər. Gənclər onlara göstərilən diqqət və dəstəyə görə təşəkkürlərini bildiriblər.

Tədbir çərçivəsində Qafan rayonundan olan digər ziyalıların, habelə gənclərin də fikirləri dinlənilib, onların təhsil, gələcək fəaliyyət və ictimai fəallıqla bağlı düşüncələri ətrafında fikir mübadiləsi aparılıb. Gənclərin öz potensiallarını reallaşdırmaları, təhsil və elm sahəsində uğurlar qazanmaları, eyni zamanda Qərbi Azərbaycanın tarixi və mədəni irsinin qorunmasına töhfə vermələri istiqamətində məsələlər diqqətə çatdırılıb.

Görüşdə Qafan rayonundan olan gənclərin uğurlarının davamlı olması, onların gələcəkdə müxtəlif sahələrdə ölkənin inkişafına töhfə verməsi və yüksək nəticələri ilə digər gənclərə nümunə olması arzulanıb.

Sonda ali məktəblərə yüksək balla qəbul olmuş gənclərə hədiyyələr təqdim edilib, yeni təhsil mərhələsində uğurlar, möhkəm iradə və böyük nailiyyətlər arzulanıb.