Qərbi Azərbaycan İcmasında Zəngibasar rayon əsilli gənc tələbələrlə görüş keçirilib
20 noyabr 2026, 22:58

20 noyabr 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasının inzibati binasında 2026–2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olunmuş Zəngibasar rayon əsilli gənc tələbələrlə görüş keçirilib.

Tədbirdə Qərbi Azərbaycan İcmasının rəhbərliyi, Zəngibasar rayon İcmasının nümayəndələri, ziyalılar, tələbələr və onların valideynləri iştirak ediblər.

Görüş Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Ulu Öndər Heydər Əliyevin və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qərbi Azərbaycanla bağlı fikirlərini əks etdirən videoçarx nümayiş olunub.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli tələbələri İcma adından və öz adından təbrik edərək, görüşün təşkilinə görə Zəngibasar rayon İcmasının sədri Mirfaiq Mirheydərliyə təşəkkürünü bildirib. O, ali məktəblərə qəbul olunan gənclərlə görüşlərin artıq ənənəyə çevrildiyini və bu ənənənin Zəngibasar rayon İcması tərəfindən davam etdirildiyini vurğulayıb.

İcma sədri bu il Zəngibasar mahalından 70-dən çox gəncin Azərbaycanın və xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul olunmasını qürurverici hadisə kimi qiymətləndirib. Gənclərin qazandıqları biliklərin xalqımızın və dövlətimizin gələcəyi baxımından əhəmiyyətini qeyd edən Əziz Ələkbərli Qərbi Azərbaycan torpaqlarına qayıdış uğrunda mübarizədə gənclərin də fəal iştirak etdiyini bildirib. Bu baxımdan, 150 nəfərə yaxın üzvü olan Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının və rayonlar üzrə fəaliyyət göstərən gənclər təşkilatlarının roluna diqqət çəkib. O, əldə olunan uğurlarda müəllimlərin əməyini xüsusi qeyd edərək, yetişdirdikləri tələbələrlə qürur duyan müəllimləri xoşbəxt adlandırıb.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Zəngibasar rayon İcmasının sədri Mirfaiq Mirheydərli görüşün keçirilməsində əsas məqsədin gənc nəslə tarixi yaddaşın, milli kimliyin və doğma torpaqlara qayıdış ideyasının ötürülməsi olduğunu bildirib. O, dövlətimizin başçısının Qarabağ məsələsinin həllindən sonra Qərbi Azərbaycana qayıdışı əsas hədəflərdən biri kimi müəyyənləşdirdiyini xatırladıb.

Mirfaiq Mirheydərli yaşlı nəslin Qərbi Azərbaycanın tarixinin, mədəni irsinin və deportasiya həqiqətlərinin unudulmaması üçün gördüyü işləri, yazılan kitabları və aparılan araşdırmaları xüsusi qeyd edib. Bu missiyanın gənc nəslə ötürülməsinin vacibliyini vurğulayaraq, tələbələri yaxşı təhsil almağa, əldə etdikləri bilikləri gələcəkdə doğma torpaqların inkişafına yönəltməyə çağırıb. O, tarixi yurdlara qayıdışdan sonra həmin torpaqların yenidən inkişaf etdirilməsini, əcdadların mirasına sahib çıxılmasını gənclərin qarşısında duran mühüm vəzifə kimi dəyərləndirib.

Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri, Karvansaray rayon İcmasının sədri, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov İcmanın inzibati binasının Qərbi azərbaycanlıların görüş və ünsiyyət məkanına çevrildiyini bildirib. O, Qərbi Azərbaycanın tarixinin unudulmaması məqsədilə çoxsaylı filmlərin çəkildiyini, kitabların nəşr olunduğunu qeyd edib. Zəngibasar mahalından 70-dən çox gəncin ali məktəblərə qəbul olunmasını təqdir edən professor tələbələri təbrik edib, onlara vaxtlarını səmərəli dəyərləndirməyi, yaxşı oxumağı, xarici dilləri öyrənməyi və müasir təlim texnologiyalarına yiyələnməyi tövsiyə edib.

Qərbi Azərbaycan İcması Qadınlar Şurasının üzvü, Milli Məclisin deputatı Pərvanə Vəliyeva müasir dövrdə gənclərin elmə, təhsilə və innovasiyalara yiyələnməsinin vacibliyini qeyd edib. O, gənclərin bilik və bacarıqlarını inkişaf etdirərək ölkənin ictimai-siyasi və elmi həyatında fəal iştirak etmələrinin əhəmiyyətini diqqətə çatdırıb.

Qərbi Azərbaycan İcması Ziyalılar Şurası sədrinin müavini, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov təhsilin yalnız peşə və ixtisas sahibi olmaqla məhdudlaşmadığını, eyni zamanda, şəxsiyyətin və dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını bildirib. O, tələbələrə müəllimlərinin tövsiyələrinə diqqətlə yanaşmağı, mütaliəyə və elmi araşdırmalara xüsusi yer ayırmağı, milli-mənəvi dəyərlərə bağlı qalmaqla müasir dünyanın çağırışlarına hazır olmağı tövsiyə edib.

Uluxanlı kənd İcmasının ağsaqqalı Firudin Hüseynov gənclərin yüksək təhsil almasının ailələrin və bütövlükdə cəmiyyətin gələcəyi baxımından əhəmiyyətini vurğulayıb. O, tələbələrə böyüklərin həyat təcrübəsindən bəhrələnməyi, doğma mahalın tarixini və adət-ənənələrini unutmamağı tövsiyə edib.

Zəhmət kənd İcmasının üzvü, Əməkdar müəllim Nüşabə Məmmədova müəllim əməyinin və valideyn dəstəyinin gənclərin uğur qazanmasında xüsusi rol oynadığını bildirib. Tələbələri seçdikləri ixtisaslara məsuliyyətlə yanaşmağa, biliklərini daim artırmağa və gələcəkdə layiqli mütəxəssis kimi yetişməyə çağırıb.

UNEC Qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev müasir əmək bazarında rəqabətqabiliyyətli mütəxəssis olmağın əsas şərtlərindən danışıb. O, nəzəri biliklərlə yanaşı, praktiki bacarıqların, təşəbbüskarlığın və analitik düşüncənin də tələbələrin peşəkar inkişafında mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov idmanın gənclərdə formalaşdırdığı intizam, iradə, məsuliyyət və komanda ruhunun əhəmiyyətindən bəhs edib. O, tələbələrə qarşılarına qoyduqları məqsədlərə çatmaq üçün əzmlə çalışmağı, çətinliklər qarşısında ruhdan düşməməyi və uğura gedən yolda səbirli olmağı tövsiyə edib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının professoru Şəhla Əliyeva təhsilin və pedaqoji dəyərlərin gələcək nəsillərin formalaşmasındakı roluna toxunub. O, gənclərin yalnız seçdikləri ixtisaslar üzrə deyil, milli-mənəvi dəyərlər, tarix və mədəniyyət sahəsində də biliklərini artırmalarının vacibliyini vurğulayıb.

Aşağı Necili kənd İcmasının sədri Hüseyn Xəzər Zəngibasar mahalının tarixi və mənəvi irsinin qorunub saxlanılmasında gənc nəslin üzərinə düşən məsuliyyətdən danışıb. Tələbələrin əldə etdikləri uğurların doğma mahalın gələcəyi üçün də mühüm əhəmiyyət daşıdığını qeyd edərək, onları tarixi yaddaşa və milli kimliyə bağlı olmağa çağırıb.

Tələbələr adından çıxış edən Ələkbərzadə Dəniz və Səfərov Ümid göstərilən diqqət və qayğıya görə Qərbi Azərbaycan İcmasının rəhbərliyinə və tədbirin təşkilatçılarına təşəkkürlərini bildiriblər. Onlar qazandıqları uğurları gələcəkdə daha böyük nailiyyətlərlə davam etdirmək, əldə etdikləri bilik və bacarıqlarla ölkəmizin inkişafına töhfə vermək əzmində olduqlarını vurğulayıblar.

Görüşün sonunda “Zəngibasar yallısı” klipi nümayiş etdirilib. Ali təhsil müəssisələrinə qəbul olunmuş gənclərə hədiyyələr təqdim olunub, onlara təhsillərində və gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Tədbir xatirə fotosunun çəkilməsi ilə başa çatıb.