Qərbi Azərbaycana Qayıdış Ulu öndərin formalaşdırdığı milli-mənəvi bütövlük siyasətinin tərkib hissəsidir
24 avqust 2026, 11:48

Ermənistanın törətdiyi soyqırımı və deportasiya böyük bir elin taleyinə ölüm, qaçqınlıq və didərginlik həyatı gətirdi

Qərbi Azərbaycanlı soydaşlarımızın doğma yurdlarına qayıdışı ideyası tarixi məzmunu, mahiyyəti ilə yanaşı, hüquqi və beynəlxalq müstəvidə də müzakirə mövzusudur. Bu taleyüklü məsələ hələ çox illər əvvəl ulu öndər Heydər Əliyev tərəfindən dövlət səviyyəsində gündəmə gətirilmişdi. Prezident Heydər Əliyevin 22 avqust 2001-ci ildə imzaladığı “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” Fərman bu istiqamətdə atılmış mühüm addım idi.

Ötən 25 ildə, xüsusilə Böyük Zəfərimizdən sonra tarixi torpaqlarımızdan deportasiya edilmiş Qərbi azərbaycanlılar haqqında mühüm layihələrin gerçəkləşdirilməsinə başlandı: Qərbi Azərbaycan İcması yaradıldı, Qayıdış Konsepsiyası qəbul edildi və s.

Bu gün tarixi həqiqətlər, doğma torpaqlara qayıdış istiqamətində qarşıda duran vəzifələr yenidən diqqət mərkəzindədir. Məsələnin müxtəlif aspektləri, problemin həlli istiqamətində görülən işlər barədə Qərbi Azərbaycandan olan ziyalılarımız – MM-in Səhiyyə Komitəsinin sədri, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanov, İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin üzvü Əziz Ələkbərli, İcmanın Qadınlar Şurasının sədri, Milli Məclisin üzvü Məlahət İbrahimqızı və İcmanın İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa ilə geniş söhbəti oxucularımıza təqdim edirik.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2001-ci il 22 avqust tarixli Fərmanında Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması ilə bağlı həmin dövrdə mövcud olan konkret problemlər sadalanırdı. Bu problemlərin həlli yolunda görülən işlərə tarixi ekskurs oxucularımız üçün də önəmli olardı.

Əhliman Əmiraslanov:

– Ulu öndər Heydər Əliyev Qərbi Azərbaycan torpaqlarını, soydaşlarımızın Qərbi Azərbaycanda minillər boyu yaratdıqları mədəni irs nümunələrini, o torpaqlardan çıxmış böyük şəxsiyyətləri hər fürsətdə xatırlatmaqla millətin yaddaşını təzələyir, onlara ermənilərin içində öz milli kimliyini qorumaq, milli dəyərlərini inkişaf etdirmək üçün güc, qüvvət verirdi. Tarixə nəzər yetirək: məsələn, Ulu öndərin İrəvan Azərbaycan Dram Teatrının fəaliyyətinə verdiyi dəstək bu qəbildən idi. 1949-cu ildə dövlət statusu ləğv edilib, əyalət teatrı səviyyəsinə endirilən İrəvan Teatrının böyük çətinliklə dövlət statusunu bərpa etdikdən sonra Bakıya dəvət olunması, burada tam iki həftə qastrol səfərində olması təkcə teatr hadisəsi yox, həm də milli hadisə idi.

Məhz Ulu Öndərin təşəbbüsü ilə 1972-ci ildə Aşıq Ələsgərin 150 illik yubileyi dövlət səviyyəsində nəinki Azərbaycanda və Ermənistanda, həm də SSRİ-nin paytaxtı Moskvada da keçirildi.

Ulu öndər Aşıq Ələsgərin 150 illik yubileyindən az sonra - 1981-ci ildə Göyçə aşıq məktəbinin digər görkəmli nümayəndəsi, Aşıq Ələsgərin ustadı, Göyçə mahalının Qızılvəng kəndindən olan Aşıq Alının 180, 1996-cı ildə isə Aşıq Ələsgərin 175 illik yubileylərinin keçirilməsi barədə sərəncamlar imzalamışdır.

Aşıq Ələsgərin Göyçə mahalının Basarkeçər rayonunun Ağkilsə kəndində məzarı üstündə abidəsinin varlığı da bu ərazilərin tarixi Azərbaycan torpaqları olmasının sübutlarından biridir. Lakin təəssüf ki, erməni vandalizmi sərhəd tanımır və 1987-1991-ci illərdəki sonuncu deportasiya zamanı Qərbi Azərbaycandakı mədəni irsimizin digər nümunələri kimi, Aşıq Ələsgərin qəbirüstü abidəsi də erməni vandalları tərəfindən tamamilə dağıdılmışdır.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 22 avqust 2001-ci il tarixli Fərmanında erməni millətçilərin apardıqları etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli müddəaları əksini tapmışdır. Əsas məqsəd soydaşlarımızın hüquqlarının müdafiəsi və sosial problemlərinin diqqətdə saxlanması idi.

Bu gün Ulu öndər Heydər Əliyevin siyasi xətti möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməklə, arzuları da həyata keçirilir. Bunu dövlət başçımızın Aşıq Ələsgərlə bağlı bir ildə iki fərman - 2021-ci il fevralın 18-də Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi, noyabrın 30-da isə Bakı şəhərində heykəlinin ucaldılması barədə sərəncam imzalaması da təsdiq edir. Qeyd edək ki, 2001-ci ildə Aşıq Ələsgərin 180 illiyinin, ardınca İrəvan Müəllimlər Seminariyasının və İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illik yubileylərinin keçirilməsi ilə bağlı sərəncamlar tarixi torpaqlarımıza Böyük Qayıdışı təsdiqləyən ilk addımlardır.

Digər bir məsələ, işğal dövründə Ermənistan dövləti azərbaycanlılara qarşı beynəlxalq cinayət hüququna görə təcavüz, genosid, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və s. törətməklə 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasını pozub. Cenevrə Konvensiyaları ilə cinayət sayılan bütün cinayət əməlləri xalqımıza qarşı törədilib. Həmin cinayətlərə görə cəza tədbirlərinin görülməsi beynəlxalq təşkilatların prioritet istiqamətlərindəndir. Ermənistan da Cenevrə konvensiyalarının iştirakçısıdır və buna əməl etmək onların vəzifəsidir.

Əziz Ələkbərli:

– Qaçqınların və məcburi köçkünlərin problemləri Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin daim diqqət mərkəzində olub.

Haqqında bəhs etdiyiniz 2001-ci il 22 avqust tarixli “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” Fərman isə həmin hadisələrə rəsmi münasibət bildirilən ikinci mühüm sənəd oldu.

Fərmanın tarixi-siyasi əhəmiyyətini dəyərləndirmək üçün onun ilk abzasına baxmaq kifayətdir: “Son iki yüz il ərzində tarixi Azərbaycan ərazisində gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar öz dədə-baba ocaqlarından zorla köçürülmə, onlara qarşı ardıcıl şəkildə həyata keçirilən etnik təmizləmə və deportasiya siyasətinin qurbanları olmuşlar. Bu siyasət iki istiqamətdə gerçəkləşdirilirdi. Bir tərəfdən, Türkmənçay və Gülüstan müqavilələri imzalandıqdan sonra İran və Türkiyədən ermənilər kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməyə başlanmışdı. Digər tərəfdən isə, torpaqları zəbt olunmuş azərbaycanlılar qaçqın və köçkün vəziyyətinə salınırdılar. Təkcə XIX əsrdə imperiya qüvvələrinin dəstəyi ilə 400 mindən artıq erməni başqa ərazilərdən Azərbaycana köçürülmüşdü. O zaman yaranmış vəziyyətdən narahatlıq keçirən bir çox alim, siyasətçi və diplomat Azərbaycana qarşı aparılan siyasəti pisləyərək Azərbaycan torpaqlarının zəbt olunması nəticəsində gələcək nəsillərin hansı problemlərlə üzləşəcəklərini böyük uzaqgörənliklə xəbər verirdilər”.

Ulu öndər Heydər Əliyevin imzaladığı Fərmanın bir əhəmiyyəti də onda idi ki, dediyiniz kimi, Ermənistan ərazisindəki tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması ilə bağlı mövcud problemlər açıq şəkildə sadalanırdı. Bu problemlər hansılar idi? Hadisələrdən 13 il keçməyinə baxmayaraq, hələ də “1000-ə yaxın qaçqın ailəsinin daimi yaşayış yeri ilə təmin olunmaması və onların yaşayış üçün yararsız olan binalarda yerləşdirilməsi”, “daimi məskunlaşmış 793 nəfərdən ibarət 170 qaçqın ailəsinin yaşadığı evlərə qeydiyyata alınmaması”, “24385 nəfərdən ibarət 3823 ailənin daimi məskunlaşdıqları evlər üçün qeydiyyat vəsiqəsi ala bilməməsi, respublikanın müxtəlif bölgələrində qaçqınların məskunlaşdırılması üçün tikintisi yarımçıq qalmış evlərin inşasının başa çatdırılmaması” və s.

Ulu öndər Heydər Əliyev həmin Fərmanda problemləri sadaladığı kimi, Fərmanın 4-cü bəndində onun həlli üçün də atılacaq konkret addımları müəyyən edir və bunun üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müvafiq tapşırıqlar verilir və bu məqsədlə Azərbaycan Respublikasının Dövlət Neft Fondunun hesabından ilk vəsait ayırmaları həyata keçirilir.

Məlahət İbrahimqızı:

– Bildiyimiz kimi, 22 avqust 2001-ci il tarixində Ümummilli lider, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması ilə bağlı imzalanmış tarixi Fərmanın 25-ci ildönümüdür. Bu tarixi sənədin siyasi, hüquqi və tarixi əhəmiyyəti haqqında danışmazdan öncə müasir, müstəqil Azərbaycan Dövlətinin qurucusu Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövrlərində Qərbi Azərbaycan və Qərbi azərbaycanlılar məsələsinə münasibəti haqqındə bəzi fikirlərimi oxucularla paylaşmaq istərdim.

Minnətdarlıqla qeyd etmək lazımdır ki, Ulu öndər istər sovet, istərsə də 1993-2003-cü illərdə Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrlərdə onun Qərbi Azərbaycan məsələsinə, eləcə tarixi torpaqlarımızdan zaman-zaman deportasiya və etnik təmizliyə məruz qalmış soydaşlarımızın problemlərinə böyük həsasslıqla diqqət göstərmiş, ən çətin və mürəkkəb siyasi durumda qətiyyətli mövqe göstərmişdi. Ulu Öndərin bu məsələ ilə bağlı mövqeyini təkcə müstəqillik illərində imzaladığı fərman və sərəncamlarla məhdudlaşdırmaq olmaz. Əksinə qəbul edilən hüquqi-siyasi sənədlər onun davamlı olaraq Qərbi Azərbaycan məsələsinə necə böyük rakusdan baxmasının, beynəlxalq hüququn tələblərindən yanaşmasının məntiqi nəticəsi idi.

Ümummilli liderin bütün çıxışlarında Qərbi Azərbaycan ərazisi bütöv Azərbaycanın tarixi torpaqlarının bir hissəsi kimi önə çəkilirdi. Heydər Əliyevin 1991-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin birinci sessiyasındakı çıxışında deyirdi: “1920-ci ildən indiyədək Azərbaycan ərazisindən Ermənistana verilmiş torpaqların hamısının haqq-hesabı aparılsın. Hansı dövrdə, hansı sərhəd sahəsində, hansı torpaqlar verilib? Bu torpaqların hansı qərarlarla, kim tərəfindən verilməsi müəyyən olunsun. Və biz Ermənistana qarşı artıq müdafiə mövqeyində yox, hücum mövqeyində duraq və burada deputatların dediyi kimi, o torpaqların geri qaytarılması üçün mübarizə aparaq. İndi biz mübarizəyə keçməliyik və mən də bu mübarizəyə hazıram. Əgər deputatlar razı olarsa, bizim sessiyamız Ermənistanı təcavüzkar dövlət adlandırmalıdır. Biz bu barədə xüsusi qərar çıxarmalı və onu bütün dünyaya bəyan etməliyik. Soruşdular ki, o torpaqları kim verib? Mən təklif edirəm ki, aydınlaşdırılsın. Eyni zamanda mən arayış verə bilərəm ki, 1969-cu il 14 iyuldan (mən başa düşdüm, o sualı mənə niyə verdilər), Azərbaycana rəhbərlik etdiyim dövrdən 1982-ci ilin dekabrına qədər Azərbaycan ərazisindən bir qarış da olsa, Ermənistana torpaq verilməyib. Mən buna cavab verirəm və özümü çox xoşbəxt hesab edirəm ki, o dövrdə ermənilərin torpaq iddialarının qarşısını ala bildik”.

Göründüyü kimi, Heydər Əliyev Azərbaycanın ərazi bütövlüyünə Qarabağ problemi kontekstində deyil, bütöv Azərbaycan kontekstində yanaşır. Eyni zamanda Heydər Əliyev vaxtilə Azərbaycanın ərazilərinin ermənilərə verilməsinə biganə baxan şəxslərin fəaliyyətlərinin hansı çətinliklərlə qarşısının alındığını söyləyir. Bu bir tarixi faktdır ki, Heydər Əliyevin hələ sovet dönəmində Azərbaycanda rəhbərliyə gəlməsilə respublikamız üçün daha ciddi bir təhlükənin qarşısı alınmışdı. O, hər çıxışında çəkinmədən, qorxmadan Qərbi Azərbaycan və Qərbi azərbaycanlılara qarşı davamlı olaraq törədilmiş haqsızlığa və ədalətsizliyə tarixi,siyasi və hüquqi baxımdan münasibət bildirirdi. Biz bununla bağlı kifayət qədər musallar çəkə bilərik.

Yadımdadır, 10 dekabr 1998-ci ildə “İslam sivilizasiyası Qafqazda” mövzusunda Bakıda keçirilən beynəlxalq simpoziumun iştirakçılarının böyük bir qrupu ilə görüşdə çıxışında da Heydər Əliyev Qərbi Azərbaycan məsələsindən bəhs etmişdi. Məhz ölkəmizin siyasi həyatında Qərbi Azərbaycan terminini də ali kürsüdən ilk dəfə ümummilli lider Heydər Əliyev istifadə etmişdir. Bundan sonra həm siyasi ədəbiyyatda, həm də siyasi platformalarda bu termin artıq öz gerçək yerini tutmağa başladı.

Nazim Mustafa:

– Fərmanın preambula hissəsində son iki yüz il ərzində ermənilərin Azərbaycan ərazilərinə köçürülüb yerləşdirilməsi, xalqımızın başına gətirilən kütləvi qırğınlar, soyqırımları və deportasiyalar haqqında qısa xülasə verilir. Fərman imzalananadək qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində görülən işlər, 1988-1991-ci illərdə Ermənistanda aparılan etnik təmizləmə nəticəsində öz yurd-yuvasından qovulmuş qaçqın soydaşlarımızın Azərbaycana gəlməsindən ötən müddət ərzində həllini tapmamış problemlər – bir çox qaçqın ailəsinin daimi yaşayış yeri ilə təmin olunmaması, yaşadığı evlərə qeydiyyata alınmaması, qaçqınların məskunlaşdırılması üçün tikintisi yarımçıq qalmış evlərin inşasının başa çatdırılmaması və digər problemlər xüsusi qeyd olunur.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsindən öncə qaçqınlar probleminin həllinə qeyri-ciddi yanaşılmasının nəticəsi idi ki, bu problemlər yığılıb qalmışdı. Məhz Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən qaçqınlar və məcburi köçkünlər probleminin hökumətin həll etməli olduğu bir nömrəli vəzifəyə çevrilmişdi. Bu problemlərlə daha da ciddi məşğul olmaq üçün 1995-ci ildə Nazirlər Kabinetində xüsusi vəzifə – Baş nazirin müavini vəzifəsi təsis edilmiş, qaçqınların və köçkünlərin problemi ilə əlaqədar hökumət komissiyası yaradılmışdı.

1998-ci il iyunun 27-də Heydər Əliyevin sədrliyi ilə Respublika Sarayında qaçqın və məcburi köçkünlərin məsələlərinə həsr olunmuş ümumrespublika müşavirəsi keçirilmişdi. Heydər Əliyev Azərbaycana səfərə gələn dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri ilə görüşdən sonra, bir qayda olaraq, qonaqları Bakı şəhərində qaçqın və məcburi köçkünlərin müvəqqəti sığınacaq tapdıqları yerlərə baxmağa dəvət edir, bununla da Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaranan humanitar fəlakəti əyani şəkildə göstərirdi.

Fərmanda qaçqınların daimi məskunlaşması üçün torpaq sahələrinin ayrılması, fərdi yaşayış evlərinin və qəsəbələrin tikilməsi, həmçinin Goranboy rayonunun Aşağı Ağcakənd və Yuxarı Ağcakənd kəndlərində dağıdılmış 1400 yaşayış evinin bərpası və təmiri nəzərdə tutulurdu. Bu və digər müvafiq müddəaların icrası nəticəsində daha hansı yaşayış məntəqələrində yeni evlər, qəsəbələr salındı.

Əhliman Əmiraslanov:

– Azərbaycandan deportasiya olunmuş insanlara əvvəllər ölkə rəhbərliyi səviyyəsində bir biganəlik olub. Bir faktı deyim ki, dağ yerindən gələn həmyerlilərimizi Azərbaycanın ən isti rayonlarına yerləşdirdilər. Düşünmədən, o insanların taleyinə biganəlikdən xeyli insan tələf olub, qalanlarına isə ögey münasibət göstərilib. Yalnız Ulu Öndər Heydər Əliyev hələ SSRİ dövründə - 1969-cu ildə Azərbaycana rəhbərliyə başlayandan sonra, qərbi azərbaycanlılara yaşayış şəraiti yaradılıb.

Ötən əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəli Azərbaycanda rəhbərlikdə olan insanlar diqqətli olsaydılar, xüsusilə Ermənistanda azərbaycanlılar yaşayan kəndlərdə onlara sahib çıxan olsaydı, yerli əhali bir qarış torpağı belə verməzdi. Ermənilər azərbaycanlılardan qorxurdular, çəkinirdilər. Amma onların silahsız olmaqlarından istifadə edib, bir-bir bütün kəndləri boşaltdılar və tarixi torpaqlarımızı işğal etdilər.

13 sentyabr 2002-ci ildə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Göyçədən olan qaçqınlarla görüşündə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan ümummilli lider Heydər Əliyev bütün varlığı ilə insanları inandırdı ki, “Siz gələcəkdə mütləq və mütləq gedib hələ öz gözəl Göyçə torpağınızı da görəcəksiniz, öz doğma dağlarınızı, bulaqlarınızı, çaylarınızı da görəcəksiniz. Ata-babalarınızın qəbirlərini də görəcəksiniz. Mən buna heç şübhə etmirəm. Mən buna inanıram”.

Bu gün şübhəsiz ki, oradan olan insanların ən müqəddəs arzusu ata-baba torpağımıza qayıtmaqdır. Qərbi Azərbaycan İcmasının bütün fəaliyyəti də bu istiqamətdə proqramlaşdırılıb.

Əziz Ələkbərli:

– Nəzərə almaq lazımdır ki, həmin dövr Azərbaycan üçün asan dövr deyildi, ərazilərimiz işğal altında idi, iqtisadi və hərbi gücümüz regionda və dünyada öz maraqlarımızı diktə etməyə imkan vermirdi, bir milyona yaxın məcburi köçkünümüz qaçqın düşərgələrində yaşayırdı. Lakin haradansa başlamaq lazım idi və həmin Fərmanla bu işin təməli qoyuldu. İlk növbədə, Fərmanın 1-ci maddəsində “Etnik təmizləmə nəticəsində Ermənistan Respublikasından didərgin salınmış azərbaycanlılara verilən “Qaçqın” statusu öz qüvvəsində saxlanıldı”.

Sonra qısa müddətdə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində 364, Şəmkir rayonunda 126, Yevlax şəhərində 65, Abşeron rayonunun Mehdiabad qəsəbəsində 108, Sabunçu rayonunun Ramana qəsəbəsində 160 evdən ibarət qəsəbələr salındı, Naxçıvan MR-də 4 mərtəbəli 48 mənzilli yaşayış binası və 153 ədəd fərdi ev, daha sonra Bakı, Sumqayıt və Şəki şəhərlərində, Ağstafa, İsmayıllı, Oğuz, Gədəbəy rayonlarında mənzillər və fərdi evlər, 949 fərdi və 62 mənzilli 2 yaşayış binası, ümumilikdə, 1011 ev tikilib istifadəyə verildi.

Lakin bu, o demək deyil ki, Qərbi Azərbaycandan gələn qaçqınların bütün problemləri həll olundu. Əvvəla, qaçqınlıq elə bir faciədir ki, o iki halda həllini tapmış sayılır: bir insan dünyadan köçəndə, bir də qaçqınlıqdan doğma yurda qayıdanda. Hələ ki insanlarımız birinci taleyi yaşamaqdadırlar. 38 illik qaçqınlıq dövründə yaşlı və orta nəslin böyük bir hissəsi, demək olar ki, vətən həsrəti ilə dünyalarını dəyişib, gənc nəsil isə 60 yaşın üstündədir, amma yenə ümidlə yaşayırlar. İkincisi, dediyim kimi, Azərbaycan ağır bir dövrdən keçirdi və elə həmin vaxt paralel olaraq məcburi köçkünlərin məskunlaşma probleminin həlli gündəmdə idi.

https://xalqqazeti.az/az/siyaset/275977-qerbi-azerbaycana-qayidis-ulu-onderin