Qərbi Azərbaycan İcması
(əvvəli 22 və 26 avqust saylarımızda)
Ermənistanın törətdiyi soyqırımı və deportasiya böyük bir elin taleyinə ölüm, qaçqınlıq və didərginlik həyatı gətirdi
Qərbi azərbaycanlı soydaşlarımızın doğma yurdlarına qayıdışı ideyası tarixi məzmunu, mahiyyəti ilə yanaşı, hüquqi və beynəlxalq müstəvidə də müzakirə mövzusudur. Bu taleyüklü məsələ hələ çox illər əvvəl ulu öndər Heydər Əliyev tərəfindən dövlət səviyyəsində gündəmə gətirilmişdi. Prezident Heydər Əliyevin 22 avqust 2001-ci ildə imzaladığı “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” Fərman bu istiqamətdə atılmış mühüm addım idi.
Ötən 25 ildə, xüsusilə Böyük Zəfərimizdən sonra tarixi torpaqlarımızdan deportasiya edilmiş Qərbi azərbaycanlılar haqqında mühüm layihələrin gerçəkləşdirilməsinə başlandı: Qərbi Azərbaycan İcması yaradıldı, Qayıdış Konsepsiyası qəbul edildi və s.
Bu gün tarixi həqiqətlər, doğma torpaqlara qayıdış istiqamətində qarşıda duran məsələlər yenidən diqqət mərkəzindədir. Məsələnin müxtəlif aspektləri, problemin həlli istiqamətində görülən işlər barədə Qərbi Azərbaycandan olan ziyalılarımız – MM-in Səhiyyə Komitəsinin sədri, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanov, İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin üzvü Əziz Ələkbərli, İcmanın Qadınlar Şurasının sədri, Milli Məclisin üzvü Məlahət İbrahimqızı və İcmanın İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa ilə geniş söhbəti oxucularımıza təqdim edirik.
– 1997-ci il dekabrın 18-də Prezident Heydər Əliyevin “1948–1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Fərmanı ilə bir əsrdə 4 dəfə deportasiya olunan soydaşlarımıza qarşı törədilən bu vandalizmlərə ilk tarixi-siyasi qiymət verildi. Sizcə, bu Fərmanın həmin tarixi hadisələrin öyrənilməsi və sonrakı illərdə Qərbi Azərbaycan məsələsinin beynəlxalq müstəvidə gündəmə gətirilməsi baxımından hansı mühüm əhəmiyyəti oldu?
Məlahət İbrahimqızı:
– 1948-1953-cü illərdə sovet dövlət rəhbərliyinin yaxından köməyi ilə azərbaycanlıların doğma torpaqları olan Qərbi Azərbaycandan – Ermənistan SSR adlandırılan ərazidən deportasiyasına nail olan ermənilər 1968-1969-cu illərdə Azərbaycana qarşı ərazi iddialarını yenidən genişləndirmişdilər. Məhz belə bir təzyiq nəticəsində Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti Ermənistanla sərhəddə yerləşən 2 min hektardan çox torpağın onlara verilməsi haqqında 5 may 1938-ci ildə qəbul edilmiş əsassız sənədi 7 may 1969-cu il tarixli qərarı ilə təsdiq etdi (Ali Sovetin Sədri M.İsgəndərli). Heydər Əliyevin həmin ildə Sovet Azərbaycanına rəhbərliyə gəlməsi ilə bu qərarın həyata keçirilməsinin qarşısı alındı.
1997-ci il dekabrın 18-də Prezident Heydər Əliyevin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Fərmanı ilə bir əsrdə 4 dəfə deportasiya olunan soydaşlarımıza qarşı törədilən vandalizmə ilk tarixi-siyasi qiymət verildi.
Heydər Əliyev beynəlxalq kürsülərdən də Ermənistanın tarixi Azərbaycan torpaqlarında yaradılması ilə bağlı faktları daim söyləyirdi. 23 fevral 1994-cü ildə Böyük Britaniya Kral Beynəlxalq Münasibətlər İnstitutunda çıxışında Heydər Əliyev deyir: "Əgər tarixi faktları araşdırmalı olsaq, onda xatırlatmalıyam ki, indiki Ermənistan ərazisi vaxtilə Azərbaycan torpaqları idi. Bir vaxtlar bu yerlər Azərbaycana məxsus olmuş, lakin 1918-1920-ci illərdə Ermənistana keçmişdir. Bir sözlə, tarixə müraciət etməli olsaq, onda görərik ki, Ermənistan Azərbaycana çox şey qaytarmalıdır. Amma indi mən onu deyirəm ki, biz Ermənistan ərazisinə, mövcud sərhədlərə göz dikməmişik, onların iddiasında deyilik. Bununla bərabər, biz öz ərazimizin bir metrini də verməyə razılaşa bilmərik".
Eləcə də, Cons Hopkins Vaşinqton Universitetində 15 fevral 2000-ci il tarixində təşkil edilmiş tədbirdəki çıxışında Heydər Əliyev, bugünkü Ermənistanın ərazisi olan Zəngəzurun əhalisinin əksəriyyəti azərbaycanlılar olduğunu, Sovetlər İttifaqı yarandıqdan sonra qeyri-qanuni olaraq Ermənistana verilməsini və azərbaycanlıların oradan tədricən köçürülməsini, 1990-cı ilə qədər Mehri rayonunun əhalisinin əksəriyyətinin azərbaycanlı olduğunu bildirmişdi.
Nazim Mustafa:
– Azərbaycanlıların Ermənistan SSR-dən kütləvi deportasiyası haqqında 18 dekabr 1997-ci il Fərmanının imzalanmasından üç ay sonra azərbaycanlıların soyqırımı haqqında 26 mart 1998-ci il tarixli Fərman imzaladı. Hər iki fərmanda son iki yüz ilə ərzində xalqımızın başına gətirilən faciələrin miqyası göstərilir və baiskarların kimlikləri sadalanır. Bu fərmanlar Azərbaycan tarixşünaslığında yeni bir mərhələnin başlanğıcını qoydu. Çünki Sovet hakimiyyəti illərində bu mövzuların tədqiqinə icazə verilmirdi.
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra arxivlər açıldı və azərbaycanlıların soyqırımı ilə bağlı dissertasiyalar yazıldı. Lakin azərbaycanlıların 1948-1953-cü illərdə deportasiyası problemi tarixçilərin çox az müraciət etdikləri mövzulardan idi. İlk dəfə bu problemi mərhum tarixçi alim Ataxan Paşayev gündəliyə gətirmişdi. 18 dekabr 1997-ci il Fərmanının imzalanmasından sonra yeni-yeni əsərlər işıq üzü gördü, bu mövzuda ilk dissertasiya yazıldı. Milli Arxiv İdarəsi 1948-1953-cü illər deportasiyasını əhatə edən çox mühüm sənədlər toplusunu nəşr etdirdi. Respublika səviyyəsində elmi konfranslar keçirildi. Dövrü mətbuatda deportasiyaya məruz qoyulmuş soydaşlarımız barəsində silsilə məqalələr dərc olundu.
Bu gün AMEA-nın Tarix və Etnologiya İnstitutunda Qərbi Azərbaycan tarixi şöbəsinin əməkdaşları Rusiya arxivlərində saxlanılan azərbaycanlıların deportasiyası haqqında yeni sənədləri əldə edərək çap etdirmişlər. Şöbənin əməkdaşları respublikanın rayonlarındakı regional arxivlərdə saxlanılan sənədləri toplu kimi nəşrə hazırlamışlar.
2027-ci ildə soydaşlarımızın Qərbi Azərbaycandan deportasiyası haqqında SSRİ hökumətinin verdiyi ilk qərarın 80 ili tamam olur. Hesab edirəm ki, bu problemi dünya ictimaiyyətinə çatdırmaq üçün Milli Elmlər Akademiyası, Milli Arxiv İidarəsi və Qərbi Azərbaycan İcması birgə beynəlxalq konfrans keçirsələr yaxşı olar.
– Qərbi Azərbaycan İcmasının yaradılması və 2022-ci il dekabrın 24-də cənab Prezident İlham Əliyevin bir qrup Qərbi azərbaycanlı ziyalı ilə görüşü tarixi-irsi ənənəviliyi ilə yanaşı, qarşıda duran məsələlərin həlli baxımından daha qlobal miqyas aldığı məlumdur. Görüşün iştirakçılarından olan Qərbi azərbaycanlı kimi bu barədə nə demək istərdiniz?
Əhliman Əmiraslanov:
– Möhtərəm cənab Prezidentin bilavasitə diqqəti, dəstəyi ilə bu qurumun yaranması Qərbi azərbaycanlıların öz ana vətənlərinə qayıdışının bünövrəsini qoydu. Mən əminəm ki, biz Qərbi Azərbaycana qayıdacağıq. Ancaq fikirləşirik ki, bizim qayıdışımız müharibə yolu ilə yox, sülh danışıqları ilə başa çatsın. Necə ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı azad etdi. Otuz ilə yaxın didərginlik həyatı yaşamaq məcburiyyətində qalan insanlarımız yurd yerlərinə qayıdırlar. Prezidentimizin dəmir iradəsi sayəsində biz Qərbi azərbaycanlılar da doğma torpaqlarımıza qayıdacağıq.
Dünənə qədər bir çox məmurlarımızın, ziyalılarımızın, hətta alimlərimizin ehtiyatla işlətdiyi, bir çoxlarının isə işlətməyə belə qorxduğu, hətta inkar etdiyi "Qərbi Azərbaycan" anlayışını da məhz ulu öndər Heydər Əliyev cəsarətlə siyasi leksikonumuza gətirmişdir.
Böyük ZƏFƏRimizdən sonra, belə bir həlledici dönəmdə Qərbi Azərbaycan İcmasının yaradılması tarixi zərurət idi. Ölkənin sayılıb-seçilən ziyalıları – Qərbi Azərbaycanın görkəmli şəxsiyyətləri Qayıdış Konsepsiyası ətrafında sıx birləşiblər.
2022-ci il dekabrın 24-də Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının yeni inzibati binasında İcmanın rəhbərliyi və bir qrup nümayəndəsi ilə görüşü zamanı proqram xarakterli çıxışında Ulu öndərin bu inamının gerçəkliyə çevrilməsi yolunda irəliyə doğru möhtəşəm tarixi addım ataraq elan etdi: "Biz o torpaqlara mütləq qayıdacağıq". Bu, bizim üçün ulu öndər Heydər Əliyevin vəsiyyəti, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin göstərişidir. Bəli, biz mütləq o torpaqlara qayıdacağıq!
Qərbi Azərbaycan İcmasının təsis olunmasından 4 ilə yaxın vaxt keçib. Bu müddət ərzində çox böyük işlər görülüb. Vətən həsrətli həmyerlilərim çox böyük coşqu ilə İcmada işləyirlər. İcmada Ağsaqqallar Şurasına rəhbərlik etmək həm böyük məsuliyyətdir, həm də şərəfli işdir.
Qərbi azərbaycanlıların nəinki ölkə daxilində, həm də ölkə xaricində hərtərəfli fəaliyyət göstərməsi üçün münbüt şərait yaradılıb. Qısa bir müddətdə Qərbi Azərbaycan İcmasının geniş miqyaslı konsepsiyası işlənilib, hazırlanıb. Həm respublika, həm də Azərbaycandan kənarda tədbirlər planı nəzərdə tutulub. Respublikamızın rayonlarında Qərbi Azərbaycan İcmasının şöbələri fəaliyyət göstərir. Eləcə də, Türkiyədə, Rusiyada xeyli Qərbi azərbaycanlı yaşadığına görə, həmin yerlərdə də şöbələr var. ABŞ-da, Avropada da nümayəndəliklərin yaradılması istiqamətində iş aparılır.
Konkret olaraq, İcmanın Ağsaqqallar Şurasında son dərəcə intellektual insanlar toplaşıb, bir neçə akademik, professor, elm, mədəniyyət sahəsinin görkəmli nümayəndələri bizimlə birgə işlər görürlər. Ağsaqqallar Şurası Ulu Öndərin yubileyləri ilə bağlı həm İcmada, həm də rayonlarda tədbirlər keçirir. Biz Ümummilli Liderin tarixi xidmətlərini hər zaman qeyd edəcəyik. Çünki bu tarixi Şəxsiyyət Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə Qərbi azərbaycanlıların qayğısına qalıb, onlara dəyər verib.
Hazırda İcmamıza böyük bir axın var, sıralarımız get-gedə genişlənir. Əsas məqsədimiz, Ağsaqqallar Şurasının da qarşısına qoyduğu başlıca məram dədə-baba torpaqlarımıza, ocağımıza, yurdumuza qayıtmaqdır. Qayıdış Konsepsiyası ərazi iddiası deyil, biz istəyirik ki, sülh yolu ilə tarixi torpaqlarımıza – ata-baba yurdumuza qayıdaq. Çünki biz əsrlər boyu həmin torpaqların sahibi olmuşuq. Ermənilər isə beynəlxalq miqyasda yenə də yalan üstündə qurulan ssenariləri ilə haray qoparırlar.
Bu baxımdan Ermənistan öz çirkin əməllərinə görə beynəlxalq cinayət məsuliyyəti daşıdığı halda xaricdən aldıqları “motivasiya” ilə yenə də bəzi dairələr revanşist şüarlar səsləndirməkdədir. Onların hər şeydən əvvəl unutmağa çalışdığı bir dərs var. Bu dərsin adı DƏMİR YUMRUQdur!
Bizim heç kimdən torpaq iddiamız yoxdur. Tarixi torpaqlarımız hesabına qurulan Ermənistanın təcavüzkar, torpaq iddiası insanlarımızı rahat yaşamağa qoymadı. Qaçqınlıq, didərginlik həyatı böyük bir nəslin taleyinə yazıldı. Elə buna görə də, Qərbi Azərbaycan İcması yorulmadan bu yolda çalışır və böyük bir ümidlə Qərbi azərbaycanlıların qayıdışına inanırıq.
Əziz Ələkbərli:
– Qərbi Azərbaycan İcması yeni yaradılmış bir təşkilat deyil, 1989-cu ildən fəaliyyət göstərən “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin hüquqi varisidir. 2022-ci il avqustun 3-də İctimai Birliyin adı dəyişdirilərək “Qərbi Azərbaycan İcması”na çevrildi. 2022-ci il dekabrın 24-də cənab Prezident İlham Əliyevin İcmanın inzibati binasına gəlişi, burada bir qrup Qərbi azərbaycanlı ziyalı ilə görüşü və bu görüşdəki tarixi çıxışı isə təşkilatın fəaliyyətinə yeni təkan verdi.
Cənab Prezident həmin çıxışında son iki yüz ildə Cənubi Qafqazda yeridilən anti-Azərbaycan siyasətin mənzərəsinə diqqət çəkməklə yanaşı, dönə-dönə vurğuladı ki, qaçqın soydaşlarımızın tarixi torpaqlarımızdakı öz ata-baba yurdlarına qayıdışı onların həm insani, həm də beynəlxalq hüquqa söykənən haqqıdır. Və bu, gerçəkləşməlidir və gerçəkləşəcəkdir. Bu qayıdış kortəbii ola bilməz, onun hüquqi və siyasi əsasları, qayıdışın bütün detallarını ehtiva edən konsepsiyası olmalıdır. Cənab Prezident çıxışında bu Konsepsiyanın, demək olar ki, bütün konturlarını cızdı. Ən əsası isə bildirdi ki, bu qayıdış dinc yolla, ləyaqətli şəkildə və qayıdacaq insanlarımızın təhlükəsizliyinin tam təmin edilməsi şərtilə olmalıdır. Təbii ki, qayıdacaq insanlarımızın reabilitasiya və reinteqrasiya məsələsi, bütün vətəndaş hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının və s. bərpası məsələsi xüsusilə nəzərdə tutulurdu.
Görüşdə cənab Prezident hamını çox diqqətlə dinlədi və yekun nitqində daxili bir inam və qətiyyətlə: “Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik və bu günü xatırlayacağıq”, – dedi. Bu qətiyyət insanlarda qayıdışa olan bütün şübhələrə son qoydu, sönməkdə olan ümidlərini geri qaytardı.
Bəzən məndən soruşurlar ki, necə oldu Qərbi Azərbaycan İcması qısa müddətdə bu qədər uğura imza atdı. Bunun bir çox səbəbləri var, lakin əsas səbəb odur ki, biz cənab Prezidentin tövsiyələrini əsas götürərək bəlli bir hədəfə doğru irəlilədik. Biz bütün uğurlarımıza görə, ilk növbədə cənab Prezidentə, onun uzaqgörən tövsiyələrinə, birmənalı və hərtərəfli dəstəyinə minnətdarıq. Bu gün İcma artıq ilk mərhələdəki hədəflərinə – birincisi, mükəmməl bir təşkilatlanmaya nail olub. Hazırda Qərbi Azərbaycanın 29 rayonu və 289 kəndi üzrə icmalarımız, Azərbaycan Respublikasının 63 rayonu üzrə nümayəndəliklərimiz formalaşıb və hər iki istiqamətdə bu təçkilatlanma davam edir. İkincisi, Qərbi Azərbaycana Qayıdış ideyası ümummilli ideyaya çevrilib, sıralarımızda Azərbaycanın bütün bölgələrindən olan insanlar və Azərbaycanda yaşayan bütün xalqlar birləşib. Üçüncüsü, ilk dəfədir ki, Qərbi Azərbaycan məsələsi beynəlxalq müstəviyə çıxarılıb və beynəlxalq gündəmin mövzusuna çevrilib.
Artıq dost da, düşmən də, Ermənistan da, havadarları da çox gözəl bilirlər ki, bu Qayıdış olacaq və tarixi ədalət öz yerini tapacaq və Qərbi Azərbaycan qaçqınları doğma evlərinə qayıdacaqlar. Şüarımız dəyişməzdir: BİZ QAYIDACAĞIQ!
Xüsusilə 2026-cı il avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli görüşdən sonra Qərbi Azərbaycan qaçqınlarının öz doğma ocaqlarına qayıdışa inamları daha da artıb. Buna görə də ümid edir və inanırıq ki, Ermənistan rəhbərliyi, nəhayət, İcmamızla konstruktiv dialoqa gəlmək üçün özündə iradə tapacaq və Ermənistanla Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşdırılması istiqamətində davam edən səylər bizim evlərimizə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmağımıza kömək edəcəkdir.
Məlahət İbrahimqızı:
– Ulu öndər bütün xarici səfərlərində, beynəlxalq siyasi institutlarda təşkil olunmuş görüşlərdə çıxış edərkən mütləq Qərbi Azərbaycanla bağlı fikirlər səsləndirirdi. Dahi Şəxsiyyət Qərbi Azərbaycan probleminin Türkiyə ictimaiyyətinə çatdırılmasının da çox önəmli olduğunu bilərək, daima qardaş ölkənin tanınmış insanları ilə görüşdə bu haqda danışardı.
21 iyun 1996-cı ildə Türkiyənin İğdır bölgəsindən ilk dəfə Bakıya gəlmiş böyük nümayəndə heyyəti ilə görüşü zamanı Qərbi Azərbaycan haqqında belə deyirdi: "Keçmiş zamanlarda Azərbaycan təkcə indiki hüdudlarda deyildi. İndi Ermənistanın əlində olan Göyçə mahalı da, yaxud sizin İğdırın qarsısındakı Vedibasar, Zəngibasar, İrəvan xanlığı da Azərbaycanın olubdur. Sizin ulu babalarınızın əksəriyyəti oralardandır. İğdırda yaşayanlardan soruşsan ki, kökün haradandır, hər on nəfərdən dördü-beşi deyəcək ki, ya Zəngibasardan, ya Vedibasardan, ya İrəvandan, yaxud Borçalıdan, ya da Gəncədəndir, Naxçıvandandır." Bu fikirləri Ulu Öndərimiz Heydər Əliyevin səsləndirməkdə məqsədi bir tərəfdən tarixi torpaqlarımızın unudulmaması idisə, digər tərəfdən də yetişməkdə olan gənc nəsli doğma yurda səsləyirdi. Ulu öndər gənc nəslin öz tarixi torpaqlarına sevgi və hörmət hissi ilə böyüməsi üçün daima onlara lazımi bilgiləri aşılayırdı.
Görkəmli alim və cərrah Mustafa bəy Topçubaşovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş təntənəli gecədə Ulu Öndər deyirdi: "Mustafa bəy Topçubaşov XX əsrdə Azərbaycanın ən görkəmli şəxsiyyətlərindən biridir. O, İrəvan şəhərində, qədim Azərbaycan torpağında dünyaya göz açıb, Kiyev Universitetini bitirib, sonra isə Bakıya gəlib və burada fəaliyyətə başlamışdır".
Minnətdarlıqla qeyd etmək istərdim ki, 1987-1991-ci illərdə, eləcə də ötən yüz ildə Qərbi Azərbaycandan deportasiya və etnik təmizliyə məruz qalmış yüz minlərlə soydamızın sosial problemlərinin həllini özündə əks etdirən Fərmanının daima aktual olmasının nəticəsidir ki, Qərbi Azərbaycan və Qərbi Azərbaycana qayıdış bu gün beynəlxalq təşkilatların gündəliyinə və onun leksikonuna daxil edilmişdir.
Beləliklə, bütün varlığı ilə Vətəninə, Millətinə və Dövlətinə şərəflə xidmət etmiş uzaqgörən Dahi Şəxsiyyət Heydər Əliyevin respublikamıza rəhbərliyinin hər iki dövründə Qərbi Azərbaycan problemi ilə bağlı çıxışlarında səsləndirdiyi fikirləri və imzaladığı sərəncam və fərmanları təhlil etdikcə aydın olur ki, Qarabağın işğaldan azad edilməsi və qəsb edilmiş tarixi torpaqlarımız olan Qərbi Azərbaycana qayıdış onun formalaşdırdığı vahid dövlət siyasətinin tərkibidir. Bu mənada, əminliklə deyə bilərik ki, Ulu Öndərimizin 2003-cü ildə Azərbaycan xalqına ünvanladığı tarixi müraciətində taleyüklü siyasi miras olan Qarabağ məsələsi kimi Qərbi Azərbaycana qayıdış da Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə müqəddəs əmanət kimi vəsiyyət edilmişdir.
Azərbaycan xalqı əmindir ki, Ulu öndərin əcdadımızın tarixi yurd yerləri olan Qərbi Azərbaycana qayıdışla bağlı arzuları Müzəffər Ali Baş Komandanın dəstəyi və el birliyi ilə ən qısa zamanda gerçəkləşəcəkdir.
Nazim Mustafa:
– 2022-ci il dekabrın 24-də Prezident İlham Əliyevin öz ad günündə Qərbi Azərbaycan İcmasına gələrək bir qrup Qərbi azərbaycanlı ziyalılarla görüşü, əslində, tarixi hadisə idi. Həmin görüşdə dövlətimizin başçısı istər daxili auditoriyaya, istərsə də beynəlxalq aləmə çox ciddi mesajlar verdi və Qərbi Azərbaycan İcmasının fəaliyyət istiqamətlərini müəyyənləşdirdi. Prezident İlham Əliyev tarixə müraciət edərək bu gün Ermənistan Respublikası adlanan dövlətin tarixi Azərbaycan torpaqlarında mövcud olduğunu, bunu sənədlərin və xəritələrin təsdiqlədiyini və dünya ictimaiyyətinin bütün bunları bilməli olduğunu bəyan etdi. Dövlətimzin başçısı tariximizin qara səhifələrinin unudulmamasını da tövsiyə etdi və həmin səhifələri bir-bir incəliklə vərəqlədi.
Prezident İlham Əliyev dünya ictimaiyyətinin diqqətini bəzi xarici qüvvələr tərəfindən himayə edilən erməni xalqının istər işğal illərində Azərbaycan ərazisində, istərsə də Qərbi Azərbaycanda törətdiyi cinayətlərə - məscidləri, qəbirləri, tarixi abidələri dağıtmaları faktlarına yönəltdi və bu cinayətləri dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların görməzdən gəldiklərini qeyd etdi.
İndiki Ermənistan ərazisində ermənilər tərəfindən maddi-mədəni irsimizə qarşı törədilmiş cinayətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmağı Qərbi Azərbaycan İcmasının qarşısında bir vəzifə kimi qoydu. Dövlətimizin başçısı xüsusilə vurğuladı ki, Qərbi azərbaycanlılar da heç vaxt inamlarını itirməməli, eyni zamanda, addımlar atmalı, fəal olmalıdırlar. Nəyi, necə və nə zaman edəcəyini dəqiq bilən Prezident görüşün sonunda dedi: “Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik və bu günü xatırlayacağıq.”
Bu görüşdən bir ay sonra - 26 yanvar 2023-cü ildə Qərbi Azərbaycan İcması tərəfindən Qayıdış Konsepsiyası qəbul edildi. Bu məqsədlə həm Ermənistan hökumətinə, həm də beynəlxalq təşkilatlara müraciətlər qəbul edilmişdir. Artıq Ermənistanın özündə 300 min azərbaycanlının tarixi-etnik torpaqlarına qayıtmaq üçün hazırlaşdıqları barədə fikirlər səsləndirilir. Deməli, Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə qəbul edilən konsepsiyanın həyata keçirilməsi üçün hər birimiz İcmanın işində daha da fəal olmalıyıq.
https://xalqqazeti.az/az/siyaset/276749-qerbi-azerbaycana-qayidis-ulu-onderin