Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi
30 sentyabr 2026, 15:44

Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycandakı tarixi-mədəni irsimizlə bağlı araşdırma aparıb. AZƏRTAC Əziz Ələkbərlinin “Qərbi Azərbaycanda tarixi abidələrimiz” seriyasından hazırlanan növbəti yazını təqdim edir.

Cəfərabad (Pir Hüseyn) türbəsi Zəngibasar mahalının mərkəzi olan Uluxanlı qəsəbəsindən 14 kilometr şimalda, İrəvan şəhəri yaxınlığında yerləşən Cəfərabad kəndində inşa edilib. Kənd 1946-cı ildən Arqavand adlandırılıb. Qırmızı tuf daşdan tikilmiş səkkiztilli türbə Zəngibasar mahalının tarixi ərazisində yerləşir. Uluxanlı qəsəbəsi 1924-cü ildən Nərimanlı, 1937-ci ildən Zəngibasar, 1950-ci ildən isə Masis adlandırılıb.

Qaraqoyunlu əmirlərinin sərdabəsi üstündə ucaldılan türbənin hündürlüyü günbəzsiz 12 metr olmuşdur. Türbəni yuxarıdan kəmərvarı əhatə edən 22 metr uzunluğunda ərəbdilli kitabədə süls elementli nəsx xətti ilə Qurandan Bəqərə surəsinin 256-cı ayəsi yazılmış və Çuxur Səd vilayətinin Saatlu (Sakatlı) tayfasından olan əmirləri Pir Hüseyn və atası Əmir Səədin (1411-ci ildə vəfat etmişdir) adları həkk edilmişdir.

Sonralar Pir Hüseynin özü də həmin türbədə dəfn edilib. Buna görə də türbə Pir Hüseyn türbəsi kimi də tanınırdı.

İrəvan xanlığı 1827-ci ildə Rusiyası tərəfindən işğal olunana qədər Cəfərabad kəndində ancaq azərbaycanlılar yaşamış, ermənilər 1830-cu illərdə İrandan köçürülmüşlər.

Bir neçə il öncə erməni katolikosu və erməni alimləri Türkmənistandan alimləri dəvət edərək, türbənin erməni və türkmən xalqlarının memarlıq abidəsi olduğunu elan ediblər. Halbuki abidənin nə türkmənlərə, nə də ermənilərə aidiyyəti var. İndi Ermənistan adlanan tarixi Azərbaycan ərazisində, o cümlədən Pir Hüseyn sərdabəsinin yerləşdiyi Cəfərabad kəndində heç vaxt türkmənlər yaşamayıb. Buna baxmayaraq, abidənin yanında quraşdırılmış lövhədə türbənin Qaraqoyunlu türkmənlərinə aid olması barədə məlumat verilir. Eyni zamanda, əsas lövhədə türbənin türkmənlərin tarixi irsi olduğunu göstərir.

https://azertag.az/xeber/qerbi_azerbaycanda_tarixi_abidelerimiz____ceferabad_turbesi-4438773?