Qərbi Azərbaycan İcması
Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycandakı tarixi-mədəni irsimizlə bağlı araşdırma aparıb. AZƏRTAC Əziz Ələkbərlinin “Qərbi Azərbaycanda tarixi abidələrimiz” seriyasından hazırlanan növbəti yazını təqdim edir.
Göy Məscid (Hüseynəli xan məscidi) İrəvan şəhərində yerləşən tarixi məsciddir. Tikintisinə 1760-cı ildə başlanılan məscid 1764-cü ildə İrəvan sərdarı Hüseynəli xan Qacarın (1762–1783) dövründə tamamlanıb və onun şərəfinə adlandırılıb. Eni 66 metr, uzunluğu 97,2 metr olan Göy məscid İrəvandakı məscidlər arasında ölçüsünə görə ən böyüyü və şəhərin mərkəzi məscidi olub. Digər məscidlərə din xadimləri də buradan göndərilib. Məscid kompleksi ibadət zallarından, din xadimlərinin yaşayışı üçün nəzərdə tutulmuş otaqlardan, qış və yay salonlarından, mədrəsədən və digər tikililərdən ibarət olub. Məscidin dörd minarəsi, çarhovuzlu və fəvvarəli geniş həyəti, həmçinin zəngin kitabxanası olub. İkinci Dünya müharibəsindən sonra məscidin 24 metr hündürlüyündə olan dörd minarəsindən üçü sökülüb. 1952-ci ildə isə məscidin bir hissəsi planetariyə, digər hissəsi məktəbə çevrilib.
Məscid XX əsrdə iki dəfə yandırılıb. İlk dəfə 1918-ci ildə İrəvan şəhərində azərbaycanlıların ermənilər tərəfindən qətlə yetirildiyi dövrdə yandırılıb. İkinci dəfə isə 1955-ci ilin martında türk din xadimi Mahmud Aruz oğlu, həyat yoldaşı və 22 nəfər türk üləması məsciddə ibadət edərkən yandırılıb.
Uzun müddət məscidin binasından tarix muzeyi kimi istifadə olunub. 1995–2006-cı illərdə isə İran tikinti şirkətlərinin köməyi ilə bərpa edilərək İranın Ermənistandakı mədəniyyət mərkəzlərindən birinə çevrilib. Hazırda “Fars məscidi” adı ilə təqdim olunur. Ermənilər məscidin adını kalka yolu ilə tərcümə edərək Kapuyt mzkit (ermənicədə: kapuyt – göy, mzkit – məscid deməkdir) də adlandırırlar.
https://azertag.az/xeber/qerbi_azerbaycanda_tarixi_abidelerimiz___goy_mescid-4441329