Qərbi Azərbaycanda tarixi abidələrimiz – Mağaravəng məbədi
23 noyabr 2026, 15:15

Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycandakı tarixi-mədəni irsimizlə bağlı araşdırma aparıb. AZƏRTAC Əziz Ələkbərlinin “Qərbi Azərbaycanda tarixi abidələrimiz” seriyasından növbəti yazısını təqdim edir.

Mağaravəng İrəvan xanlığının Dərəçiçək mahalının Mağaravəng (erməni tələffüzündə Makravank) kəndində, Zəngi çayının yuxarı axarında, çayın sağ sahilində yerləşən alban xristian məbədidir. Kənd 1930-cu ildən Axta, 1959-cu ildən isə Hrazdan rayonu adlandırılıb.

Məbəd kompleksində ən qədim tikili Х yüzilə aiddir. XI-XIII yüzillərin yadigarı olan baş məbəd divara bitişik sütunları və qərb tərəfdə ikimərtəbəli yan otaqları (xəzinə otaqları) olan günbəzli, zal tipli tikilidir. Sonrakı yüzillərdə məbəd kompleksinə yeni tikililər əlavə olunub. Məbəd 1940-cı ildə ermənilər tərəfindən bərpa edilərkən ona bir çox erməni elementləri əlavə edilib.

Adından da göründüyü kimi, məbədin yerləşdiyi Mağaravəng kəndi qədimdən türk tayfalarının vətəni olmuşdur.

Monastırın ətrafında çoxlu qəbirlər var. Ermənilər buradakı xaçdaşlar haqqında geniş bəhs etsələr də, qəbir sənduqələri haqqında bəhs etmirlər. Onların üzərindəki saz, tar şəkilləri bir daha onların Azərbaycan xalqına mənsub olduğunu təsdiqləyir.

İrəvan xanlığı 1827-ci il oktyabrın 1-də çar Rusiyası tərəfindən işğal olunarkən burada bir nəfər də erməni olmayıb. Kəndə ilk dəfə ermənilər 1828-1830-cu illərdə 8 ailədə 51 nəfər İrandan, 26 ailədə 133 nəfər Türkiyədən köçürülüb gətiriliblər.

Sonralar ermənilər kəndin və məbədin adını öz tələffüzlərinə uyğunlaşdıraraq əvvəlcə Makravank, daha sonra isə Makravan adlandırıblar.

https://azertag.az/xeber/qerbi_azerbaycanda_tarixi_abidelerimiz___magaraveng_mebedi-4520643?