Qərbi Azərbaycan İcması
Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycandakı tarixi-mədəni irsimizlə bağlı araşdırma aparıb. AZƏRTAC Əziz Ələkbərlinin “Qərbi Azərbaycanda tarixi abidələrimiz” seriyasından növbəti yazısını təqdim edir.
Masdərə – İrəvan xanlığının Talın mahalında yerləşən Masdərə kəndində, Masdərə çayının sahilində V–VII əsrlərə aid qədim türk-xristian məbədidir. 1930-cu il sentyabrın 9-dan kənd Talin rayonuna daxil edilib, 1965-ci il yanvarın 21-dən isə Dalarik adlandırılıb.
Günbəzli memarlıq üslubunda inşa edilmiş məbəd öz adını Masdərə kəndindən alıb, "Masdərə” toponimi isə "Masların dərəsi", "Mas dərəsi" anlamında "Mas" və "dərə" sözlərindən yaranıb. Maslar bütün Qafqazda, o cümlədən Qərbi Azərbaycan ərazisində qədimdən məskunlaşan Sak türklərinin bir qolu olub, Massaget, Masallı, Masazır, Maştağa, Masis, Mesxet, Xaçmas toponimlərində öz adını günümüzə qədər yaşadıb.
Bina xaçvari formada inşa edilib və mərkəzi hissəsi günbəzlə örtülüb. Məbədin pəncərələrinin ətrafı gözəl həndəsi və nəbati naxışlarla işlənmiş kəmərlə əhatələnib. Kilsənin dua zalı 12 m × 11,20 m ölçüdə dördbucaqlı formadadır, künclərdəki iri tromplar (memarlıqda kvadrat və ya düzbucaqlı planlı otağın yuxarı künclərində qurulan və dairəvi (yaxud səkkizguşəli) günbəzə keçidi təmin edən tağvari konstruksiya elementi) onu səkkizbucaqlıya çevirir, ikinci sıra tromplar isə on altı tərəfli çoxbucaqlı əmələ gətirir. Bunun üzərində yüksələn baraban 16 kiçik trompla tamamlanır ki, bunlar da günbəz üçün təməl rolunu oynayır. Kilsənin damı konusvari olub, daş plitələrlə örtülüdür (əvvəllər dam kirəmitlə örtülü idi və əyri profilə malik idi). Qərb və cənub apsidlərindən içəri girişlər mövcuddur. Barabanda səkkiz, dua zalının əsas hissəsində isə doqquz pəncərə var.
Mastara kilsəsi dəfələrlə təmir və bərpa olunub; xüsusilə əhəmiyyətli bir bərpa işi VII əsrdə həyata keçirilib. Tikilinin ilkin hissələri iri, şabalıdı-bənövşəyi rəngli daşlardan ibarətdir, bərpa olunmuş hissələrdə isə daha kiçik, narıncı-sarımtıl daşlardan istifadə edilib. Kilsə, həmçinin X–XIII əsrlərdə də təmir olunub. XVIII əsrdə kilsənin ətrafı hündür divarlarla əhatələnmişdir. 1889-cu ildə kənd keşişi bu divarları sökdürərək abidəni bərpa etdirmişdir.
Tədqiqatçıların fikrincə, absidaların, tağların və günbəzin nalvari forması, ilkin daş blokların böyük ölçüləri, künc otaqlarına girişlərin üzərindəki daşlarda həkk olunmuş arxaik, bərabərtərəfli xaçlar, qərb fasadında bir cüt quşun yer aldığı xaç relyefi, tağlı kornişi bəzəyən göyərçinlərin yüksək relyefli təsvirləri — bütün bu elementlər IV–V əsrlər üçün xarakterikdir.
1940-cı ildə məbəddə ermənilər tərəfindən aparılmış "bərpa" işləri zamanı isə onun ilkin memarlıq xüsusiyyətlərinə bəzi dəyişikliklər edilməklə və ətrafında xaçdaşlar yerləşdirilməklə məbəd daha da erməniləşdirilib.
Masdərə kəndində qədimdən türk tayfaları yaşayıb, burada ilk dəfə ermənilər XVIII yüzildə görünməyə başlayıblar.
https://azertag.az/xeber/qerbi_azerbaycanda_tarixi_abidelerimiz___masdere_mebedi-4523982