Qərbi Azərbaycanda tarixi abidələrimiz - Qırmızıvəng
26 noyabr 2026, 12:45

Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycandakı tarixi-mədəni irsimizlə bağlı araşdırma aparıb. AZƏRTAC Əziz Ələkbərlinin “Qərbi Azərbaycanda tarixi abidələrimiz” seriyasından növbəti yazısını təqdim edir.

Qırmızıvəng – İrəvan xanlığının Karbibasar mahalının ərazisində yerləşən VII əsrə aid türk xristian məbədidir. Həmin ərazi 1930-cu il sentyabrın 9-dan Əştərək rayonu adlandırılır. Kilsənin xarici divarlarında qorunub saxlanılmış yazılarda tikintisi yerli kəndlilərin vəsaiti hesabına maliyyələşdirilmiş bu abidənin inşasında iştirak edən sakinlər – keşişlər Qriqor və Manas xatırlanır.

Həm xaricdən, həm də daxildən xaçvari planlı və günbəzli, 6 m x 7,5 m ölçülü bu məbəd Qərbi Azərbaycan ərazisində kirəmit dam örtüyü olduğu kimi qalan ən qədim və yeganə tikili sayılır. Məbədin Qırmızıvəng adı da həmin qırmızı kirəmitdən yaranıb. Ermənilər məbədin azərbaycanca Qırmızıvəng adını sətri tərcümə edərək “Karmravor“ (karmir – ermənicədə “qırımızı” deməkdir) qoyublar. Məbəd 1950-ci ildə bərpa olunaraq ona bir çox erməni elementləri əlavə edilib.

Qırmızıvəngin ətrafında bir çox xaç daşları mövcuddur; bunlardan ən diqqət çəkəni, postamentindəki dəliyə görə "Deşikli daş" (ermənicədə: "Tsak-Kar") adlandırılan 1268-ci ilə aid xaçdaşdır.

Kilsənin oyma naxışlar və mahnı oxuyan mələklərlə bəzədilmiş taxta qapısı 1983-cü ildə ustası Sarkis Poqosyan tərəfindən hazırlanıb.

Məbədin yerləşdiyi ərazilər qədimdən türk tayfalarının vətəni olmuş, burada ilk dəfə ermənilər XVIII yüzildən etibarən görünməyə başlamışlar.

https://azertag.az/xeber/qerbi_azerbaycanda_tarixi_abidelerimiz___qirmiziveng-4525710