Qərbi Azərbaycanda tarixi abidələrimiz -Şadıvəng
08 oktyabr 2026, 12:50

Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycandakı tarixi-mədəni irsimizlə bağlı araşdırma aparıb. AZƏRTAC Əziz Ələkbərlinin “Qərbi Azərbaycanda tarixi abidələrimiz” seriyasından hazırlanan növbəti yazını təqdim edir.

Şadıvəng Dərələyəz mahalının Həsənkənd kəndindən 4 kilometr şərqdə, Təkədonduran dağının qərb tərəfində yerləşən alban-xristian məbədidir. Dərələyəz mahalı 1931-ci ildən Keşişkənd rayonu, 1935-ci ildən Mikoyan rayonu, 1957-ci ildən isə Yeğeqnadzor rayonu adlandırılıb. Həsənkənd kəndinin adı isə 1935-ci ildən Şatin kimi dəyişdirilib.

Məbəd biri böyük, digəri nisbətən kiçik olmaqla iki tikilidən ibarətdir. Məbədin tikilmə tarixi X yüzilə aid edilir. Buradakı tikililər isə, əsasən, iki dövrün – XIII-XIV və XVII-XVIII yüzillərin yadigarıdır.

Məbədin tarixi haqqında əsas məlumatlar “Siyuni tarixi” salnaməsinin müəllifi Stepan Orbelian sayəsində günümüzə qədər gəlib çıxıb. XV əsrdən sonra məbəd tənəzzül dövrünü yaşayıb, bütünlüklə dağılıb, 1671-1677-ci illərdə onun yerində yeni məbəd tikilib.

Məbədin ərazisi kərpic divarla əhatələnmişdi. 1918-ci ildə erməni daşnak silahlı dəstələri bura sığınan azərbaycanlı əhalisini qətlə yetirmək üçün həmin divarları dağıdıb və buradakı dinc əhalini qətlə yetiriblər. O vaxtdan məbəd bərpa olunmayıb, ətrafındakı divar tamamilə dağılıb.

1935-ci ildən kəndin Həsənkənd adı məbədin adına oxşadılaraq heç bir anlam verməyən Şatin qoyulub. Həsənkənd kəndi qədimdən türk tayfalarının vətəni olub, bura ilk ermənilər (17 ailədə 92 nəfər) 1828-1829-cu illərdə İrandan köçürülüb gətiriliblər. Bunu məbədin Şadıvəng adının Şahbuz rayonunun Şada kənd, Goranboy rayonunun Şadılı kənd, Vedi rayonunun Şidli kənd adları ilə eyni kökdən olması da sübut edir.

https://azertag.az/xeber/qerbi_azerbaycanda_tarixi_abidelerimiz__sadiveng-4451829