“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihəsi həyata keçirilir
04 noyabr 2026, 22:41

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurası tərəfindən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar ilin əvvəlindən etibarən “Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihəsi həyata keçirilir.

Noyabrın 4-də üç gün davam edən layihə-müsabiqənin qiymətləndirmə prosesinin ikinci günü keçirilib. Qiymətləndirmə prosesində Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli də iştirak edib.

Layihənin əhəmiyyətindən danışan Əziz Ələkbərli belə təşəbbüslərin gənc nəslin Qərbi Azərbaycanın zəngin tarixi və mədəni irsi ilə bağlı biliklərinin artırılması, tarixi yaddaşın qorunması və milli-mədəni dəyərlərin gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, məktəblilərin tarixi abidələrimizə marağının artırılması, onların bu irsin araşdırılması, öyrənilməsi və tanıdılması prosesinə cəlb olunması milli yaddaşın yaşadılması istiqamətində mühüm addımdır.

İcma sədri layihənin təşkilində və həyata keçirilməsində əməyi olanlara təşəkkürünü bildirib, müsabiqə iştirakçılarının yaradıcılıq işlərini yüksək qiymətləndirərək onlara uğurlar arzulayıb.

Qeyd edək ki, layihənin əsas məqsədi məktəblilər arasında Qərbi Azərbaycanın tarixi-mədəni irsinin təbliğini genişləndirmək, onların tarixi abidələrimizə marağını artırmaq və milli-mədəni irsimizin tanıdılmasında gənc nəslin fəal iştirakını təşviq etməkdir.