Qubadlıya qayıdan yaddaş: Zəfərin altıncı payızı
25 oktyabr 2026, 12:00

Əziz Ələkbərli,

Mili Məclisin deputatı,

Qərbi Azərbaycan İcması

İdarə Heyətinin sədri

Bəzi tarixlər var ki, onları sadəcə təqvimdən oxuyub keçmək olmur. Çünki həmin günlər bir xalqın yaddaşına, taleyinə, sevincinə və kədərinə çevrilir. 25 oktyabr da Azərbaycan üçün belə tarixlərdəndir. 2020-ci ilin həmin payız günündə Qubadlı şəhərinin işğaldan azad edilməsi Vətən müharibəsinin gedişində mühüm dönüş nöqtələrindən biri oldu. Bu, yalnız hərbi uğur deyil, illərlə doğma yurd həsrəti çəkən insanların qəlbində yenidən alovlanan qayıdış ümidinin təntənəsi idi.

Qubadlının azadlığına aparan yol asan olmadı. Otuz ilə yaxın davam edən işğal, doğma yurdlarından didərgin düşmüş insanların ağrılı taleyi, dağıdılmış evlər, yarımçıq qalmış arzular bu tarixin arxasında dayanan acı həqiqətlərdir. Qubadlılılar illərlə öz evlərinə qayıdacaqları günü gözlədilər. Onların yaddaşında doğma küçələr, ata ocaqları, uşaqlıq xatirələri yaşayırdı. Hər ötən il bu həsrəti bir az da dərinləşdirsə də, yurda qayıdış inamını söndürə bilmədi.

2020-ci ilin payızında Azərbaycan xalqı həmin arzunun gerçəyə çevrilməsinin şahidi oldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu döyüş meydanında böyük uğurlar qazandı. Dövlət başçısının siyasi iradəsi, qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun döyüş qabiliyyəti və əsgərlərimizin misilsiz qəhrəmanlığı Vətən müharibəsində Qələbənin əldə olunmasında mühüm rol oynadı. Xalqın ordu ətrafında sıx birləşməsi isə bu tarixi mübarizənin mənəvi gücünü daha da artırdı.

Qubadlı şəhərinin 2020-ci il oktyabrın 25-də azad edilməsi həmin böyük Zəfərin əlamətdar səhifələrindən biri kimi tarixə düşdü. Bu hadisə Azərbaycanın ərazi bütövlüyünün bərpasına doğru atılan mühüm addım olmaqla yanaşı, illərlə doğma torpaq həsrəti ilə yaşayan minlərlə insanın qəlbində yeni bir ümid yaratdı.

Qubadlının azadlığı uğrunda mübarizədən danışarkən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rolunu xüsusi qeyd etmək lazımdır. Müharibənin gedişində ölkəyə rəhbərlik etmək, hərbi əməliyyatların uğurla davam etdirilməsi üçün zəruri siyasi və təşkilati şəraiti təmin etmək, beynəlxalq müstəvidə Azərbaycanın mövqeyini müdafiə etmək böyük məsuliyyət tələb edirdi. Prezidentin qətiyyətli mövqeyi və ardıcıl fəaliyyəti Qələbəyə aparan prosesin mühüm amillərindən biri oldu.

Bu Qələbənin əsas yükünü döyüş meydanında qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və zabiti daşıdı. Şəhidlərimizin canı, qazilərimizin sağlamlığı, hərbçilərimizin fədakarlığı xalqımızın yaddaşında əbədi yaşayacaq. Ali Baş Komandanın rəhbərliyi, ordumuzun gücü və xalqımızın birliyi vahid məqsəd ətrafında birləşərək Azərbaycanın müasir tarixində yeni mərhələnin əsasını qoydu.

Qubadlı azad olunduqdan sonra qarşıda başqa bir mühüm vəzifə dayandı: şəhəri yenidən qurmaq, doğma yurddan ayrı düşmüş insanları geri qaytarmaq, dağıdılmış infrastrukturu bərpa etmək və burada davamlı həyat yaratmaq. Prezident İlham Əliyevin azad edilmiş ərazilərə səfərləri, bərpa və quruculuq işlərinin gedişinə diqqəti, yeni layihələrin icrasını nəzarətdə saxlaması dövlətin Qubadlının gələcəyinə verdiyi əhəmiyyətin göstəricilərindəndir.

Qələbənin davamı olan quruculuq işi təkcə yeni binaların inşasından ibarət deyil. Burada yollar çəkilməli, yaşayış məhəllələri salınmalı, məktəblər, sosial obyektlər və iş yerləri yaradılmalıdır. Ən başlıcası isə insan doğma yurduna qayıdanda özünü təhlükəsiz hiss etməli, ailəsi üçün gələcək qurmaq imkanına sahib olmalıdır. Qubadlının dirçəlişinə yönələn dövlət qayğısının əsas mahiyyəti də məhz budur.

Cənab Prezident İlham Əliyevin Qubadlıya münasibətini yalnız səfərlər və tikinti layihələri ilə ölçmək düzgün olmazdı. Bu diqqətin əsas mahiyyəti rayonun yenidən ölkənin iqtisadi, sosial və mədəni həyatına qovuşdurulması, doğma yurd həsrəti çəkən insanların geri dönüşü üçün şərait yaradılmasıdır. Dövlət başçısının 2021-ci il oktyabrın 25-də Qubadlıya səfəri zamanı şəhərin baş planının hazırlanması ilə bağlı sərəncam verməsi, yol və enerji infrastrukturu layihələrində iştirak etməsi bərpa prosesinin konkret addımlarla irəlilədiyini göstərirdi. Sonrakı illərdə də rayonun inkişafı ilə bağlı layihələr davam etdirildi. 

Bu diqqətin arxasında mühüm bir həqiqət dayanır: Qələbə ilə azad edilən torpaqların gələcəyi yalnız dövlət qurumlarının deyil, bütün cəmiyyətin məsuliyyətidir. Qubadlıda yeni həyatın qurulması keçmişdə yaşanan ağrıların unudulması demək deyil. Əksinə, həmin ağrılardan nəticə çıxarmaq, dağıdılmış yurdları bərpa etmək, tarixi yaddaşı qorumaq və gələcək nəsillərə daha təhlükəsiz həyat miras qoymaq deməkdir.

Cənab Prezident İlham Əliyevin 25 oktyabr 2021-ci ildə Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bu günün tarixi əhəmiyyətini xüsusi vurğulaması da təsadüfi deyildi. Həmin görüş azadlıq sevincinin doğma yurdun gələcəyi ilə bağlı ümidlərlə birləşdiyi rəmzi məqamlardan biri oldu. 

Bu gün Qubadlıya baxarkən həm keçmişin ağrısını, həm də gələcəyin ümidini görürük. Şəhidlərimizin xatirəsi, qazilərimizin fədakarlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı bu torpağın hər qarışına xüsusi məna verir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış Qələbə isə həmin torpaqlarda yenidən həyat qurmaq üçün tarixi imkan yaradıb.

31 iyul 2023-cü il tarixli sərəncamla 25 oktyabrın Qubadlı Şəhəri Günü kimi təsis edilməsi bu tarixin milli yaddaşımızdakı yerini rəsmiləşdirdi. 

Qubadlıya Zəfər yaraşır. Qubadlıya quruculuq yaraşır. Qubadlıya öz insanlarının səsi, uşaqlarının gülüşü, doğma evlərin işığı yaraşır.

25 oktyabr bizə bir daha xatırladır ki, torpağı azad etmək qəhrəmanlıq, onu yenidən çiçəkləndirmək isə gələcək nəsillər qarşısında məsuliyyətdir. Qubadlının azadlığı Azərbaycan xalqının iradəsinin, birliyinin və mübarizə əzminin tarixə yazılmış səhifəsidir. Bu səhifənin davamı isə doğma yurdda qurulan yeni həyat olacaq.