Qərbi Azərbaycan İcması
29 aprel 2026-cı il tarixində Azərbaycan xalqının görkəmli alim-oftalmoloqu, akademik Zərifə Əliyevanın anadan olmasının ildönümü münasibətilə Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının təşəbbüsü və TƏBİB-in dəstəyi ilə Saatlı rayonunda silsilə tədbirlər həyata keçirilib.
Akademik Zərifə Əliyevanın anadan olmasının ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində Saatlı rayonunun Şirinbəyli kəndində səyyar humanitar tibbi aksiya təşkil olunub. Aksiya zamanı müxtəlif ixtisaslar üzrə həkim briqadaları tərəfindən yerli əhaliyə tibbi müayinələr aparılıb, zəruri məsləhətlər verilib və ehtiyac yarandıqda ixtisaslaşmış tibb müəssisələrinə yönləndirmələr həyata keçirilib.
Qərbi Azərbaycan İcmasının nümayəndə heyəti – Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli, sədrin müavini, Milli Məclisin deputatı Hikmət Məmmədov, Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahimqızı, Şuranın sədr müavini, Qərbi Azərbaycan Televiziyasının rəhbəri Telli Pənahqızı, İcmanın Ağsaqqallar Şurasının üzvü, professor Paşa Qəlbinur, TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov, Sabunçu rayon 2 saylı Tibb Mərkəzinin direktoru, 2 saylı doğum evinin baş həkimi Səadət Şamilova, 11 saylı Uşaq Poliklinikasının baş həkimi Məlahət İbrahimova və digər rəsmi şəxslər, həmçinin Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov aksiyanın gedişatı ilə yerində tanış olublar.
Məlahət İbrahimqızı vətəndaşlarla söhbət zamanı sağlamlığın qorunmasının vacibliyini vurğulayaraq, profilaktik müayinələrin vaxtında aparılmasının əhəmiyyətindən danışıb, xüsusilə həssas əhali qruplarına diqqətin artırılmasının prioritet olduğunu qeyd edib və vətəndaşlara öz sağlamlıqlarına daha həssas yanaşmağı tövsiyə edib.
Gün boyu davam edən aksiya əhalinin tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.
Qeyd edək ki, layihənin rəhbəri Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızıdır.