Ucar rayonunda “Qərbi Azərbaycan irsi” kitabının I cildinin təqdimatı keçirilib
11 iyul 2025, 09:30

10 iyul 2025-ci il tarixində Ucar Rayon Heydər Əliyev Mərkəzində “Qərbi Azərbaycan irsi” kitabının I cildinin təqdimatı ilə əlaqədar tədbir keçirildi.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyuldu.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.

Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Sonra “Qərbi Azərbaycan irsi” silsilə nəşri ilə bağlı videoçarx nümayiş olundu.

Tədbirdə Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü, Binəqədi rayonu üzrə nümayəndəsi, pedaqogika elmləri doktoru Həsən Bayramov, rayon ziyalısı Hakim Nəcəfov, Ucar Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Günel Əlizadə, Ucar Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev çıxış ediblər.

Çıxışlarda Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı ermənilər tərəfindən yalnız etnik təmizləmə siyasəti həyata keçirilmədiyini, eyni zamanda, soydaşlarımıza məxsus maddi-mədəni irs nümunələrinin, qəbiristanlıqların, məscidlərin, pirlərin, türbələrin yer üzündən tamamilə silinməsinə yönəlmiş vandalizm aktları törədildiyindən geniş söhbət açdılar.

Qeyd olundu ki, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti və səyi nəticəsində Qərbi Azərbaycana qayıdış çərçivəsində soydaşlarımız tezliklə öz dədə-baba torpaqlarına qayıdacaqlar. Qərbi Azərbaycan ərazisində azərbaycanlıların tarixən yaratdığı dövlətçilik ənənələri, mədəni irsi, məruz qaldıqları tarixi ədalətsizliklər və cinayətlər, itirdikləri maddi-mənəvi sərvətlər haqqında davamlı tədqiqatlar aparılmaqdadır. Bu istiqamətdə müasir elmi yanaşmalara uyğun yeni fundamental araşdırma – “Qərbi Azərbaycan İrsi” tədqiqatlar seriyası nəşr edilməyə başlanılıb. “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildi seriyanın ilk nəşridir və Azərbaycan, ingilis, rus dillərində çap edilib.

Kitabda 1991-ci ilə qədər Ermənistanda mövcud olmuş 700-dən çox qəbiristanlıqdan 201-nin əvvəlki və hazırkı vəziyyəti təqdim edilir. Tədqiqat zamanı müxtəlif ölkələrin arxiv və kitabxanalarından toplanan xəritələr, peyk görüntüləri, deportasiya olunmuş şəxslərin xatirələri və digər mənbələrdən istifadə olunub.

Qeyd edək ki, kitabın müəllifləri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və tədqiqatçı-alim Səbuhi Hüseynovdur.