“Vətənləşən, yarım qalan ömür” kitabının təqdimatı keçirilib
08 oktyabr 2026, 23:48

8 oktyabr 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasının inzibati binasında Amasiya rayon icmasının təşkilatçılığı ilə Birinci Qarabağ müharibəsi şəhidi, mayor Məhərrəm Seyidovun həyat və döyüş yoluna həsr olunmuş “Vətənləşən, yarım qalan ömür” kitabının təqdimat mərasimi keçirilib.

Təqdimatda Qərbi Azərbaycan İcmasının rəhbər heyəti, Amasiya rayon icmasının üzvləri, ziyalılar, şəhidin ailə üzvləri, döyüş və xidmət yoldaşları, müharibə veteranları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Məhərrəm Seyidovun həyat və döyüş yolundan bəhs edən videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli açıb. O, şəhidlərin həyat və mübarizə yolunun gələcək nəsillərə çatdırılmasının vacibliyindən danışaraq, onların xatirəsinin yaşadılmasının milli yaddaşın qorunmasında mühüm rol oynadığını bildirib. Əziz Ələkbərli qeyd edib ki, Vətən uğrunda canından keçən qəhrəmanların həyat yolu yalnız keçmişin xatirəsi deyil, həm də gələcək nəsillər üçün örnəkdir. Bu baxımdan şəhidlərin həyatından bəhs edən kitabların nəşri xüsusi əhəmiyyət daşıyır.

Sonra söz Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü, Amasiya rayon icmasının sədri, akademik Abel Məhərrəmova verilib. O, çıxışında Amasiya rayonunun tarixindən, bu torpaqların yetirdiyi şəxsiyyətlərdən və Birinci Qarabağ müharibəsində şəhid olan igidlərdən danışıb. Abel Məhərrəmov Məhərrəm Seyidovun həyat və döyüş yolunun gənc nəsil üçün nümunə olduğunu vurğulayıb.

Daha sonra Milli Məclisin deputatı Aydın Hüseynov çıxış edərək Məhərrəm Seyidov haqqında fikirlərini bölüşüb. O, şəhidlərimizin adlarının və qəhrəmanlıq yolunun tarixdə, xalqın yaddaşında daim yaşadılmasının vacibliyini qeyd edib. Aydın Hüseynov bu baxımdan “Vətənləşən, yarım qalan ömür” kitabının mühüm əhəmiyyət daşıdığını bildirib.

Azərbaycan Yazıçılar Birliyinin Qərbi Azərbaycan Bölməsinin katibi, şair Şəmsi Qoca da kitab haqqında fikirlərini diqqətə çatdırıb. O, əsərin yalnız bir şəhidin həyatından bəhs etmədiyini, eyni zamanda həmin dövrün hadisələrinin, insanların talelərinin və milli yaddaşın qorunmasına xidmət etdiyini bildirib.

Tədbirdə Qərbi Azərbaycan Televiziyasının rəhbəri, İcmanın Qadınlar Şurası sədrinin müavini, Əməkdar mədəniyyət işçisi, tanınmış jurnalist Telli Pənahqızına da söz verilib. O, kitabın uğurla qələmə alındığını qeyd edib, Məhərrəm Seyidovla bağlı xatirələrini bölüşüb və şəhidlərin həyat yolunun gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən danışıb.

Ardınca Məhərrəm Seyidovun ailə üzvləri və döyüş yoldaşları çıxış ediblər. Şəhidin qardaşı və döyüş yoldaşı Həsən Seyidov, qardaşı Etibar Seyidov, əmisi oğlu, müharibə veteranı və zabit Yavər Seyidov, eləcə də Məhərrəm Seyidovun Qoncalı kəndində müəllimi olmuş Səfər Əhmədbəyli onunla bağlı xatirələrini bölüşüblər. Çıxışlarda Məhərrəm Seyidovun xarakterindən, ailəsinə münasibətindən, hərbi xidmətindən, döyüşlərdə göstərdiyi şücaətdən və Vətən qarşısındakı borcuna sədaqətindən söz açılıb.

Təqdimat mərasimində kitabın müəllifi Kifayət Cəfərova da çıxış edib. O, əsərin hazırlanması zamanı Məhərrəm Seyidovun həyat və döyüş yoluna dair sənədlərin, arxiv materiallarının və xatirələrin araşdırıldığını bildirib. Müəllif şəhidin keçdiyi ömür yolunu kitab vasitəsilə oxuculara çatdırmağı mənəvi məsuliyyət kimi dəyərləndirib və əsərin ərsəyə gəlməsində dəstək göstərən hər kəsə təşəkkürünü bildirib.

Sonda kitabın müəllifi tərəfindən iştirakçılara kitablar təqdim olunub və xatirə fotosu çəkdirilib.