“Xarüqələr yaradan qətiyyətli lider”, “Zəfər tariximizin fatehləri” və “Heydər Əliyev irsi” kitablarının təqdimat mərasimi keçirilib
13 may 2026, 23:22

Mayın 13-də Qərbi Azərbaycan İcmasında “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, həkim, yazıçı-publisist Zərifə Quliyevanın qələmə aldığı “Heydər Əliyev irsi”, “Xarüqələr yaradan qətiyyətli lider” və “Zəfər tariximizin fatehləri” kitablarının təqdimat mərasimi keçirilib.

Mərasimdə Qərbi Azərbaycan İcmasının rəhbər heyəti, dövlət rəsmiləri, millət vəkilləri, tanınmış ictimaiyyət nümayəndələri və ziyalılar iştirak ediblər. Tədbir İcmanın foyesində təşkil olunan rəsm sərgisi ilə başlayıb. Sərgidə Qərbi azərbaycanlı gənc rəssamlar Arzu Novruzova, Sevinc Əhmədova və İsmayıl Hacıyevin Ulu Öndər Heydər Əliyev və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə həsr olunmuş rəsm əsərlərinə baxış keçirilib.

Akt zalında davam edən mərasimdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təqdimat mərasimində çıxış edən Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli bildirib ki, Zərifə Quliyevanın müəllifi olduğu kitablar Azərbaycan dövlətçiliyinin, milli-mənəvi dəyərlərin və Zəfər tariximizin təbliği baxımından mühüm əhəmiyyət daşıyır. O qeyd edib ki, müəllif uzun illərdir ictimai fəaliyyətlə məşğul olur, vətənpərvərlik mövzusunda həyata keçirdiyi layihələrlə cəmiyyətə mühüm töhfələr verir.

Əziz Ələkbərli vurğulayıb ki, Zərifə Quliyevanın yaradıcılığında Ümummilli Lider Heydər Əliyevin siyasi irsi, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlar, Vətən müharibəsində qazanılmış tarixi Zəfər və milli birlik mövzuları xüsusi yer tutur. O bildirib ki, müəllifin fəaliyyəti yalnız ədəbi yaradıcılıqla məhdudlaşmır, həm də ictimai-humanitar təşəbbüslərlə müşayiət olunur.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qeyd edib ki, Zərifə Quliyeva Azərbaycan qadınının ictimai fəallığını, vətənpərvərlik mövqeyini və dövlətçilik ənənələrinə bağlılığını öz fəaliyyətində uğurla təcəssüm etdirən ziyalılardandır.

Bahar Muradova bildirib ki, müəllifin kitablarında milli ideologiya, dövlətçilik düşüncəsi və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi əsas istiqamətlərdən biridir. O vurğulayıb ki, Zərifə Quliyevanın rəhbərlik və təmsil etdiyi təşkilatlar tərəfindən həyata keçirilən layihələr cəmiyyətin maariflənməsinə, milli-mənəvi dəyərlərin təbliğinə və sosial həmrəyliyin gücləndirilməsinə mühüm töhfə verir.

Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı çıxışında qeyd edib ki, Zərifə Quliyevanın əsərlərində Azərbaycan xalqının mübarizə ruhu, dövlətə bağlılığı və milli həmrəyliyi dolğun şəkildə əks olunur. O bildirib ki, müəllif xüsusilə Zəfər tariximizin gələcək nəsillərə çatdırılması istiqamətində mühüm fəaliyyət göstərir.

Millət vəkili Zərifə Quliyeva ilə tanışlığı, birgə fəaliyyəti ilə bağlı xatirələrini danışaraq onun həm ictimai xadim, həm də ziyalı qadın kimi uzun illərdir milli maraqların müdafiəsi, dövlətçilik ideyalarının təbliği və gənclərin maarifləndirilməsi istiqamətində fəal fəaliyyətindən bəhs edib. O, qey edin ki, müəllifin “Zəfər tariximizin fatehləri” kitabı Azərbaycanın tarixi Qələbəsinin ideoloji və mənəvi mahiyyətini əks etdirən mühüm nəşrlərdəndir.

Qərbi Azərbaycan İcmasının İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu isə çıxışında bildirib ki, Azərbaycanın qazandığı tarixi uğurların əsasında güclü dövlətçilik modeli və milli həmrəylik dayanır. O qeyd edib ki, Heydər Əliyev irsi Azərbaycanın milli maraqlarının qorunması və gələcək inkişaf strategiyasının əsasını təşkil edir.

Hikmət Babaoğlu əlavə edib ki, Zərifə Quliyevanın müəllifi olduğu kitablar tarixi yaddaşın qorunması, milli ideologiyanın təbliği və gənclərin vətənpərvərlik ruhunda formalaşdırılması baxımından xüsusi əhəmiyyətə malikdir.

Tədbirdə çıxış edən digər natiqlər – Milli Məclisin deputatı Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü Tənzilə Rüstəmxanlı, millət vəkili Vüqar İsgəndərov, fizika elmləri doktoru, professor Adilə Abbasova, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə və “Modern Ailə və İnkişaf” İctimai Birliyinin sədr müavini Qalib Əliyev də müəllifin yaradıcılığı və ictimai fəaliyyəti haqqında fikirlərini bölüşüblər.

Çıxışlarda qeyd olunub ki, Zərifə Quliyeva uzun illərdir milli-mənəvi dəyərlərin təbliği, vətənpərvərlik ideyalarının təşviqi və gənclərin maarifləndirilməsi istiqamətində fəal fəaliyyət göstərir. Bildirilib ki, onun müəllifi olduğu kitablar dövlətçilik ideyalarının, Heydər Əliyev siyasi irsinin və Azərbaycanın Zəfər tarixinin təbliğində mühüm rol oynayır.

Natiqlər vurğulayıblar ki, Zərifə Quliyeva həm də ictimai xadim kimi şəhid ailələri, qazilər, ahıllar və gənclərlə bağlı müxtəlif sosial-humanitar layihələrin həyata keçirilməsində fəal iştirak edir. Onun rəhbərlik etdiyi təşkilatlar tərəfindən həyata keçirilən layihələrin cəmiyyətin maariflənməsinə və milli həmrəyliyin gücləndirilməsinə töhfə verdiyi diqqətə çatdırılıb.

Sonda kitabların müəllifi Zərifə Quliyeva çıxış edərək kitabların ərsəyə gəlməsi prosesi, üzərində aparılan araşdırmalar və nəşrlərin əsas ideyası barədə ətraflı məlumat verib.

O, bildirib ki, kitabların təqdimatının Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə təsadüf etməsi tədbirə xüsusi məna və əlamətdarlıq qazandırır. Müəllif çıxışında tarixi köklərinin Qərbi Azərbaycanla bağlı olduğunu da vurğulayaraq, məhz Qərbi Azərbaycan İcmasında bu təqdimatın keçirilməsinin onun üçün böyük mənəvi dəyər daşıdığını bildirib.

Sonda Zərifəiyeva tədbirin yüksək səviyyədə təşkilinə görə təşkilatçılara, iştirakçılara və icma rəhbərliyinə bir daha minnətdarlığını çatdırıb.