Qərbi Azərbaycan İcması
Qərbi Azərbaycan İcmasının Zəngibasar rayon icmasının təşkilatçılığı ilə 16 aprel 2026-cı il tarixində əslən Zəngibasar rayonunun Mehmandar kəndindən olan ictimai xadim, professor Əyyub Əzizovun 90 illik yubileyinə həsr olunmuş “Uzun ömrün şərəfli səhifəsi” adlı tədbir keçirilib.
Tədbirdə Qərbi Azərbaycanın Zəngibasar mahalının Mehmandar kəndindən olan ziyalılar, ictimai xadimlər, elm və təhsil nümayəndələri iştirak ediblər.
Tədbir açılış mərasimi ilə başlayıb, yubilyarın həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Zəngibasar rayon icmasının sədri Mirfaiq Mirheydərli Əyyub Əzizovla bağlı geniş çıxışında onunla tanışlıq tarixini xatırladıb və bildirib ki, 1998-ci ildən başlayan tanışlıq dövrü onun şəxsiyyətini daha yaxından dərk etməsinə imkan yaradıb. O qeyd edib ki, Əyyub müəllim ilk görüşdən sadəliyi, təvazökarlığı və insanlara səmimi münasibəti ilə seçilib. Mirheydərli vurğulayıb ki, ziyalıların böyüklüyü onların sadəliyindədir və Əyyub Əzizov bu mənada örnək bir şəxsiyyətdir. O bildirib ki, yubilyar yalnız Mehmandar kəndinin deyil, bütövlükdə Zəngibasarın və Qərbi Azərbaycanın tanınmış ziyalılarından biridir, onun elmi və pedaqoji fəaliyyəti, eləcə də ictimai mövqeyi böyük hörmət doğurur.
Ardınca çıxış edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli tədbirin əhəmiyyətindən bəhs edərək bildirib ki, belə yubiley tədbirləri artıq ənənə halını alıb və görkəmli ziyalıların xatirəsinin yaşadılması mühüm vəzifədir. O vurğulayıb ki, Qərbi Azərbaycana qayıdış məsələsi bu gün strateji milli hədəfdir və bu istiqamətdə maarifləndirmə işi daha da gücləndirilməlidir. Əziz Ələkbərli çıxışında qeyd edib ki, Əyyub Əzizov kimi şəxsiyyətlər xalqın tarixi yaddaşını yaşadan əsas sütunlardandır. Daha sonra o yubilyarı Fəxri Fərmanla təltif edib.
Təltifdən sonra Əyyub Əzizova xatirə hədiyyələri təqdim olunub.
Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının sədr müavini, pedaqogika elmləri doktoru, professor Fərrux Rüstəmov, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, tədqiqatçı alim Nazir Əhmədli, İrəvan qazısı Bəxtiyar Nəcəfov, Mehmandar İcmasının sədri İsgəndər Qasımov, eləcə də İcmanın qadınlar Şurasının üzvü, texnika üzrə fəlsəfə doktoru, dosent Rahilə Abdullayeva, ADPU-nun dosenti Heydər Cəfərov, Zəngibasar ziyalısı Əsgər Əliyev çıxış edərək yubilyarın zəngin həyat yolu, elmi-pedaqoji fəaliyyəti və Qərbi Azərbaycan ziyalılığı mühitindəki rolunu yüksək qiymətləndiriblər. Müəllim Sevda Nağıyeva də onun pedaqoji xidmətlərindən danışıb.
Sonda söz alan gənc deputat, Qərbi Azərbaycan İcmasının fəal üzvlərindən Mircəlil Qasımov Əyyub Əzizovun həyat yolunun gənc nəsil üçün nümunə olduğunu vurğulayaraq onun elm və pedaqoji sahədəki xidmətlərinin yüksək dəyər daşıdığını bildirib.
Tədbirin bədii hissəsində şagirdlər və incəsənət nümayəndələri tərəfindən Vətənə və doğma yurda həsr olunmuş şeirlər, musiqi nömrələri və kompozisiyalar təqdim olunub.
Sonda yubilyar Əyyub Əzizov çıxış edərək ona göstərilən yüksək diqqət və ehtirama görə təşəkkürünü bildirib. O qeyd edib ki, 90 illik həyat yolunda elm və təhsilə xidmət onun üçün əsas missiya olub. Əyyub Əzizov vurğulayıb ki, müəllimlik yalnız peşə deyil, həm də milli məsuliyyətdir və o, bütün fəaliyyəti boyu gənclərin savadlı, vətənpərvər və milli ruhda formalaşmasına çalışıb. O, Qərbi Azərbaycan həqiqətlərinin yaşadılması və gələcək nəsillərə ötürülməsinin vacibliyini xüsusi qeyd edərək, bu istiqamətdə görülən işləri yüksək qiymətləndirib və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
Qeyd edək ki, Əyyub Əzizov 12 avqust 1934-cü ildə Ermənistanın Zəngibasar rayonunun Mehmandar kəndində anadan olub. 1948-ci ildə ailəsi deportasiya olunaraq müxtəlif bölgələrdə məskunlaşıb. Təhsilini davam etdirərək Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib, müəllim kimi fəaliyyətə başlayıb, daha sonra elmi fəaliyyətlə məşğul olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Kimya İnstitutunda aspirantura təhsili alıb və elmi dərəcə qazanıb. 1969-cu ildən Bakı Dövlət Universiteti ilə bağlı elmi-pedaqoji fəaliyyət göstərərək uzun illər kafedra müdiri olub və kimya tədrisi metodikası sahəsində 200-dən artıq elmi əsərin müəllifi kimi tanınır.