Xəbərlər

“QAÇQINLIQ BİR ANDA BÜTÜN HƏYATINI İTİRMƏKDİR” – VAQIF ŞADLİNSKİ QƏRBİ AZƏRBAYCAN HƏQİQƏTLƏRİNDƏN VƏ QAYIDIŞ HÜQUQUNDAN DANIŞDI
24 iyun 2026, 17:12

Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədr müavini, Vedibasar İcmasının sədri, tibb elmləri doktoru, professor Vaqif Şadlinski qaçqınlıq anlayışının mahiyyətindən, Qərbi Azərbaycan azərbaycanlılarının tarixi taleyindən və doğma yurdlarına qayıdış hüququndan danışıb.

Çıxışına qaçqınlığın insan həyatında yaratdığı ağır izləri ifadə etməklə başlayan Vaqif Şadlinski bildirib ki, qaçqınlıq yalnız yaşayış yerini dəyişmək deyil, insanın bir anda bütün həyatını, xatirələrini və qurduğu dünyanı itirməsi deməkdir.

“Qaçqın nə deməkdir? Bir dəqiqədə bütün varını, dövlətini, yığdığın əşyanı, ehtiyacını itirirsən və səni hara aparırlar, necə aparırlar – bunu bilmirsən. Qarşında kim olacaq, dostun kim olacaq, düşmənin kim olacaq – o da məlum deyil”, – deyə Vaqif Şadlinski bildirib.

O qeyd edib ki, qaçqınlıq taleyi onun üçün də uzaq bir anlayış deyil:

“Doldururdular qara vaqonlara, taxta vaqonlara, yola salırdılar. Bunu mən görmüşəm və yaşamışam”.

Professor vurğulayıb ki, qaçqınlıq tarix boyu müxtəlif xalqların qarşılaşdığı ağır sınaqlardan biri olub. O, Qərbi Azərbaycan azərbaycanlılarının yaşadığı deportasiya və məcburi köç proseslərinə toxunaraq bildirib ki, bu hadisələr uzunmüddətli tarixi proseslərin nəticəsidir.

Çıxışında tarixi mənbələrə diqqət çəkən Vaqif Şadlinski qeyd edib ki, azərbaycanlıların həmin ərazilərdə yaşaması müxtəlif sənədlərlə təsdiqlənir. O bildirib ki, tarixi yaddaşın qorunması və bu faktların gələcək nəsillərə çatdırılması mühüm əhəmiyyət daşıyır.

Professor çıxışında XIX əsr və sonrakı dövrlərdə regionda baş verən köçürülmə proseslərinə də toxunub. O qeyd edib ki, müxtəlif siyasi qüvvələrin bölgədə apardığı siyasət nəticəsində azərbaycanlı əhalinin bir hissəsi doğma yurdlarını tərk etmək məcburiyyətində qalıb.

Vaqif Şadlinski xüsusilə XX əsrdə baş verən deportasiya proseslərini xatırladaraq bildirib ki, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan köçürülməsi və daha sonra 1988-1991-ci illərdə baş verən hadisələr xalqın yaddaşında dərin iz buraxıb.

Çıxışının əsas hissəsini qayıdış məsələsinə həsr edən Vaqif Şadlinski bildirib ki, doğma torpaqlara qayıdış yalnız fiziki dönüş deyil, həm də hüquqların tam bərpası məsələsidir.

“Qayıdan insan evində yaşamalıdır. Qayıdan insanın işi olmalıdır. Qayıdan insanın təhsil alma hüququ olmalıdır və qorunma hüququ olmalıdır”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, beynəlxalq təcrübə göstərir ki, münaqişələrdən sonra davamlı sülh yalnız insanların təhlükəsizliyinin və hüquqlarının təmin olunması ilə mümkündür.

“Qayıdışın mərhələləri olmalıdır. Qayıdan insan öz evində yaşamalıdır. Bu, sadəcə torpağa dönmək deyil, insanın bütün hüquqlarının bərpasıdır”, – deyə professor qeyd edib.

Vaqif Şadlinski çıxışında barışıq və sülh məsələsinə də toxunaraq bildirib ki, dünya tarixində ağır qarşıdurmalardan sonra xalqlar arasında münasibətlərin normallaşması nümunələri mövcuddur.

“Biz barışmağa məhkum olduq. Amma barışmaq üçün hüquq və ədalət lazımdır”, – deyə o bildirib.

Sonda professor Qərbi Azərbaycan məsələsində ictimai fəaliyyətin və maarifləndirmənin vacibliyini vurğulayıb: “Biz insanlarımızı başa salmalıyıq ki, dədə-baba yurdu sahibsiz qala bilməz. Biz oraya qayıtmalıyıq. Qayıdış isə hüquqla, təhlükəsizliklə və ləyaqətlə təmin olunmalıdır”.

Vaqif Şadlinskinin çıxışı qaçqınlıq tarixini şəxsi yaddaş, tarixi faktlar və gələcək qayıdış perspektivi ilə birləşdirən, tədbir iştirakçıları tərəfindən diqqətlə qarşılanan çıxışlardan biri olub.