Xəbərlər

Qarakilsə rayon icmasının kənd icma sədrləri ilə görüş keçirilib
06 oktyabr 2026, 00:02

5 oktyabr 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasında Qarakilsə rayon icmasının kənd icma sədrləri ilə görüş keçirilib.

Görüşdə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Qarakilsə rayon icmasının sədri, professor Nadir Qəhrəmanov və kənd icma sədrləri iştirak ediblər.

Əziz Ələkbərli İcma üzvlərini salamlayıb və Qərbi Azərbaycan İcmasının qarşıya qoyduğu məqsəd və vəzifələrdən, icmaların fəaliyyətinin daha da gücləndirilməsinin əhəmiyyətindən danışıb. O, kənd icmalarının Qərbi Azərbaycanın tarixi yaddaşının qorunması, milli-mənəvi irsin gələcək nəsillərə çatdırılması və soydaşlarımız arasında həmrəyliyin möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıb. İcma sədri kənd icmalarının fəaliyyətinin canlandırılmasının, doğma kəndlərin tarixi ilə bağlı məlumatların, xatirələrin və digər materialların toplanaraq qorunmasının vacibliyini qeyd edib.

Qarakilsə rayon icmasının sədri, professor Nadir Qəhrəmanov da rayon icmasının fəaliyyəti, kənd icmaları ilə əlaqələrin inkişaf etdirilməsi və qarşıda duran vəzifələr barədə fikirlərini bölüşüb. O, kənd icma sədrlərinin üzərinə böyük məsuliyyət düşdüyünü bildirərək, onların icma üzvlərinin bir araya gətirilməsi, yerli təşəbbüslərin dəstəklənməsi və gənclərin bu fəaliyyətə cəlb olunmasında mühüm rol oynadıqlarını qeyd edib.

Sonra çıxış edən kənd icma sədrləri Qərbi Azərbaycan yaddaşının qorunması, kəndlərin tarixi və mədəni irsi ilə bağlı məlumatların gələcək nəsillərə çatdırılması, eləcə də icma üzvləri arasında əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətindən danışıblar. Onlar kənd icmalarının fəaliyyətinin gücləndirilməsi, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və yeni yerli təşəbbüslərin həyata keçirilməsi ilə bağlı təkliflərini səsləndiriblər.

Görüşün sonunda kənd icmalarının fəaliyyətinin daha da aktivləşdirilməsi, qarşılıqlı əlaqələrin gücləndirilməsi və birgə təşəbbüslərin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.