11 sentyabr 2026, 16:03
Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri
Son dövrdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində baş verən proseslər Cənubi Qafqazın gələcəyi ilə bağlı yeni imkanlar yaradıb. Uzun illər münaqişə və qarşıdurma ilə yadda qalan regionda indi sülhün, sabitliyin, kommunikasiyaların açılmasının və xalqlar arasında təmasların genişləndirilməsinin mümkünlüyündən danışılır. Biz Qərbi Azərbaycan İcması olaraq sülh gündəliyini dəstəkləyir, Azərbaycanla Ermənistan arasında münasibətlərin normal qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında qurulmasını vacib hesab edirik. Bununla yanaşı, hesab edirik ki, sülh yalnız dövlətlərarası münasibətlərin normallaşması ilə məhdudlaşmamalı, keçmiş münaqişələrin və deportasiyaların doğurduğu humanitar məsələlərin həllinə də imkan yaratmalıdır.
Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdış məsələsi də məhz bu baxımdan sülh gündəliyinin mühüm tərkib hissəsi olmalıdır. Bizim mövqeyimiz aydındır: sülhə qarşı deyilik, əksinə, sülhün tərəfdarıyıq. Ermənistan nümayəndələri ilə görüşməyə və dialoq aparmağa hazırıq. Biz hesab edirik ki, iki xalqın gələcək münasibətlərinin düşmənçilikdən qarşılıqlı anlaşmaya doğru dəyişməsi üçün belə təmaslara ehtiyac var. Lakin dialoq naminə öz tariximizdən, yaddaşımızdan və doğma yurdlarımıza qayıdış hüququmuzdan imtina etməyəcəyik. Əksinə, sülh prosesinin yaratdığı yeni imkanlardan istifadə edərək bu məsələlərin açıq və konstruktiv şəkildə müzakirə olunmasını istəyirik.
Əgər Ermənistan nümayəndələri ilə belə bir görüş baş tutarsa, biz orada öz mövqeyimizi açıq şəkildə ifadə edəcəyik. Bizim məqsədimiz formal görüş keçirmək deyil. Biz Qərbi azərbaycanlıların tarixindən, doğma yurdlarından deportasiya edilməsindən, bu insanların illər ərzində qoruyub saxladıqları yaddaşdan və qayıdış istəyindən danışacağıq. Eyni zamanda qarşı tərəfi dinləməyə də hazırıq. Çünki dialoq yalnız danışmaq deyil, həm də dinləməkdir. Qarşı tərəfin mövqeyini eşitmək, fikir ayrılıqlarının səbəblərini anlamaq və mümkün həll yollarını müzakirə etmək lazımdır. Biz məhz belə bir dialoqun tərəfdarıyıq.
Mən hesab edirəm ki, bu gün Azərbaycan və Ermənistan münasibətlərində yaranan yeni şərait cəmiyyətlərarası dialoq üçün də imkanlar açır. Dövlətlər arasında əldə olunan razılaşmaların davamlı olması üçün xalqlar arasında etimadın yaranması vacibdir. Bu etimad isə bir gündə formalaşmır. Bunun üçün insanların bir-birini dinləməsi, keçmişin ağrılı səhifələrinə obyektiv yanaşması və gələcəyə dair ortaq təsəvvür formalaşdırması lazımdır. Qərbi Azərbaycan məsələsinin də belə bir dialoq çərçivəsində müzakirə olunmasını vacib hesab edirik.
Bəzən sülh naminə keçmişin müəyyən məsələlərini kənara qoymağın, onların gələcəkdə müzakirə edilməsinin daha məqsədəuyğun olduğu söylənilir. Mən belə düşünmürəm. Keçmişi unutmaqla gələcək qurmaq mümkün deyil. Qərbi azərbaycanlıların yaddaşında doğma kəndləri, şəhərləri, məktəbləri, məscidləri, qəbiristanlıqları, ata ocaqları və həyatlarının ən mühüm xatirələri yaşayır. Bu yaddaş bir nəslin deyil, nəsillərin yaddaşıdır. Biz onu nifrət yaratmaq üçün deyil, həqiqəti qorumaq və gələcəkdə ədalətli həllə nail olmaq üçün yaşadırıq.
Qayıdış məsələsinə də bu prizmadan yanaşmaq lazımdır. Bizim üçün qayıdış keçmişə emosional bağlılığın ifadəsi olmaqla yanaşı, insanların hüquqları ilə bağlı məsələdir. Biz təhlükəsiz, könüllü və ləyaqətli qayıdışdan danışırıq. Bu qayıdışın gələcəkdə hansı hüquqi mexanizmlərlə həyata keçiriləcəyinə, insanların təhlükəsizliyinin necə təmin olunacağına, onların hüquqlarının necə qorunacağına dair məsələlər, əlbəttə, ayrıca müzakirə olunmalıdır. Lakin bu məsələlərin müzakirəsi üçün ilk növbədə qayıdış hüququnun özünün legitim və müzakirəyə açıq məsələ kimi qəbul edilməsi lazımdır.
Bu məsələdə Azərbaycan dövlətinin ortaya qoyduğu siyasi iradə bizim fəaliyyətimiz üçün mühüm dayaqdır. Cənab Prezident İlham Əliyev Qərbi Azərbaycan məsələsini ardıcıl şəkildə sülh və beynəlxalq hüquq müstəvisində gündəmə gətirib. Hələ 2022-ci ildə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanmasını qarşıya vəzifə kimi qoyarkən onun sülhsevər xarakter daşımalı, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmalı olduğunu xüsusi vurğulayıb. Sonrakı dövrdə də dövlətimizin başçısı bu məsələyə münasibətdə prinsipial mövqeyini qoruyub. Bu siyasi xətt Qərbi Azərbaycan məsələsinin qarşıdurma predmeti kimi deyil, hüquqi və humanitar məsələ kimi təqdim edilməsinə mühüm imkan yaradıb.
Cənab Prezidentin bu məsələyə yanaşmasında xüsusilə yüksək qiymətləndirdiyim məqam ondan ibarətdir ki, qayıdış ideyası heç vaxt yeni qarşıdurma çağırışı kimi təqdim olunmayıb. Əksinə, məsələ sülh, beynəlxalq hüquq, təhlükəsizlik və gələcək birgəyaşayış çərçivəsində gündəmə gətirilib. Mən hesab edirəm ki, İcmanın tutduğu mövqe də məhz bu siyasi yanaşma ilə üst-üstə düşür. Biz öz hüquqlarımızı müdafiə etməklə yanaşı, Azərbaycan və Ermənistan xalqlarının gələcəkdə dinc yanaşı yaşaya biləcəyi bir mühitin yaranmasını istəyirik.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən Böyük Qayıdış da bu baxımdan xüsusi məna daşıyır. Uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların öz yurdlarına qayıtması dövlətin siyasi iradəsi və məqsədyönlü fəaliyyəti nəticəsində artıq real prosesə çevrilib. Əlbəttə, Qarabağa və Şərqi Zəngəzura qayıdışla Qərbi Azərbaycana gələcək qayıdış prosesini eyniləşdirmək olmaz. Onların siyasi və hüquqi şərtləri fərqlidir. Lakin burada dəyişməyən bir həqiqət var: insanın doğma yurda bağlılığı zaman keçdikcə yox olmur. Bu gün Qarabağda və Şərqi Zəngəzurda baş verən Böyük Qayıdış həmin həqiqətin canlı nümunəsidir.
Bizim qarşımızda duran məsələ bu gün Qərbi Azərbaycana qayıdış üçün bütün lazımi hazırlığı görməkdir. Tarixi sənədlərin toplanması, deportasiya olunmuş insanların yaddaşlarının qorunması, kənd və şəhərlərimizin tarixinin araşdırılması, toponimlərin, mədəni irsin və digər materialların sistemləşdirilməsi gələcək üçün mühüm əhəmiyyət daşıyır. Biz istəyirik ki, Qərbi Azərbaycan haqqında danışarkən yalnız xatirələrə deyil, elmi araşdırmalara, arxiv sənədlərinə və tarixi faktlara da söykənək. Bu, bizim həqiqətimizi beynəlxalq ictimaiyyətə daha inandırıcı şəkildə çatdırmağımız üçün vacibdir.
Bütün bunlarla yanaşı, biz Qərbi Azərbaycan məsələsinin gələcək nəsillərə düzgün çatdırılmasına xüsusi əhəmiyyət veririk. Gənclər öz ata-babalarının yaşadığı torpaqları, həmin ərazilərin tarixini və mədəni irsini bilməlidirlər. Amma bizim gənclərə ötürmək istədiyimiz əsas hiss nifrət deyil, yaddaşdır. Öz tarixini bilən, hüquqlarını tanıyan və eyni zamanda başqa xalqların hüquqlarına hörmət edən nəsil gələcəkdə daha sağlam münasibətlərin qurulmasına daha böyük töhfə verə bilər.
Bizim Ermənistanla mümkün dialoqa münasibətimiz də bu yanaşmaya əsaslanır. Biz danışmağa hazırıq, amma susmağa hazır deyilik. Biz sülh istəyirik, amma sülhün Qərbi azərbaycanlıların hüquqlarının unudulması hesabına əldə edilməsini istəmirik. Biz gələcək münasibətlərin düşmənçilik üzərində deyil, qarşılıqlı hörmət və hüquqların tanınması üzərində qurulmasının tərəfdarıyıq. Bu baxımdan qayıdış məsələsinin sülh gündəliyində qalması heç bir halda sülhə maneə deyil. Əksinə, əgər həqiqətən dayanıqlı sülh istəyiriksə, keçmişdən qalan humanitar məsələləri də həll etməyə hazır olmalıyıq.
Mən inanıram ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin gələcəyi yalnız siyasi sənədlərlə müəyyənləşməyəcək. Bu gələcək həm də xalqların bir-birinə münasibətindən, keçmişin necə qiymətləndirilməsindən və gələcəyə hansı prinsiplərlə baxılmasından asılı olacaq. Biz yeni qarşıdurma istəmirik. Biz istəyirik ki, bir vaxtlar öz doğma yurdlarından deportasiya edilmiş insanlar gələcəkdə həmin torpaqlara təhlükəsiz və ləyaqətli şəkildə qayıda bilsinlər. Bunun yolu isə qarşıdurmadan deyil, sülhdən, dialoqdan, hüquqdan və qarşılıqlı etimaddan keçir.
Qərbi Azərbaycan İcması olaraq biz bu yolda üzərimizə düşən vəzifəni yerinə yetirməyə davam edəcəyik. Sülh prosesini dəstəkləyəcək, Ermənistan nümayəndələri ilə dialoqa hazır olduğumuzu bildirəcək, Qərbi azərbaycanlıların qayıdış hüququnu beynəlxalq hüquq müstəvisində müdafiə edəcək və tarixi yaddaşımızı qoruyacağıq. Cənab Prezident İlham Əliyevin müəyyən etdiyi sülhsevər və prinsipial siyasi xətt bizim fəaliyyətimiz üçün mühüm istiqamətverici əsasdır. Bizim məqsədimiz keçmişi yenidən yaşamaq deyil, keçmişin ağrılı nəticələrini gələcəyin sülhü və ədaləti ilə aradan qaldırmaqdır.
Sülh bizim üçün qapalı bir səhifə deyil, yeni bir başlanğıcdır. Amma bu başlanğıcın həqiqi və davamlı olması üçün həmin səhifədə Qərbi azərbaycanlıların da hüquqları görünməlidir. Biz buna inanırıq və bu inamla da sülhə, dialoqa və qayıdışa doğru yolumuza davam edirik.